Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:14

ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi


ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib.

Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanunun təsir dairəsini qloballaşdırır.

Başqa sözlərlə 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, lakin dekabrın 8-də qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır.

Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

Bu qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir.

Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur.

Azərbaycanda tanış adlar Ben Cardin, Chris Smith...

ABŞ-da mənzillənmiş Freedom House bu qanunun qəbulu ilə bağlı bəyanat verib.

Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənlərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib.

Konqresmen Chris Smith
Konqresmen Chris Smith

Freedom House Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb.

Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar John McCain və Ben Cardin-in, habelə konqresmen Chris Smith-in adları çəkilir.

Burada adı çəkilən konqresmen Chris Smith Helsinki Komissiyasının sədri kimi düz bir il əvvəl Azərbaycanda insan haqlarının kobud pozulması ilə bağlı “Azərbaycanda Demokratiya haqqında qanun” layihəsini (Azerbaijan Democracy Act of 2015 (H.R. 4264) Konqresə təqdim etmişdi.

Bu qanun layihəsində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinə və onlarla biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edənlərə, habelə təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə ABŞ vizasından imtina edilməsindən başqa, bir sıra maliyyə cəzalarının tətbiq edilməsi də nəzərdə tutulur.

Lakin dekabrın 8-də qəbul edilmiş qanun artıq hər ölkəyə aid ayrıca qanunvericilik aktlarının qəbuluna hüquqi baxımdan ehtiyac qoymur.

Freedom House: “Qanunun Azərbaycan rəsmilərinə tətbiqi mümkündür”

Daniel Calingaert
Daniel Calingaert

Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosuna müsahibəsində deyib ki, bu qanunun Azərbaycana tətbiqi tamamilə mümkündür.

Qanunun müddəalarından birinə görə Konqressin müəyyən üzvləri, vətəndaş cəmiyyəti üzvləri sanksiyalar üçün fərdlərin adlarının sanksiyalar siyasına əlavə edilməsini təklif edə bilərlər.

Daniel Calingaert: Qanunun Azərbaycana tətbiqi tamamilə mümkündür
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

Qanunun müddəalarından görünən budur ki, konkret şəxslərə sanksiyaların tətbiqi ABŞ prezidentinin səlahiyyətindədir.

Cənab Calingaert bunu təsdiqləyib, lakin deyib ki, burada Konqresin və vətəndaş cəmiyyətinin təsiri unudulmamalıdır.

Spesifik fərdlərin sanksiya siyahısına salınmasını Konqresin müəyyən üzvləri də rica edə bilərlər. Prezident sanksiya siyahısındakı adları ictimaiyyət üçün açıqlamağa borcludur. Əgər Konqresin təklif etdiyi müəyyən adlar prezidentin sanksiya siyahısına salınmayıbsa, prezident bunun səbəbini izah etməlidir.

Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosuna müsahibəsində deyib ki, ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik maraqları olsa da lazım gələrsə, müəyyən rəsmilərə qarşı sanksiyaların tətbiqi üçün siyasi iradə olacaq.

“Mən başa düşürəm ki, prezident administrasiyasında bir sıra rəsmilər kimlərinsə adlarının sanksiya siyahısına düşməməsini istəyə bilərlər. Yeni qanunun əhəmiyyəti də burasındadır ki, o sanksiya üçün adların Konqres üzvləri tərəfindən verilməsini də nəzərdə tutur. Amerikanın insan haqları qrupları da sanksiyaların tətbiq olunması üçün Azərbaycan rəsmilərinin adlarını təqdim edə bilər. Yəni burada böyük bir təzyiq olacaq” – deyib Daniel Calingaert.

XS
SM
MD
LG