Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:00

'Əhalini əlindəki dolları satmağa sövq edirlər'


A.Lapshin-in Azərbaycana ekstradisiyası.
A.Lapshin-in Azərbaycana ekstradisiyası.

Bloqqer Alexander Lapshin-in Belarusdan Azərbaycana ekstradisiyası, manatın bahalaşma səbəbləri, kapital axını və qiymət artımı bu gün medianın aparıcı mövzusudur...

ÜÇ HADİSƏ ƏTRAFINDA...

«Azərbaycan» qəzetində «Bir günün tarixə yazılan üç hadisəsi» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, fevralın 7-si Milli Qəhrəman Mübariz İbrahimovun ad günüdür. Bu gün həm də əsgər Çingiz Qurbanova Milli Qəhrəman adı verilib.

Yazıda üçüncü hadisə kimi Ukrayna, Rusiya və İsrail vətəndaşı, bloqqer Alexander Lapshin-in Belarusdan Azərbaycana ekstradisiya edilməsi vurğulanır.

Müəllif yazır ki, M.İbrahimov və Ç.Qurbanov Ermənistan silahlı birlikləri ilə döyüşlərdə həlak olublar. Hər iki əsgərin cəsədi bir müddət qarşı tərəfin əlində qalıb. Meyitlər dövlət başçısı İlham Əliyevin səyi ilə geri alınıblar.

Müəllif dövlət başçısının onlara fərqləndirici adlar verməsini belə şərh edir: «Bu, qədirbilənlikdir, hörmət və məhəbbətdir, həm də prinsipiallıqdır...».

Yazıda A.Lapshin isə Azərbaycan dövlət sərhədlərini dəfələrlə pozan, onun əleyhinə çağırışlar edən şəxs kimi təqdim olunur.

Müəllif bloqqerin ekstradisiyasında dövlət başçısının da xüsusi rol oynadığını bildirir: «İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, beynəlxalq aləmdəki nüfuzu, diplomatik məharəti bu dəfə də özünü göstərdi...».

Bakıda valyutadəyişmə məntəqəsi.
Bakıda valyutadəyişmə məntəqəsi.

DOLLARI YIĞMAQ «TƏLƏ»Sİ

Azadliq.info saytında «Əhali bankların «dollar tələsi»nə düşür» sərlövhəli məqalədə son vaxtlar manatın dollara nisbətdə bahalaşması fonunda baş verən hadisələr dəyərləndirilir.

Müəllif yazır ki, son bir neçə gündə Azərbaycanda dolların xeyli ucuzlaşması əhalini təşvişə salıb: «Belə ki, əlində olan dollarını satan vətəndaşlar kəskin artıb. Tendensiya «qara bazar»a müraciət edənlərin sayında da özünü göstərib».

Yazıda «qara bazar»dakı vəziyyət belə təqdim edilir: «Dollar 1.87 manata yüksələndə, bu qədər dollar satan yox idi. Fevralın 7-dən etibarən hamı 1.75 manatdan əlində olan valyutalarını satmağa başlayıb».

Yazıda vurğulanır ki, əhalinin satmaq istədiyi valyutanın həcmi 1000 dolları keçmir. Bu isə sadə insanların təşviş içərisində olduğunu göstərir.

Yazıda son günlər baş verənlər ümumilikdə əhalinin «dollar tələsi»nə düşməsi kimi dəyərləndirilir. İqtisadçı-ekspertlər də sayta bildiriblər ki, Azərbaycanda manatın dollara nisbətən möhkəmlənməsinin iqtisadi əsasları yoxdur.

Müəllif özü baş verənləri belə izah edir: «Dolların müvəqqəti ucuzlaşdırılmasına nail olanlar bundan sonra da onun daha da ucuzlaşacağı görüntüsü yaradaraq, əhalini əllərində olan valyutanı satmağa sövq etməyə çalışırlar».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

ÖLKƏDƏN KƏNARA ÇIXAN VƏ YASTIQ ALTINDA QALAN KAPİTAL

«Exo» qəzetində «Azərbaycandan kapital axını davam edir» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Oqtay Haqverdiyev qəzetə deyib: «Azərbaycanın kommersiya bankları depozit axınının ən yüksək həddini yaşayır. Əhali depozitlərinin həcmi 2 milyard manatdan da çox azalıb. Bu isə kredit qurumlarının fəaliyyətinə ciddi təsir göstərib».

Ekspert vurğulayıb ki, problem təkcə depozitlərin azalmasında deyil. Banklar kreditləşmə imkanlarını itirirlər: «2016-cı ildə çoxsaylı fiziki və hüquqi şəxslər öz əmanətlərini banklardan geri çəkiblər. Onların bir hissəsi öz vəsaitlərini götürməyə sadəcə məcbur olublar. Çünki yaşamaq üçün başqa vəsaitləri olmayıb».

Ekspertə görə, depozit axının əsas səbəbi əhalinin ölkənin bank sisteminə etimadını itirməsidir: «Demək olar ki, ilk devalvasiyadan və bəzi bankların ləğvindən sonra depozitlərin həcminin azalması baş verib. Hər ay banklar əmanətlərin müəyyən hissəsini itirib. Azərbaycanın maliyyə qurumları əmanətlərin itirilməsinin ən yüksək həddini keçib. İrihəcmli əmanətçilər öz kapitallarını artıq xaricə çıxarıblar».

O.Haqverdiyev deyib ki, bəziləri pullarını xarici bank hesablarına köçürüblər. Bəziləri də xaricdə daşınmaz əmlaklar alıblar.

Ekspertin fikrincə, ölkədən kapital çıxarılması indi də davam edir. Pullarını «balış» altında saxlayanlar isə çox azdır.

O.Haqverdiyev deyib ki, indi Azərbaycanda pullarını evdə saxlamaq bankda saxlamadan daha təhlükəsizdir.

Ekspert Vüqar Bayramlı da statistik göstəricilərə istindən vurğulayıb ki, Azərbaycanda banklara inam qalmayıb.

Ekspert qeyd edib ki, 2015-ci ilin fevral devalvasiyasına kimi banklarda 9 milyard manata qədər depozit olub. 2015-ci ilin noyabrına kimi isə bu rəqəm 7 milyard manata qədər azalıb: «Dekabr devalvasiyası isə manata etimadsızlığı daha da gücləndirdi, buna görə depozit axını da gücləndi».

Əli Əhmədov
Əli Əhmədov

HƏYƏCAN TƏBİLİ ÇALINMALIDIR

«Novoye Vremya» qəzetində isə «Həyəcan təbilini necə çalmayasan?» sərlövhəli məqalə diqqət çəkir.

Yazının əvvəlində bu günlər baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun qiymət artımı ilə bağlı fikirləri dəyərləndirilir. Ə.Əhmədov jurnalistlərə açıqlamasında ölkədə qiymət artımını etiraf edib. Ancaq o, ardınca da belə deyib: «Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam».

Müəllif isə yazır ki, hökumət təmsilçilərinin nə deməsindən asılı olmayaraq, qiymətlər hər gün artır və artıq əhalinin məişətinə, sosial durumuna ciddi problemlər yaradıb.

Yazıda vurğulanır ki, qiymət artımı manatın dəyərsizləşməsi fonunda baş verir. Ancaq son günlər manatın nisbətən güclənməsinə baxmayaraq, qiymətlər enmir.

Müəllif qiymət artımının qarşısını almaqdan ötrü hökumətin atdığı addımların effekt verəcəyinə də şübhə edir: «İqtisadiyyatın ümumi sağlamlaşdırılması olmadan bahalaşmanın qarşısını almaq asan olmayacaq. Digər tərəfdən isə ilk növbədə inflyasiyanın qarşısı alınmalıdır».

Yazıda hökumət rəsmisinin narahatlığa əsas görməməsi də tənqid edilir: «Pensiyaçılara görə necə narahat olmayasan və necə həyəcan təbili çalmayasan? Adi vətəndaşların ağır həyatı ilə yüksəkrütbəli məmurların dəbdəbəli həyatı heç bir müqayisəyə gəlmir...».

XS
SM
MD
LG