Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:13

Hollywoodun yeni parlayan ulduzu Ryan Gosling və ona uğur gətirən filmləri


Ryan Gosling "La La Land" filminin təqdimatında.
Ryan Gosling "La La Land" filminin təqdimatında.

Zaman dəyişir, nəsillər dəyişir. Onlarla birlikdə idollar da. Dünən Marlon Brando, Al Pacino, Robert De Nironun qapılarında keşik çəkənlərin övladlarının, nəvələrinin bu gün öz ulduzları, öz kumirləri var. Yeni nəsil Hollivud ulduzlarından biri də gənc aktyor, “People” jurnalının apardığı sorğuya görə “20 ən çox yaraşıqlı subay”lardan biri, 2016-cı ilin ən məşhur filmi – “La La Lend”də baş rolun ifaçısı Ryan Gosling'dir.

Kanadalı aktyor, ABŞ Kinotənqidçiləri Milli Şurasının mükafatının sahibi, iki dəfə “Oskar”a namizəd, “Qızıl qlobus” mükafatı laureatı Ryan Thomas Gosling 1980-ci il noyabrın 12-də Kanadada, Ontario vilayətində yerləşən London adlı şəhərcikdə, kağız fabrikində fəhlə işləyən Thomas Gosling və katibə Donna Goslingin ailəsində dünyaya gəlib.

Buna da bax: 'La La Land' rekordları qırıb – 7 mükafat alıb

Ryan anadan olandan bir müddət sonra ailə Kornuoll şəhərinə köçür. Balaca Ryanın məktəb macərası da bu şəhərdə başlayır. Tezliklə o “Trouble” təxəllüsünü qazanır, çünki, az qala, hər gün dava salır. Ona görə də beşinci sinifdə valideynləri onu məktəbdən çıxardıb evdə təhsil verməyə başlayırlar.

13 yaşında özünü ifadə eləməyə çalışan Ryan Gosling populyar “Mikki Maus klubu” şousuna kastinqə yollanır. Gözəl səsi ilə münsifləri heyran edən Ryan proqrama qəbul olunur və iki il boyunca Amerikanın gələcək ulduzları Britney Spears, Justin TimberlakeChristina Aguilera ilə birlikdə şouda iştirak edir, “Disney” kanalının istehsal etdiyi filmlərdə, verilişlərdə çəkilir.

Beləcə, aktyorluq üzrə heç bir təhsili olmayan Goslingin sənət karyerası başlayır. Ryan hər şeyi atıb Yeni Zellandiyaya, “Heraklın gəncliyi” serialının çəkilişlərinə yollanır.

Bir neçə ikinci dərəcəli rollardan sonra 2000-ci ildə Ryan Gosling'i “Titanları xatırlayarkən”, 2001-ci ildə isə “Fanat” filmlinə dəvət edirlər.

“Fanat” filmində Ryan skinhead hərəkatının liderlərindən biri, yəhudi mənşəli Denni Balintin obrazını canlandırırdı. Bu film onun karyerasında uğurun ilk pilləsi olur: Gosling Moskva Kinofestivalında “ən yaxşı kişi rolu” nominasiyasında “Qızıl Müqəddəs Georgi” mükafatına layiq görülür, ABŞ-da məşhurlaşır.

Aktyor müsahibələrinin birində deyir ki, anası filmə baxandan sonra hamama girib və düz bir saat orda ağlayıbmış.

Aktyor Ryan Gosling "Mart idaları" filmində oynadığı aktyor George Clooney ilə birlikdə.
Aktyor Ryan Gosling "Mart idaları" filmində oynadığı aktyor George Clooney ilə birlikdə.

“Fanat” filminin uğurundan sonra Goslingə gələn rol təkliflərinin sayı artır, aktyor bir-birinin ardınca “Qəssabxana qanunu” (2002), “Qətllərin hesablanması” (2002), “Lilanda birləşmiş ştatları” (2003), “Yaddaş gündəliyi” (2004), “Getmə” (2005) filmlərində çəkilir.

2006-cı ildə çəkildiyi “Yarım-Nelson” filmi isə aktyoru uğurun zirvəsinə qaldırır. Qosling bu filmdə oynadığı narkoman tarix müəllimi roluna görə bir neçə nüfuzlu kino mükafatı qazanır, “ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”a nominant olur. “Paste” jurnalı “Yarım-Nelson”a “onilliyin 50 ən yaxşı filmləri” siyahısında 16-cı yeri verir.

2007-ci ildə çəkildiyi “Lars və əsl qız” və 2010-cu ildə çəkildiyi “Mavi valentin” filmləri Ryanı “Qızıl Qlobus” mükafatına namizəd edir.

Premyerası Sundance festivalında baş tutan “Mavi Valentin” filmində Ryanın tərəf müqabili olmuş aktrisa Michelle Williams Gosling haqqında danışarkən “Onun həmişə gizli qalan bir tərəfi var. Qəflətən elə bir şey öyrənirsən ki, Ryan haqqında təsəvvürlərini alt-üst edir. Heç ağlınıza gələr ki, Ryan kimi kişilik mücəssəməsi balet dərsləri alır? Əgər mən Ryana çatmağa çalışsaydım, ondakı enerji və sürət buna imkan verməzdi. Onun kimi oğlanları yaxşı tanıyıram, adamı havasız qoyurlar” deyirdi.

2001-ci ildə aktyor George Clooney-in “Mart idaları” adlı siyasi dramında ambisiyalı mətbuat katibi rolunu oynayır. Müsahibələrinin birində Ryan bu filmə çəkilənə qədər siyasətlə qətiyyən maraqlanmadığını deyir: “Çəkilişlərə hazırlaşana qədər siyasətdən bir qram da başım çıxmırdı. Mən kanadalıyam və ABŞ-ın siyasi sistemi ilə tanışlığım həddindən artıq səthidir. Hərçənd dünyagörüşünü genişləndirmək heç vaxt gec deyil”.

“Mart idaları” filmi premyeradan sonra 65 milyondan çox gəlir gətirir, Ryan isə “Ən yaxşı kişi rolu” nominasiyasında “Qızıl Qlobus”a namizəd olur.

Buna da bax: Emma Stone: 'Ölüm qorxusunun müsbət tərəfi yaşamaq həyəcanıdır'

Ən gəlirli filmlərdə çəkilməyinə, karyerasının ən parlaq dövrünü yaşadığına baxmayaraq, 2013-cü ildə aktyor fasilə vermək istədiyini, Holliywooddan yorulduğunu bəyan edir:

“Mən həddindən çox çəkilmişəm. Düşünürəm ki, fasilə vermək və məşğul olduğum işə, onun keyfiyyətinə təkrar nəzər salmaq pis olmazdı. Tamaşaçılarım məndən nə qədər yorulublarsa, bir o qədər də özüm özümdən yorulmuşam”.

Ryan fasilə verir, ancaq sadəcə Hollywooda. Aktyor özünü rejissor və ssenarist kimi sınamaq qərarına gəlir və “Bədheybəti necə tutmaq olar?” adlı film çəkir.

Ryan Gosling və Emma Stone "La la Land" müziklində.
Ryan Gosling və Emma Stone "La la Land" müziklində.

Və nəhayət, 2016-cı ildə Ryan Gosling “La La Lend” filmi ilə həm kassaları, həm də pərəstişkarlarının qəlbini yenidən fəth edir. Premyerası 2016-cı il avqustun 31-də Venesiya Beynəlxalq Festivalında baş tutan “La La Lend” 74-cü “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimində namizəd olduğu nominasiyaların sayına görə rekord vurur, onlardan yeddisinin qalibi olur, 2017-ci ildə isə 89-cu “Oskar” mərasimində altı nominasiyada mükafata layiq görülür.

Ryan Gosling sadəcə aktyor deyil, həm də musiqiçidir. Mahnılar bəstələyir, onları gitarada, fortepioanoda ifa edir, “Dead Man's Bones” qrupunun üzvüdür.

Həmçinin şəxsi biznes sahibidir – Beverli-Hills-də mərakeş mətbəxi üzrə ixtisaslaşmış “Tagine” adlı restoranı var.

Aktyor böyük kinoya ilk addımlarını atdığı gündən həm filmləri, həm də şəxsi həyatı ilə diqqətləri cəlb eləməyi bacarıb. Qoslingin həyatından Sandra Bullockdan tutmuş Famke Janssenə qədər bir çox aktrisalar keçib.

İlk uzunmddətli münasibəti isə “Yaddaş gündəliyi” filmində tərəf müqabili olmuş Rachel McAdamsla olub – üç il beş ay.

Ryan Raychel haqqında danışanda “Düşünürəm ki, “Yaddaş gündəliyi”nə Tanrı xeyir-dua vermişdi. Bu film sayəsində dünyanın ən yaxşı sevgilisi ilə tanış olmuşdum. İnsanlar elə bilirdilər ki, bizim sevgimiz filmdəki qəhrəmanlarımızın sevgisi qədər gözəldi. Bizi də elə bu məhv elədi. Çünki bizim sevgimiz daha romantik idi - əsl sevgi cəhənnəmi. Bir dəfə biz yuxarı qalxdıq, ya da göylərdən yerə endik – ayrılmaq qərarına gəldik”.

2011-ci ildə Ryan aktrisa və model Eva Mendeslə görüşməyə başlayır. Onların münasibəti hələ də davam edir, Esmeralda AmadaAmanda Lee Gosling adında iki qızları var.

Buna da bax: "La-la Land" müzikli Britaniyada ilin ən yaxşı filmi seçilib

Ryan Gosling
Ryan Gosling

Müsahibələr zamanı Ryandan ailə və uşaqlara münasibəti haqqında soruşanda:

“İnsan bütün ömrü boyu övlad sahibi olmağın yaxşı və pis cəhətləri haqqında müxtəlif sözlər eşidir. Onların hamısı klişedi. Amma eyni zamanda hamısı həqiqətdi. Mən elə bilirdim, hər şey başqa cür olacaq, ancaq insan özü bunu yaşamamış o sözləri deyənlərin nəyi nəzərdə tutduqlarını anlamır. Mən, yalnız yaşadığım həyat şərtlərində uşaq sahibi olmağın nə demək olduğunu bilirəm. Eva - ideal anadı. Mənim qızlarım – ideal uşaqlardı. İndi sahib olduğum hər şey – hansısa bir arzudu. Sanki hamısını yuxuda görürəm. Mən ailə qurmaq ideyasına heç vaxt romantik yanaşmamışam, hər şey öz-özünə alınıb. Sadəcə günlərin bir günü həyatım dəyişdi. Yaxşı ki, belə oldu. Tanrıya şükür” deyir.

XS
SM
MD
LG