Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:30

AMF müəllimlərin işdən çıxarılmasını pisləyir


Əflatun və Ülkər Əhmədli
Əflatun və Ülkər Əhmədli

Amerika Müəllimlər Federasiyası (AFT) Azərbaycanda müxalif partiyanın üzvü olan müəllimlərin işdən çıxarılmasını pisləyib.

«Amerika Müəllimlər Federasiyasının 1.6 milyon üzvü adından yazıram ki, siyasi partiya mənsubiyyətinə görə hədələrə məruz qalan, sonra isə işdən azad edilən Azərbaycan müəllimləri haqqında eşitdikdə yaşadığımız sarsıntını ifadə edim», - deyə AFT-nin katibi Lorretta Johnson Azərbaycan prezidenti İlham Əliyevə müraciətində bildirib.

Müraciətdə vurğulanır ki, Azərbaycanda müəllimlər bir çox fəallarla birlikdə repressiyaların mərkəzindədirlər. Bir neçə müəllim aprelin 8-də Bakıda keçirilən müxalifətin mitinqində iştiraka görə işdən çıxarılıb. «Bu, 10-larla fəalın, jurnalistin və siyasi rəqiblərin həbslərindən ibarət narahatlıq doğuran modelin elementlərindən biridir. Baş verənlər hüquq müdafiəçilərini ölkənizdə vətəndaş cəmiyyətinin iflic və mühasirə vəziyyətində olduğunu təsvir etməyə məcbur edib», - deyə L.Johnson yazır.

***Buna da bax-Cəbhəçi və xanımı işdən çıxarılıb

Müraciətdə yerli KİV-lərə istinadən bildirilir ki, aprelin 27-də AXCP üzvü, fizika müəllimi Əflatun Əhmədli Neftçala rayonu Mayak kəndinin 1 nömrəli məktəbindən, onun həyat yoldaşı, rus dili müəlliməsi Ülkər Əhmədli isə 3 nömrəli məktəbdən çıxarılıb.

Bundan başqa, müraciətdə xatırladılır ki, başqa bir AXCP fəalı Cəlil İmanov da tarix müəllimi vəzifəsindən azad olunub.

«Hökumətinizin növbəti addımları Azərbaycanda vətəndaş hüquqları və siyasi hüquqlar üçün əhəmiyyətli olacaq. AFT insan hüquqlarının müdafiəsinə, şəffaflığa və düzgün idarəetməyə çağıran bütün azərbaycanlıların işlərini dəstəkləyir», - deyə L.Johnson məktubunda bildirir.

Ancaq yerli təhsil şöbələri sözügedən müəllimlərin işdən çıxarılma səbəblərini onların mitinqdə iştirakı ilə izah etməyiblər. Neftçala rayon Təhsil Şöbəsindən bildiriblər ki, Əflatun və Ülkər Əhmədli intizam qaydalarını pozublar. Məktəbdə siyasətlə məşğul olaraq, hakimiyyət əleyhinə danışıblar. Cəlal İmanovun işdən çıxarılması isə onun qanunsuz yerdəyişmə ilə işə götürülməsi ilə izah edilib.

XS
SM
MD
LG