Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Musiqi valları niyə qayıdır?


Bütün dünyada, xüsusən də Qərbdə, Yaponiya və Avstraliyada köhnə musiqi valları böyük qayıdışını yaşayır. Bu qayıdışı bəzən də “vinil inqilabı” adlandırırlar.

Valların “vynil” adlandırılmasının səbəbi onların polivinil-xlorid kimyəvi maddəsindən hazırlanmasıdır.

Musiqilərin indi daha çox telefon, kompüter və USB-lərdən dinlədildiyi müasir dövrdə bu qayıdış bir çoxları üçün gözlənilməz olub.

Ötən il Britaniyada musiqi vallarının satışı rəqəmsal endirmələri tarixdə ilk dəfə olaraq geridə qoyub.

Britaniyanın HMV musiqi ticarətçisinin məlumatına görə ötən Milad bayramının ərəfəsində dəqiqəyə bir val satılırmış.

Avstraliyada ötən il 15 milyon val satılıb. Bu ölkədə val satışı artıq altıncı ildir ki, yüksəlişdədir.

Bu yaxınlarda musiqi nəhəngi Sony bəyan edib ki, 1989-cu ildən bəri ilk dəfə olaraq musiqi vallarının kütləvi istehsalına başlayır.

Sony yeni valların istehsalı üçün basma-pressinq zavodunun açılışını gələn ilin martında edəcək.

Britaniyada yeni vallar o qədər populyarlaşıb ki, onların Sainsbury's və Tesco kimi supemarketlərdə satışı 2015-ci ilədək 800 faiz artıb!

Ən çox satılan 10 valın arasında Pink Floyd qrupunun “Ayın qaranlıq tərəfi” (Dark Side of the Moon), David Bowie-nin “Miras” (Legacy), Ed Sheeran-ın “Bölünmə” (Divide) albomları da var.

Hansı daha yaxşıdır?

Bəs görəsən, 1980-ci illərdə kompakt disklər və maqnit lentli kassetlər tərəfindən tamamilə sıxışdırılaraq kökü kəslimiş bir texnologiya niyə qayıdır?

Ekspertlər bunu “fiziki proses” adlandırırlar. Bəzilərinin qənaətinə görə vallarda musiqi rəqəmsal texnologiyalarda olduğundan fərqli səslənir.

Musiqinin rəqəmsal vasitələrdə, disklərdə və ya maqnit lentlərində, yoxsa vallarda daha yaxşı səslənməsi məsələsində hətta ekspertlər arasında da mübahisələr var.

Bir sıra mütəxəssislər inanırlar ki, disklər və kassetlər valın verdiyi musuqi keyfiyyətini heç vaxt təkrar edə bilməyəcək. Onların fikrincə iynənin val cığırları ilə sürüşməsindən doğan səs, yağışın, küləyin, təbilətin səsi kimi mexanikidir və qulağa daha doğma gəlir.

Əlbəttə, ekspertlərin çoxu belə bir yanaşmanı qəbul etmirlər. Onlar deyirlər ki, əksinə valın üstündəki mexaniki cığırlar səsin heç də bütün incəliklərini ifadə edə bilmir.

Rocktherapy Records mağazasının sahibi Fraser McLay deyir ki, valların öz azarkeşləri var və onların sayı getdikcə artır.

McLay-in fikrincə, əsl musiqi xiridarlarına valı paketindən çıxarıb qramofonun üstünə qoymaq və onun xışıltısını eşitmək əsl sövq verir.

Onun sözlərinə görə, xüsusilə də yaşlı nəsil üçün vallar ayrı bir məna daşıyır.

Bununla belə, musdiqi taciri val kolleksiyaçılarına xəbərdarlıq edir ki, 1970 və 1980-ci illərdə satılan məşhur mahnı vallarına çox da meyl göstərməsinlər. O vaxtlar musiqini yazmaq üçün başqa vasitə olmadığından ən yaxşı mahnıların valları milyonlarla buraxılırdı və deməli, onlar heç indi də nadir nüsxə sayılmayacaq.

Əllə toxunulan xatirə

Avstraliyadakı Crackle and Pop Records musiqi mağazasının sahibi Mark Cnotek deyir ki, adamlar “əllə toxunula biləcək xatirə” istəyirlər və bu mənada val ən qiymətli yadigardır.

Cnotek bildirir ki, müasir vasitələr əlbəttə, populyar olmaqda davam edəcək, lakin valların xatirə kimi saxlanmaq üstünlüyü var.

Cnotek-in fikrincə valların populyarlaşması təkcə səs keyfiyyəti ilə bağlı deyil. Bu fəlsəfi məsələdir.

Bəzi ekspertlər bildirirlər ki, müasir valların əksəriyyəti onsuz da rəqəmsal vasitələrdən köçürülür və buna görə də keyfiyyətcə onlardan fərqlənmir.

“Burda söhbət bir şüşə şərabı açmağın və sonra da musiqiyə qulaq asmağın zövqündən gedir, - deyir Cnotek, - Burada musiqiləri asanca dəyişə bilmirsən. Valı qoydunmu, alboma sonadək qulaq asacaqsan. Albomu yazan da onu belə dinlənilmək üçün yazıb”.

Musiqi tacirinin sözlərinə görə, sürətli rəqəmsal musiqi əsrində, val bir növ rahatlıq sığınacağı kimidir.

XS
SM
MD
LG