Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:10

“Sonra da dedilər, "daha bizlik deyil"”


arxiv
arxiv

Ağdaşda yeni doğulmuş körpəsi ölən ana həkimləri günahlandırır

"Nə qədər körpə ölümü olar? Tanıdığım 10 ailədən azı 3-ündə uşaq ölümü var. Son vaxtlar ən çox qorxduğum hadisə öz başıma da gəldi".

Məryəm Qocayevanın 23 yaşı var. Bir neçə gün əvvəl ikinci dəfə ana olub. Ancaq sevinməyi elə dördcə gün çəkib. Vəziyyəti ağırlaşan körpə həkimlərin əlində keçinib.

“VAXTINDA VERMƏLİYDİLƏR”

M. Qocayeva Ağdaşın Yengicə kəndində yaşayır. Elə həmin rayonun Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Ana hesab edir ki, körpəsi həkim məsuliyyətsizliyi üzündən əldən gedib:

"Xəstəxananın doğum şöbəsinin pediatrı Rəhilə Xəlilova əvvəl dedi ki, uşaq tam sağlamdır. Ancaq iyunun 27-dən 28-nə keçən gecə dedi, körpə sarılığa tutulub, müalicə edib sağaldacaqlar. Uşaq doğulan gündən normal idi, qidası da, hər şeyi qaydasında idi. Küveyzin altına qoydular, orda vəziyyəti daha da ağırlaşdı. Halbuki, vaxtında verməliydilər, aparıb normal bir xəstəxana tapıb uşağı müalicə etdirməliydik. Vaxtımızı aldılar, uşağı ağırlaşdırandan sonra verdilər qoltuğumuza, dedilər, ‘daha bizlik deyil’".

“DEDİLƏR, GEC GƏTİRMİSİZ”

Körpənin vəziyyəti son həddə çatanda həkimlər anaya tövsiyə ediblər ki, Bakıdakı xəstəxanalara müraciət etsin. Lakin artıq gec olub:

"Bakıya gətirdik, burdakı xəstəxanalarda dedilər, gec gətirmisiz, körpədə sarılığın dərəcəsi son həddə çatıb. Həkimlər biləndə ki, körpə küvezyin altında qalıb, əlləri üzlərində qaldı. Sən demə, sarılığa tutulan uşağı küvezyin altında saxlamaq olmaz".

Beləcə, dördgünlük körpə həyatla vidalaşıb. İndi ana həkimlərin yaxasından yapışıb:

"Hüquq-mühafizə orqanları belə həkimlərlə bağlı ciddi ölçü götürməlidir ki, analar gözüyaşlı qalmasın. 9 ay arzuyla, həsrətlə bətnində daşı, sonra da hansısa səhlənkar həkimin üzündən apar torpağa qoy... Dünən qonşunun balası, bu gün mənim, sabah sənin balan... Körpələrin həyatının qara qəpik qədər dəyəri qalmayıb".

“ƏLİMİZDƏN GƏLƏNİ ETDİK”

Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkimi Rəhilə Xəlilova ananın dedikləri ilə razılaşmır. O, "Qaynar xətt"ə bildirib ki, körpənin həyatda qalımasına çalışıb:

"Körpə doğulandan üçüncü gün kəskin sarılıq başladı. Əlimizdən gələni etdik ki, körpə həyatda qalsın. Ananın vəziyyəti başadüşüləndir, ancaq nə etmək olar, biz gərəyini etdik..."

Səhiyyə Nazirliyi isə ölümün səbəbləri ilə bağlı aparılan araşdırmalar başa çatdıqdan sonra müvafiq qərarın qəbul olunacağını bildirir.

Hüquqşünas Vaqif Alıyev deyir, körpəsinin həkim səhlənkarlığından öldüyünü iddia edən və ölümün araşdırılmasını istəyən ana bununla bağlı rayon prokurorluğuna ərizə ilə müraciət etməlidir. "Səhiyyə Nazirliyinə müraciət yetərli deyil", – hüquqşünas bildirib.

XS
SM
MD
LG