Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:17

Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'


Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu bayrağı Rəsulzadə özü tikib

Prezident İlham Əliyev 2018-ci ili «Cümhuriyyət ili» elan edib.

Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli AzadlıqRadiosuna bildirir ki, yüzilliyin keçirilməsi ilə bağlı onların da təklifləri var və bunu az sonra açıqlayacaqlar.

İnstitutun digər direktor müavini Cəbi Bəhramovsa bu sərəncamı ürəkdən bəyəndiyini, buna görə də dövlət başçısını alqışladığını, prezidentin də, mərhum dövlət başçısı Heydər Əliyevin də bu məsələyə – Azərbaycan tarixində müstəsna yer tutan dövrə xüsusi fikir verdiklərini qeyd edir.

«Heydər Əliyev dedi ki, XIX-XX əsr tarixini yenidən yazmaq lazımdır»

«Mən özüm şahidəm, Heydər Əliyev 1997-ci il yanvarın 31-də tarixçi-alimlərlə görüşdə dedi ki, XIX-XX əsr tarixini yenidən yazmaq lazımdır, çünki bu tarixdə Azərbaycan torpaqları işğal edilib, iki yerə bölünüb, sonradan Qərb dövlətlərinin, çox təəssüflər olsun ki, Osmanlının da iştirakı, təzyiqi ilə bu torpaqlara köçürülən ermənilərə qədim Azərbaycan şəhəri İrəvan verilib. Burda onlara hüquqi məkan yaradılıb. Azərbaycan xalqına qarşı 1918-ci ildə soyqırımları törədilib. Cümhuriyyəti de-fakto tanısalar da, de-yure tanımayıblar. Buna səbəb Bakı nefti olub. Ona görə də Cümhuriyyətin yaradılması tariximizdə müstəsna yer tutur. Cümhuriyyət yaradılarkən ən mütərəqqi ideyaları əsas götürmüşük», – tarixçi deyir.

***Buna da bax-İ.Əliyev: 'Cümhuriyyətin fəaliyyətini düzgün təhlil etməliyik'

C.Bəhramov Tarix İnstitutunun prezidentin çağırışına cavab olaraq çoxsaylı xüsusi proqramlar hazırladığını bildirir. «Bu tarixi məsələləri dərinliyi ilə araşdırıb dünyaya çatdıracağıq» söyləyir və əlavə edir: «Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətləri ilə bağlı beşinci beynəlxalq, Cümhuriyyətin yüzilliyinə həsr edilmiş böyük elmi beynəlxalq konfrans keçiriləcək. Eləcə də Azərbaycan Ordusunun yaradılması, Bakının azad edilməsi, Parlamentin təsis edilməsi, Dövlət bayrağının elan edilməsi və 1918-20-ci illərdəki başqa tarixi hadisələrlə bağlı çoxsaylı tədbirlər planlaşdırılır. Bu, tariximizin qızıl səhifəsidir. Bununla bağlı bizim institutun qarşısında böyük vəzifələr durur, bunları yerinə yetirəcəyik».

Nəsiman Yaqublu
Nəsiman Yaqublu

«Cümhuriyyət ili elan etməklə yanaşı, onun məzmununa uyğun işlər də görülməlidir»

Tədqiqatçı-alim Nəsiman Yaqublu isə deyir ki, bu il Qafqazda tək Azərbaycan yox, Gürcüstanla Ermənistan da cümhuriyyətlərinin yüzilliyini qeyd edəcəklər.

«Bu, bir növ cümhuriyyətlərin yarışı olacaq. Elə edə bilərik ki, biz bu yarışda uduzmayaq, ondan qalib çıxaq. Dünyaya açıq şəkildə bəyan etmək üçün daha bir şans yaranıb ki, biz müsəlman Şərqində, türk dünyasında ilk demokratik dövləti qurmuşuq. Nəhayət, dünyaya bir faktı da deyə bilirik ki, 1920-ci il yanvarın 11-də Azərbaycan bütün dövlətlər tərəfindən Qarabağlı, Zəngəzurlu bir cümhuriyyət kimi tanınmışdı. İndi biz bu faktı qabardıb elan etməliyik ki, 100 il sonra ərazimizin bir hissəsi işğal olunub. Əlimizdə belə bir imkan da var», – söyləyən alim Cümhuriyyətin yüzilliyi münasibətilə hələ aylar öncə dövlət başçısına ünvanladığı təklifləri xatırladır. O hesab edir ki, bu addımlar atılacağı halda cümhuriyyətin yüzilliyi daha effektiv olacaq.

***Buna da bax-'100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir?

Məsələn, o təklif edir ki, ilk növbədə cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilməlidir. «Bu gün Cümhuriyyət qurucularından heç birinin Azərbaycanda məzarı yoxdur», – söyləyən tədqiqatçı onların yaşadığı ünvanlara xatirə lövhələrinin vurulmasını, xaricdə yaşayan yaxınlarındakı sənədlərin, zəngin irsin, fəaliyyətlərini əks etdirən arxiv sənədlərinin toplanaraq çap edilməsini, həyat və fəaliyyətlərini əks etdirəcək muzey kompleksinin yaradılmasını təklif edir: «Mən Cümhuriyyətin yüzilliyini bax belə görürəm, belə də görmək istəyirəm».

Amma hələlik, tədqiqatçıya cavab verilməyib. O bu təkliflərin reallaşacağı halda bu ilin əsl Cümhuriyyət ili olacağını düşünür: ««Cümhuriyyət ili» elan etməklə yanaşı, onun məzmununa uyğun işlər də görülməlidir ki, bir-birini tamamlasın».

Elnur Astanbəyli
Elnur Astanbəyli

«Qalır Cümhuriyyətin ideyalarını və dəyərlərini tam bərqərar etmək»

Məsələ sosial şəbəkələrdə də müzakirə olunmaqdadır. APA-nın redaktoru Şahin Cəfərli Facebook-da yazır: «2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olundu. Yaxşı addımdır. Qalır Cümhuriyyətin ideyalarını və dəyərlərini tam bərqərar etmək».

***Buna da bax-Y.Mahmudov: 'Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək ədalətsizlikdir'

Köşə yazarı Elnur Astanbəyli isə yazır ki, sadəcə sərəncamla 2018-ci il «Cümhuriyyət ili» ola bilməz. Onun qənaətincə, bunun üçün «ən azı, həbsxanalar siyasi məhbuslardan boşaldılmalı, tənqidçi səslərə qarşı amansız qəzəb və basqıdan imtina olunmalı, müxalifətçilik düşmənçiliklə eyniləşdirilməməli, müstəqil medianın bloklanmasından imtina edilməli, payızdakı seçki ənənəvi farsa, şouya çevrilməməli, azad və ədalətli keçirilməlidir».

Astanbəylinin qənaətincə, «fikirlərinə görə həbsdə hətta bir nəfər də qalacaqsa, nə yazıq ki, 2018-ci il artıq «Cümhuriyyət ili» olmayacaq».

«Haqlı yanaşmadır», – bu haqda AzadlıqRadiosuna danışan tənqidçi, kulturoloq, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacısı nəvəsi, ədliyyə naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsi Toğrul Cuvarlı söyləyir. «Mən əminəm ki, ən azı hökumət də bu haqda düşünür, yoxsa başqa cür gülünc olardı», – deyə əlavə edir.

Yeri gəlmişkən, Cuvarlı da tarixin bu dönəmiylə bağlı müşahidə və düşüncələrini yazmağa hazırlaşır.

XS
SM
MD
LG