Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:46

Cümhuriyyət ordusu necə quruldu


Azərbaycan ordusu, 1919-cu il
Azərbaycan ordusu, 1919-cu il

1918-ci ilin mayında qurulan cümhuriyyətin bütün hərbi qüvvəsi, vur-tut, bir alaydan – “Tatar Atlı Alayı”ndan ibarət idi.

1920-ci ilin aprelində - işğal ərəfəsində artıq 40 minlik nizami ordu vardı.

Cəmi 23 ayda bu necə mümkün oldu?

Ordu quruculuğu kimin çiyinlərində gerçəkləşdi?

100 il öncəyə qayıdaq...

GƏNCƏ, 1918-Cİ İL: “BİZİM DƏ VƏTƏNİMİZƏ DÜŞMƏN DOLMUŞ, SÜPÜRÜB ATMALIYIQ”

1918-ci ilin payızında ölkədə vəziyyət mürəkkəb idi. Türk ordusu Bakını tərk etmişdi. Cümhuriyyətin Əks-Kəşfiyyat İdarəsinin başçısı olmuş Nağı bəy Şeyxzamanlı həmin durumu mühacirətdə yazdığı kitabında belə canlandırır:

"Mondros barışığı ilə Türk ordusunun Azərbaycanın hər tərəfində olan hərbi qüvvələri Gəncəyə toplaşmışlar. Onlar Azəri mehmetçikləri ilə vidalaşırlar. Yenə hamının gözləri yaşarır, ancaq bu artıq sevinc yaşı deyil, ayrılıq və kədər göz yaşları idi. Anadolu mehmetçikləri ilə azəri mehmetçikləri bir-birinə sarılaraq ağlaşırdılar. Bunları seyr edən xalq da özünü saxlaya bilməyib ağlayırdı. Mətin Ağabəy mehmetçik öz qardaşına təsəlli verərək «Artıq siz yetişdiniz, vətəninizi müdafiə edə bilərsiniz. Əgər qara xəbər gəlməsəydi, daha çox qalardıq. Nə edək, biz də getməliyik. Bizim də vətənimizə düşmən dolmuş, onları süpürüb atmalıyıq», - deyirdi.

Beləcə, Anadolu İstiqlal Savaşının kahinliyini edən Türk Mehmetçikləri azəri qardaşlarına təsəlli verirdilər. Biz isə yenə köməksiz, arxasız və yalqız qalmışıq. Tanrımızdan başqa Nuru Paşanın açdığı hərbi məktəb məzunu olan zabitlərimizə və Bakının bolşevik-daşnak tör-töküntülərindən təmizlənməsində yan-yana vuruşan ağabəylərdən təcrübə toplamış gənc ordumuza güvənərək yaşamaqda idik”.

1500 AZƏRBAYCAN ƏSGƏRİ

Ölkə daxildə bolşevik və daşnaklarla, xaricdə Rusiya təhlükəsiylə, Denikin ordusuyla, Biçeraxovun Bakıya can atan qüvvələriylə üzbəüz qalmışdı. Rəsulzadə yazırdı: "
"Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri vardı...”.

​GENERAL ŞIXLİNSKİNİN PLANLARI

Qarşıda duran ən vacib məsələ nizami ordu yaratmaq idi. 1918-ci ilin payızında hazırlıq işləri görüldü, planlar hazırlandı. Vaxtilə rus ordusunda məşhurlaşmış, “Top Tanrısı” adlanan general Əlağa Şıxlinski hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Onun təklif etdiyi plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməliydi. 1918-ci il noyabrın 7-də Nazirlər Şurasının qərarı ilə Azərbaycan cümhuriyyətində hərbi nazirlik yaradılmasına qərar verildi. Hərbi nazir vəzifəsi Nazirlər Şurasının sədri F. X. Xoyskiyə tapşırıldı, onun müavini general Səməd bəy Mehmandarov təyin edildi. İndiyədək bu vəzifəni (1918-ci il mayın 28-dən iyunun 11-dək) Xosrov bəy Sultanov icra etmişdi.

Əliağa Şixlinski (1865 — 1943)
Əliağa Şixlinski (1865 — 1943)

“HƏRBİ NAZİR BÖYÜK TƏCRÜBƏ VƏ TƏHSİL İSTƏR”

Artıq dekabrın 13-də, Gəncədən göndərdiyi məlumatda, milli Azərbaycan korpusunun komandanı general Əlağa Şixlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun layihəsini hazırlayıb başa çatdırıb. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyənləşdirən sxem hazırlamışdı. O, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik zabitin təyin edilməsini, korpuslar əvəzinə ənənəvi diviziyaların yaradılmasını məsləhət görürdü.

ORDU TATAR ATLI ALAYININ BAZASINDA YARADILDI

Ordu “Tatar Atlı Alayı”nın bazasında yarandı. 2014-cü ildə bu alayın tarixini araşdırıb kitab nəşr etdirən tarixçi-alim Səbuhi Əhmədli AzadlıqRadiosuna danışıb:

“O zamanlar adı dillərdə gəzən bu alay I Dünya Müharibəsində, əsasən, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olub. Sonrakı illərdə bu alay milli qüvvələrin yanında olub. 1918-ci il mayın 28-də Tiflisdə «İstiqlal Bəyannamə»si qəbul ediləndə, binanın həyətində cümhuriyyətçiləri «Tatar Alayı» qoruyub. Cümhuriyyəti quranlar bu alaya güvənərək istiqlaliyyəti elan ediblər. Onlar əmin idilər ki, bu alay onları qoruyarsa, Müvəqqəti Hökumətin, başqa mürtəce qüvvələrin heç bir provokasiyası baş tutmayacaq. Çünki «Tatar Alayı» 4 il döyüş təcrübəsi olan peşəkar hərbçilərdən toplanmışdı. Cümhuriyyətin elanından sonra bu alay Bakının azad edilməsində böyük igidlik göstərdi, bu ordunun ən döyüşkən süvari hissəsi oldu. Nuru Paşanın hərbi hissələri Azərbaycana gələndə, Qafqaz İslam Ordusu tərtib olunanda, bu alay təməl rolunu oynadı. Daha sonra yaradılmaqda olan Azərbaycan Ordusunun təməl daşına - ilk hərbi birləşməsinə çevrildi. Həmin il bu alayın adı da dəyişdirildi. 1918-ci ilin may-iyununda alay Qazaxla Gəncə arasındakı Qarayazı stansiyasında toplandı və adı Birinci Qarayazı Alayı oldu. Amma daha sonra əvvəlki adı geri qaytarıldı. Bu alay Bakının azad olunmasınadək keçirilən bütün döyüşlərə qatılıb».

40 MİNLİK ORDU YARANDI

Ölkədə hərbi səfərbərlik elan olundu. Maliyyə çətinlikləri olsa da, Gəncədə milli zabitlər hazırlayan hərbi məktəb yaradıldı. Hərbi nazir S. B. Mehmandarov, onun müavini Ə. Şıxlinski, general-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxtda 40 minə yaxın əsgəri olan milli ordu quruculuğuna başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və s. qoşun növlərindən ibarət olan və dövrün ən müasir silahlarıyla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma vardı. Orduda hərbi intizamı möhkəmləndirmək üçün hərbi nazirliyin yanında divani-hərbi, yəni hərbi tribunal yaradıldı. Hökumət büdcədən ordu quruculuğuna yetərincə məbləğ ayırırdı (ümumi büdcənin 27, 7 faizini -red.). 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməyi ilə piyada və atlı alaylar, artilleriya briqada və diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası vardı.

ORDUNUN DİLİ - TÜRK DİLİ

Cümhuriyyət ordusunun dili Türk Dili – Azərbaycan türkcəsi idi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır.

Səməd bəy Mehmandarov
Səməd bəy Mehmandarov

Əmrdə deyilirdi: "Sırada, eləcə də sıradan kənarda olarkən, əsgərlərin azərbaycanca salamlaşması - bir sözə "salam", cavabın isə "əleyküm-salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir - "çox sağ ol".

ÖLKƏDƏ VƏZİYYƏT. BAKI

Ölkədəki vəziyyət 11 may 1919-cu ildə tam artillerya generalı Baş Qərargah rəisi S. B. Mehmandarovun daxili işlər naziri N. B. Yusifbəyliyə məruzəsində belə əks olunub:

“Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atır. Bakıda yerləşən qoşunlar, xüsusilə, piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunları bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati Alilərinizdən kazarmaların yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərəncam vermənizi xahiş edirəm”.

“BOLŞEVİK TƏBLİĞATI APARANLAR DƏRHAL HƏBS OLUNSUNLAR!”

Hərbi nazirin 2-ci piyada diviziyasının rəisinə göndərdiyi 18 noyabr 1919-cu il tarixli 399 saylı tam məxfi əmrindən:

“Alınmış məlumatlara görə, son vaxtlar, əsgərlər arasında, xüsusilə onların getdiyi fəhlə klublarında bolşevik təbliğatı xeyli güclənmişdir. Hissələrdə bolşevik təbliğatının yayılmasının bütün məsuliyyətini yüksək vəzifəli rəislərin, xüsusilə komandirlərin üzərinə qoyaraq bu təbliğatın qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsini əmr edirəm: 1. Adamlara bu təbliğatın bütün fəlakəti izah edilsin. 2. Bütün bolşevik təbliğatçılarının Azərbaycanın qatı düşmənləri olduqları izah edilsin. 3. Bütün kazarmalara güclü nəzarət edilsin və bolşevik təbliğatı aparan şəxslər dərhal həbs olunsunlar. 4. Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə bilməməsi üçün etibarlı növbətçilər olsunlar. 5. Hissələrin bütün rütbəli şəxslərinə elan olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən kənarlaşdırılacaq və qanunla ciddi cəzalandırılacaqlar”.

LƏNKƏRAN

Nağı bəy Şeyxzamanlı xatirələrində bu bölgədəki vəziyyəti belə təsvir edir:

“Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus qüvvələrinin bir hissəsi Lənkəran qəzasını öz işğalları altında saxlamağa nail olmuşdular. Azərbaycanın bir hissəsi olan Lənkəran da düşməndən təmizlənməliydi. Ağ rusların əlində olan Xəzər dənizinin hərbi gəmiləri də, bolşevik düşməni olduqları halda, müştərək rus mənafeyi naminə Lənkərandakı bolşevik qüvvələrinə kömək edirdilər. Nuru paşa Lənkəranda olan son rus qüvvələrini də dənizə tökmək məqsədi ilə Lənkəranın sərhəd qonşusu olan İranda Türk irqinə mənsub və qəhrəmanlıqları ilə məşhur olan Şahsevənlərlə əlaqə yaradılmasını və onlarla birgə Lənkərandakı rusları oradan qovub çıxarmaq istəyirdi. O bu vəzifəni Hüsaməddin bəylə mənə tapşırdı. Biz də vəzifəmizi yerinə yetirmək üçün Salyana getdik. Oradan İrana keçməyə hazırlaşırdıq ki, bir qara xəbər gəldi. Yəni Türkiyə məğbul olmuş və müqavilə bağlanmışdır. Biz Bakıya deyil, Gəncəyə qayıtdıq. Sonradan öyrənirik ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində qalaraq, ingilislərin İstanbulu işğal etmələrindən sonra burada qurulmuş Tefvik paşa kabineti teleqrafla türk ordusunun Azərbaycandan çıxmasını Nuru paşaya əmr etmişdir. Azərbaycan dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş və Azərbaycan yalqız və arxasız qalmışdır”.

Türk İslam Ordusu Bakıda, 1918-ci il
Türk İslam Ordusu Bakıda, 1918-ci il

​DOĞULDUĞU DİYARI BOLŞEVİKLƏRDƏN TƏMİZLƏDİ

1919-cu ilin iyununadək Lənkəran rus işğalında qalır. Lənkəran doğumlu Mehmandarov (Mehmandarovlar Qarabağın tanınmış bəyzadələri olub. Səməd bəy atasının hərbi qulluqda olduğu Lənkəranda doğulub - red.) oranı azad etməyə nail olur. Hərbi nazir S. B. Mehmandarovun Lənkəran qəzasının əhalisinə 4 iyun 1919-cu il tarixli müraciətindən:

“Azərbaycan Cümhuriyyəti hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalım və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirəsalınmadan mülki idarəçilik bərpa ediləcəkdir... Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Cümhuriyyətinin hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdarlıq edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir, çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabərhüquqlu Azərbaycan Cümhuriyyəti vətəndaşlarıdır... Hər cür silahllı müqavimət ölüm cəzası ilə cəzalandırılacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəmdə mən dəstə rəisinə qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr etmişəm”.

QARABAĞ. 1919-CU İLİN İYULU. NAZİRLƏR- “ƏN ƏZİZ VƏ SEVİMLİ QONAQLAR”- ŞUŞADA

“Azərbaycan” qəzeti 3 avqust 1919-cu il sayında yazırdı:

“Qarabağın həyatında daha əlamətdar bir hadisə - bu 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfıbəyovun müşayiət etdiyi baş nazir N. B. Yusifbəylini və hərbi nazir S. B..Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı baş nazir N. B. Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq Meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən baş nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil”.

“XOŞBƏXTƏM Kİ, İXTİYAR YAŞIMDA MİLLƏTİMİN MİLLİ ORDUSUNU QURMAQ MƏNƏ NƏSİB OLDU”

Nağı bəy Şeyxzamanlının kitabında dövrün mürəkkəb vəziyyətini anlamaq baxımından maraqlı bir fakt var. Nağı bəy yazır:

“Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək Cümhuriyyətimizi hədələməkdə idi. Dövlətimiz və xalqımız bunların hədələrinə əhəmiyyət vermirdi. Bir ziyafət zamanı general Denikinin hədələrindən söz açılmışdır. Dövlətimizin, xalqımızın və ordumuzun fikirləri eyni idi: gələcəkləri varsa, görəcəkləri də var. Ziyafətdə olanların hamısı öz fikrini bildirmək üçün Cümhuriyyətimizin hərbi naziri general Mehmandarlıya baxırlar. Polad iradəli, 75 yaşlı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır: «Əziz övladlarım, general Denikinin hədələrinin nə mənası var, nə qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı tanıyır. Və yenə çox yaxşı bilir ki, mənim komandanlıq etdiyim rus orduları, daima rus ordularından üstün olmuşdur. Övladlarım, mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurduğumuz ordumuza komandanlıq etməkdəyəm. Mənim komandanlıq etdiyim ordunun üzərinə Denikin cəsarət edib gəlməz. Dincəlin və nəşənizi pozmayın".

FƏTƏLİ XAN: “BİR OVUC İNGİLİS ƏSKƏRİNİ DƏNİZƏ TÖKMƏK...”

Həmin kitabda türk qoşunları Azərbaycandan gedəndən sonrakı vəziyyətlə bağlı daha bir maraqlı nüans:

“Üç nəfərlik bir nümayəndə heyəti (Azərbaycandan - red.) vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. Birinci Dünya müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyətlə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq «Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respublika yoxdur. Ancaq Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz, o halda gəlib tədqiqat apararıq»- deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Eyni zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalq arasında ayrı- ayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, azəri türkləri isə kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. Belə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomsonla görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunu bütün dünya dövlətlərinə bildirdiyini söyləyir. Fətəli xan sözlərinə davamla: «Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız», - deyir. General Tomson da: «Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm», -cavabını verir. Fətəli xan da: «Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm», - deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: «Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır», - deyir. Fətəli xan tərcüməçiyə: «General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik» cavabını verir".

Bu yazıda ancaq Cümhuriyyət ordusunun yaranmasından danışmağa qərar verdik.

Bütün çətinliklərə, qarşıdurmalara, çıxılmazlıqlara baxmayaraq, “heçdən bir dövlət yaradanlar” Azərbaycan ordusunu da qurmağı bacardılar.

23 ayda əllərindən gələn və gəlməyən hər şeyi gerçəkləşdirməyə can atdılar.

Bu yolda ölüm-itimlər də gördülər, xəyanətlər də...

Qürur hissi də yaşadılar!

Əvəzində gələcək nəsillərə Ordu Gününü bayram etmək kimi bir şərəf duyğusu yaşatdılar.

Sonu nə ilə bitsə də, heçdən bir ordu yaradanların ruhuna min rəhmət!!!

XS
SM
MD
LG