Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:41

Ekspert: 'Gömrük Komitəsinə ehtiyac yoxdur, AZAL isə…'


V.Bayramov
V.Bayramov

«Son vaxtlar ölkədə islahatlar aparılması barədə çox danışılır və fikrimizcə, əsas islahat sahəsi dövlət idarəetməsinin optimallaşdırılmasıdır».

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlət idarəetmə qurumlarının sayı inkişaf etmiş ölkələrlə müqayisədə çoxdur və, əslinə qalsa, buna ehtiyac yoxdur.

V.Bayramov deyib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi dövlət idarəçiliyinin optimallaşdırılması ilə bağlı bir sıra təkliflərlə çıxış edib:

«Biz buna nümunə olaraq bildirmişik ki, ölkədə su idarəçiliyi ilə ayrıca «Azərsu», «Meliorasiya və Su Təsərrüfatı» kimi səhmdar cəmiyyətlərinə ehtiyac yoxdur. Bütün su təsərrüfatları vahid agentlikdə birləşdirilsə, yetərlidir».

V.Bayramov hesab edir ki, Dövlət Gömrük Komitəsinin də fəaliyyətinə ehtiyac yoxdur: «Gömrük Komitəsi Vergilər Nazirliyi tərkibində bir departament kimi fəaliyyət göstərərsə, bəs edər».

İqtisadçı-ekspert habelə diqqəti yerli kommunal təsərrüfatlarına yönəldib: «Kommunal təsərrüfat sahələrində köklü islahatlara ehtiyac var. Burada məsələ həm kommunal xidmətlərin keyfiyyəti, həm də şəffaflığı ilə bağlıdır. Bu sahədə islahatlar təkcə büdcə vəsaitlərinə qənaət və vergilərin çoxalması ilə yekunlaşa bilməz. Burada həm də bu qurumların şəffaf fəaliyyətləri təmin edilməlidir. Odur ki, bu qurumlar özəlləşdirilməli, bu sahəyə xarici investisiyanın yolu açılmalıdır».

Bundan əlavə, V.Bayramov hesab edir ki, energetika sahəsində də vahid bir qurum yetərli sayıla bilər.

V.Bayramov dövlət idarəçiliyinin optimallaşdırılması baxımından «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) özəlləşdirilməsini də vacib sayır: «Belə alternativ, özəl şirkətlərin fəaliyyət göstərmələri rəqabətlilik baxımından faydalı ola bilər. Bu, həm də turizmin inkişafına təsir göstərər».

Xatırlatma

Bu ilin əvvəlində prezident İlham Əliyevin sərəncamları ilə bəzi dövlət qurumları ləğv edilib, bəziləri isə yenidən qurulub. Təkcə yanvarın 14-də dövlət başçısı üç dövlət qurumunu ləğv etmiş, altısının yenidən təşkil olunmasını vacib saymışdı.

Onda bu prosesi rəsmilər islahat adlandırır, baş verənləri idarəçiliyin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması kimi dəyərləndirirdilər. Müxalifət təmsilçiləri isə həyata keçirilən prosesi kosmetik dəyişiklər adlandıraraq, islahatın imitasiyasının baş verdiyini söyləmişdilər.

XS
SM
MD
LG