Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:29

Sovet marşalının heykəli Praqadakı meydandan götürüləcək


2018-ci ilmayın 8-də Konevin heykəlinə rəng atılmışdı
2018-ci ilmayın 8-də Konevin heykəlinə rəng atılmışdı

Çexiya paytaxtı Praqada 6-cı rayonun hakimiyyət orqanları sovet sərkərdəsi İvan Konevin meydanlardan birindəki heykəlinin oradan götürülməsi barədə qərar qəbul edib.

Marşal İvan Konev Praqanı almanlardan azad etmiş sovet qoşunlarının komandanı olub.

6-cı rayonun bələdiyyə idarəsində 6 saat davam edən müzakirələrdən sonra 33 deputat Konevin heykəlinin meydandan muzeyə köçürülməsinə dair qərar qəbul edib.

Qərarda deyilir ki, bu heykəlin yerində Praqanın II Dünya Müharibəsində azad olunmasına xatirə abidəsi qoyulacaq.

Praqa 6-cı rayonu merinin müavini Yan Latsina Dnes qəzetinə deyib ki, “biz bu heykələ hörmətlə yanaşacağıq və onun xaricə köçürülməsi nəzərdə tutulmur”.

Praqanın 6-cı rayonunun meri isə deyib ki, abidə üçün layiqli yer axtarılacaq.

O da bildirib ki, heykəlin dağıdılması niyyəti yoxdur.

Konevə Praqada heykəl 1980-ci ildə qoyulub. Bundan əvvəl Praqa 6-cı rayonunun rəhbərliyi heykəlin Rusiya səfirliyinin yaxınlığındakı parka köçürülməsini təklif etmişdi.

Bu abidəyə son illərdə çoxsaylı vandalizm hücumları olub və yerli əhali sovet sərkərdəsinə heykəlin şəhər meydanlarından birində qoyulmasına birmənalı yanaşmır.

Bu onunla əlaqədardır ki, sovet ordusunun ovaxtkı Çexoslovakiyadakı əməliyyatlarına fərqli baxış mövcuddur.

Bəziləri sovet əsgərlərini xilaskarlar kimi qəbul etsə də, əksəriyyət sovet ordusunun özü ilə Şərqi Avropaya kommunist diktaturası gətirdiyini düşünür.

Praqadakı Rusiya səfirliyi heykəlin meydandan götürülməsinə dair qərarı tənqid edir və bunu “tarixin təftiş edilməsi” adlandırır.

Səfirlik bildirir ki, Çexiya hökuməti bu ölkəni nasizm zülmündən xilas etmiş bir şəxsiyyətin heykəlindən izal olmaq istəyir.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Praqa 6-cı rayonunun merini “nasistlərə xidmət edən gaulyayter” adlandırıb.

Nazir deyib ki, Praqa şəhərini xilas etmiş bir şəxsin heykəli heç cür sökülə bilməz.

XS
SM
MD
LG