Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:41

Azərbaycan epidemiyaya hazırdımı


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar daxil olmaqla 195 ölkənin heç biri epidemiyaya hazır deyil. Bunu dünən – oktyabrın 24-də açıqlanmış Qlobal Səhiyyə Təhlükəsizliyi İndeksi üzə çıxarıb.

2014-cü ildə Qərbi Afrikada Ebola epidemiyası yayılandan sonra bir çox ölkələr öz hazırlıq səviyyələrini gücləndirdilər. Ancaq belə epidemiya risklərinin artmasına baxmayaraq, hesabatın əhatələdiyi heç bir ölkənin ona hazır olmadığı ortaya çıxıb.

Azərbaycan 34,2 balla 195 ölkə içində 117-ci yeri tutub.

Qonşulardan Ermənistan 50,2 balla 44, Gürcüstan 52,0 balla 42, Rusiya 44,3 balla 63, İran 37,7 balla 97-ci yerdədir.

Azərbaycanın səhiyyə rəsmiləri bu indeksə hələlik, münasibət açıqlamayıblar. Ancaq indiyədək ölkədə hər hansı virusun epidemik həddə çatması haqda informasiya yayılanda səhiyyə rəsmiləri bunu təkzib edib, gərəkən profilaktik tədbirlərin görüldüyünü, dövlət orqanlarının tam hazırlıqlı olduqlarını dilə gətiriblər.

“The Washington Post” qəzeti yazır ki, ABŞ altı hazırlılıq kateqoriyasının beşi üzrə yaxşı göstəriciyə malik olmasına baxmayaraq 19-cu yerdə qərarlaşıb. Avstraliya, Kanada, Sinqapur, Avropanın bəzi ölkələri ondan öndə yer alıb. ABŞ-ın balının azalmasına sosial iğtişaş və terrorçuluq riskləri, ictimaiyyətin hökumətə inamının azlığı təsir göstərib.

Ümumilikdə indeks orta və azgəlirli ölkələrin bəzi zəngin ölkələrdən yaxşı durumda olduğunu üzə çıxarıb. Məsələn, Tailand yüksək gəlirli ölkə olmasa da, indeksdə ilk qruplaşmada yer alıb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ekspertlərin fikrincə, epidemiyaya daha hazırlıqlı olmalıydılar. Ancaq onlar 100 mümkün baldan 50-dən aşağı yığıblar.

195 ölkə üzrə ortalama bal 40,2-dir.

Bu indeksi DC-də mənzillənən Nüvə Təhdidi Təşəbbüsü və Səhiyyə Təhlükəsizliyi üzrə Johns Hopkins Mərkəzi hazırlayıb. 100-dən artıq tədqiqatçı bir il ərzində ictimaiyyətə açıq məlumatları toplayıb.

“Səhiyyə təhlükəsizliyi kollektiv məsuliyyətdir. Ölkələr özlərinin hazırlıq səviyyəsini bilməlidirlər. Onlar qonşularının hazırlıq səviyyəsini də bilməlidirlər. Əks halda heç vaxt işi təkmilləşdirə bilməzlər”, – “Nüvə Təhdidi Təşəbbüsü”ndən Beth Cameron deyib.

2014-2016-cı illərdə Ebola epidemiyasından 11 mindən çox adam dünyasını dəyişib.

XS
SM
MD
LG