Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:01

İlham İsmayıl: 'Korrupsiya ilə mübarizə yuxarıdan başlamalıdır ki,…'


Ümumi foto
Ümumi foto

Dövlət başçısı İlham Əliyev bu həftə Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi icra başçılarını qəbul edərkən onlara bir sıra tapşırıqlar verdi. Prezident dedi ki, bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq və korrupsiya tamamilə yığışdırılmalıdır:

“Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yolla gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir…”.

“Bu mübarizədə artıq və əskik məsələsi yoxdur,…”

Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarına təyin etdiyi icra başçılarını qəbul edib,31 oktyabr 2019
Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarına təyin etdiyi icra başçılarını qəbul edib,31 oktyabr 2019

Bəs görək ölkədə indi korrpsiya ilə həqiqətidəmi mübarizə elan edilib və görülən işlərdə nə kimi artılar, nə kimi çatışmazlıqlar var?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, deputat Məlahət İbrahimqızı belə cavab verib:

“Siz azərbaycanlısınız, bilmirsiniz ki, illlərdir ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramı var, xüsusi komissiya yaradılıb?! Nə qədər adama buna görə müxtəlif cəzalar verilib, bu nə sualdır ki, mübarizə elan edibmi? Siz məni provaksiyaya çəkirsiniz?”.

“Təxribata çəkmirik, sadəcə, problemlərin niyə köklü həll olunmadığını bilmək istərdik” sualına hakim partiya yetkilisi bunları deyib:

“ Dünyanın hansı ölkəsi ağ rəngdədir, korrupsiya Amerikada, Avropada yoxdurmu, bütün ölkələrdə var. Korrupsiya ilə mübarizədə dövlət rəhbərinin siyasəti kifayət deyil, insanlar da, ictimaiyyət də mübarizə aparmalıdır. Bu mübarizədə artıq və əskik məsələsi yoxdur, prezident yeni təyin etdiyi icra başçılarına bütün tapşırıqlarını verir. Özü də açıq deyir ki, çirkli işlərlə məşğul olmayın… Daha nə deməlidir və necə mübarizə olmalıdır ki,?. Əcnəbi belə sual versə, başa düşmək olar. Aparmaq üçün daha nə etməlidir, adekvat addımlar atılır, bütün cəzalar tətbiq olunur, həbslər olur. Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədə yalnız dövlətin iradəsi bəs etmir, insanlar da mübarizə aparmalıdır. Mən Nəsimi Rayon Təşkilatının sədriyəm, qapım açıqdır, adamlar gəlib deyir ki, Mənzil İstismar Sahəsindən (MİS) rüşvət istəyir, cavab verirəm ki, gəl, zəng edim, etiraz edir ki, yox, mərdimazar olmaq istəmir. İndi mən nə edim, falçılıqla məşğul olmalıyam? Bilirsiniz, bütün qurumlar, qeyri-hökumət təşkilatları ( QHT), mətbuat, hamı bir yerdə mübarizə aparmalıdır. Bir tərəfdən korrupsiyanın olmamasını deyirlər, digər tərəfdən məsələni qaldıranda demaqoq adlandırılırsan. Dünyada vicdan cihazı yoxdur ki, kimisə vəzifəyə təyin edəndə, üstünə qoyasan. Baxırlar, savadlıdır, xaricdə təhsil alıb, amma təyin edirlər…”

M.İbrahimqızı vurğulayıb ki, ölkə keçid dövründən yenicə çıxıb:

“ SSRİ kimi totalitar rejimdən çıxan ölkədə demokratik təsisatlar birdən-birə ola bilməz. Qərbi və şərqi Almaniyanı müqayisə edin, nə qədər fərq var, halbuki, Avropadır. Yaxud Avstriyada hökumət istefa verdi, yenidən seçki keçirildi”.

“... prezidentin o cür çıxışından sonra düşünürsən ki,…”

Məlahət İbrahimqızı, 2018
Məlahət İbrahimqızı, 2018

“Ancaq Azərbaycanda məmurların istefası olmur, prezidentin təşəbbüsündən sonra yadlarına düşür...” replikasına Məlahət İbrahimqızı “tamamilə razıyam” deyərək əlavə edib ki, səbəb yenə totalitar kommunist rejimindən gəlinməsidir:

“SSRİ-də kimsə ərizə yazıb vəzifəsindən getsəydi, Sibirdə idi. İnsanlarda, cəmiyyətdə dediyiniz təfəkkür yeni-yeni bərqərar olur. Görürsünüz, prezident nümunələr göstərdi. Şəxsən mənim 61 yaşım var, prezidentin o cür çıxışından sonra düşünürsən ki, istefa verib ondan xoş sözlər eşidərsən. İnsan nə qədər bir vəzifəni tutar, Böyük Britaniya parlamentinə baxın, yaşlı insanlardır, amma dövlət məmurlarının müəyyən yaş dövrü, bir müddət işlədi, ərizəsini yazır. Türkiyədə 1 nazir 3 il bir vəzifədə, sonra bələdiyyə başqanı seçilir, təcrübəsi varsa. Hesab edirəm ki, bu nümunələr bütün ölkəmizi əhatə edəcək”.

“Qızım sənə deyirəm, gəlinim sən eşit”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə xatırladıb ki, korrupsiyaya ilə mübarizə mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə başlamışdı:

“ Hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradıldı, amma vəziyyətə təsir etmədi. Dövlət başçısının yeni icra başçılarını qəbul edərkən dediklərindən belə anlaşıldı ki, korrupsiya tüğyan edir.”

İlham İsmayıl rüşvət və korrupsiyanın fərqli olduğunu bildirib:

“Korrupsiya yuxarıdan başlayır, rüşvət aşağıdan yuxarıya doğru. Amma hər ikisində yuxarı qazanır. Ona görə də korrupsiya ilə mübarizə yuxarıdan başlamalıdır ki, icra başçıları da nümunə götürsünlər. Yəni icra başçılarının korrupsiyayla məşğul olmaq imkanları məhduddur. İcra başçıları rüşvət ala bilirlər, korrupsiya isə yuxarıdan başlayır. Bu mənada ölkə başçısı icra başçılarına belə söyləyirsə, “qızım sənə deyirəm, gəlinim sən eşit” məsələsi ola bilər, əgər gəlin eşidəcəksə də”.

İlham İsmayıl, 1 okyabr 2009
İlham İsmayıl, 1 okyabr 2009

İlham İsmayıl YAP-çı deputat Məlahət İbrahimqızının “korrupsiyaya qarşı vətəndaşlar da, ictimaiyyət də mübarizə aparmalıdır” fikrini bölüşmür. Onun qənaətincə, Azərbaycanda ictimai rəylə heç zaman hesablaşılmayıb və cəmiyyətə belə mübarizə imkanları da verilməyib:

“Dəfələrlə əmlakı alınan şəxslərin rüşvət və korrupsiya ilə bağlı etirazı olub, kimlərə cəza verilib ki, ictimai rəylə hesablaşsın? Mübarizə yuxarıdan başlamalıdır və o qədər açıq görünməlidir ki, icra başçıları da nümunə götürsünlər. İnsanların daha çox rüşvətlə qarşılaşdığı nazirliklər var, gömrük, sosial müdafiə, hüquq-mühafizə orqanları, bunlardan başlamaq lazımdır.”

İlham İsmayilin bu sözlərinə hələlik, onun qeyd etdiyi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma həm Gömrük Komitəsi və həm də adı çəkilən qurumların rəhbərliyi son vaxtlar koorrupsiya ilə mübarizənin gücləndirildiyini vurğulayırlar.

XS
SM
MD
LG