Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:24

Putin öz qızları barədə suala necə cavab vermədi


Vladimir Putin
Vladimir Putin

Dekabrın 19-da Moskvada keçirilən ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin 4 saat 18 dəqiqə ərzində 70-dən çox suala cavab verib.

Əslində onun cavabından yayındığı suallar da olub.

Hakimiyyətin “dalbadal” sözü

Vladimir Putin Konstitusiyada prezident hakimiyyətinə aid maddə ilə bağlı suala cavabında “dalbadal” sözününün həmin maddədən çıxarılmasını təklif edib.

Bu maddə bir nəfərin prezident olması müddətlərini məhdudlaşdırır.

Beləliklə də Putin artıq iki dəfə seçilmiş keçmiş prezidentin Kremlə qayıtmasını mümkünsüz edən təkliflə çıxış edib:

"Mən belə şeyləri təklif edənlərin məntiqini başa düşürəm. Bu elə ilk növbədə parlamentin hüquqlarının genişləndirilməsi, prezidentin və hökumətin də bəzi səlahiyyətlərinə düzəliş edilməsi ilə bağlıdır. Lakin bunu yaxşı hazırlıqdan və cəmiyyətdə dərin müzakirədən sonra, həm də səliqəli etmək lazımdır. Əvvəlki dəyişikliklər mənim bildiyim qədər, müddətlərlə bağlı idi. Amma indi “dalbadal” sözünü ləğv etmək olar”.

Putin izah edib ki, o iki müddət dalbadal işləyib və sonra bu posta qayıtması üçün “konstitusiya hüququ” olub.

O əlavə edib ki, “dalbadal” sözü bəzi Rusiya politoloqlarını qıcıqlandırır və belədirsə, bu sözü ləğv etmək olar.

Putin hələ 2012-ci ildə belə bir təklifi bəyənmişdi. O demişdi ki, Konstitusiyada “dalbadal iki müddət” əvəzinə, sadəcə “iki müddət” yazılması daha məqsədəuyğundur.

Donbasda tanklar nə gəzir?

Putin ənənəvi olaraq Ukrayna ilə münasibətlər barədə bir neçə suala cavab verib.

O bir daha israr edib ki, Donbasda Rusiya hərbçiləri yoxdur, amma muzdlu xarici döyüşçülər var.

Putin əlavə edib ki, bunlar Donetsk və Luqansk hərbi birliklərin özəyini təşkil etmirlər.

Onun sözlərinə görə separatçıalrın əsas qüvvəsi yerli milis və əhalinin özünümüdafiə birliklərindən ibarətdir.

“Elə isə Donbasa tanklar necə gətirilib” sualına cavab verən Rusiya prezidenti deyib ki, separatçılar hərbi texnikanı “onlara rəğbətli olan strukturlardan” alırlar və bu, “dünyanın bir çox qaynar nöqtələrində” belədir.

Leninin meyiti, Stalinin tərifi

Leninin cənazəsinin Mavzoleydən çıxarılması məsələsi ilə bağlı sualın cavabında Putin deyib ki, “bunu hələ etmək olmaz”, çünki hələ də bir çox rusiyalılar “öz həyatlarını və keçmiş nailiyyətlətini” Leninlə bağlayırlar.

Amma Putin bunu da deyib ki, “proletariatın lideri” ölkənin daxili quruculuğuna aid məsələlərdə neqativ geosiyasi nəticələri olan qərarlar qəbul edib və bu nəticələrdən biri də bugün Ukrayna ilə münasibətlərdə baş verənlərdir.

Sovet İttifaqının nasist Almaniyası ilə müqavilə bağlaması barədə Putin deyib ki, Stalin Fransa və Britaniya başçılarından fərqli olaraq öz adını Hitlerlə birbaşa görüşlərlə ləkələməmiş yeganə liderdir.

“İki qadın” onun qızlarıdırmı?

Nəhayət Vladimir Putin öz övladları və onların biznes layihələri barədə sualın cavabından faktiki olaraq yayınıb.

BBC Rus xidmətinin müxbiri Putindən Yekaterina Tixonovanın və Mariya Vorontsovanın onun qızları olduğunu etiraf edib-etməyəcəyini və prezident övladlarının cəmiyyət üçün nə vaxt açıq olacaqlarını soruşub.

Putin bu sualın cavabına “siz iki qadının adını çəkdiniz” ifadəsi ilə başlayıb, amma təkcə onu deyib ki, mediada “onun qızının” adı ilə bağlanan İnnopraktika layihəsi Moskva Dövlət Universiteti rektorunun təşəbbüsüdür.

Beləliklə, Putin qızları barədə sualı cavabsız buraxıb və bəlkə də bunu etiraf kimi qəbul etmək lazımdır.

Putin Trump-ın impiçmentinin ‘uydurulduğunu’ deyir

Rusiya Prezidenti Vladimir Putin deyir ki, ABŞ Prezidenti Donald Trump-ın impiçmenti “uydurulmuş” iddialara əsaslanıb.

Putin Trump-ın vəzifədə qalacağını deyib.

Dekabrın 18-də Nümayəndələr Palatası Trump-a impiçment elan edib. Bundan sonrakı mərhələdə Senatda prezidentin məhkəməsi qurulmalıdır.

Putin deyib ki, “seçkini uduzmuş partiya döyüşü başqa vasitələrlə davam etdirir”. O, impiçmenti daha öncə Trump-ın Rusiyayla iddia olunan əlbirliyinin araşdırılması ilə müqayisə edib, həmin təhqiqatı “əsassız” adlandırıb.

Putin deyib ki, Rusiya Birləşmiş Ştatlarla yeni START silah sazişinə hazırdır, ancaq Rusiyanın təkliflərinə cavab gəlməyib.

“START olmasa, dünyada silah yarışmasının qarşısını heç nə ala bilməz və məncə, bu pisdir”, – Putin deyib.

***

Putin qlobal istiləşmənin təhdidindən danışır

Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında qlobal istiləşmədən, rusiyalı atletlərin Olimpiya oyunları və digər idman tədbirlərindən uzaqlaşdırılmasından danışıb.

Onun sözlərinə görə, Rusiyada istiləşmə qlobal orta səviyyədən iki dəfə sürətlə gedir. O, qlobal istiləşmənin Rusiyanın Arktikadakı şəhərlərinə, yaşayış məntəqələrinə təhlükə yaratdığını vurğulayıb. Putin deyib ki, Rusiya qlobal istiləşməni yavaşıtmağa hədəfləyən Paris razılaşmasına əməl edir.

Rusiyalı atletlərin idman tədbirlərindən uzaqlaşdırılmasına gəlincə, Putin deyib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) ədalətsiz davranıb. Onun sözlərinə görə, rusiyalı atletlərə cəza kollektiv deyil, fərdi şəkildə tətbiq olunmalıydı.

***

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransına başlayıb.

Kremlin bu həftənin əvvəlində bildirməsinə görə, rekord sayda – 1895 jurnalist Putinin 15-ci mətbuat konfransını işıqlandırmaq üçün akkreditə olunub.

Televiziyayla yayımlanan ilsonu konfransları Putin hakimiyyəti dövründə illik oxşar tədbirlərdən biridir. Məqsəd prezidentin imicini cilalamaq, rusiyalıların taleyinin yaxşı əllərdə olmasına təminat vermək, Birləşmiş Ştatlara, dünyanın qalan hissəsinə siqnallar göndərməkdir.

Sual-cavab konfransı diqqətlə təşkil olunur. Rusiya lideri ölkə və xarici jurnalistlərin suallarını cavablandırır.

2008-ci ildə mətbuat konfransı 4 saat 40 dəqiqə çəkmişdi.

Builki konfrans Putinin populyarlığının azaldığı, iqtisadi artımın yavaşıdığı bir dönəmdə keçirilir.

2017-ci ildən Putinin populyarlığı 10 faiz azalıb. Ancaq rusiyalılar yenə də onun işini dəstəkləyirlər. Bunu müstəqil Levada mərkəzinin noyabrın 18-də açıqladığı sorğu üzə çıxarıb.

Rusiyada yayda müstəqil və müxalifət namizədlərinin bələdiyyə seçkilərinə buraxılmamasına kütləvi etirazlar keçirilib. Sonradan nümayişlərdə daha geniş demokratiya tələbləri səsləndirildi.

Polis yüzlərlə adamı saxlasa da, çoxu sonradan xırda pozuntularda təqsirli bilindi və buraxıldı. Bir neçə fəal polisə hücumda təqsirli bilinib, həbsə, ya da şərti cəzaya məhkum edilib.

Rusiyanın təhlükəsizlik qüvvələri yürüşləri zorakılıqla dağıtdığına görə tənqid olunub.

XS
SM
MD
LG