Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:57

Əli Kərimlinin sürücüsünün işi: 'Onu saatlarla üzüdivara saxlayıblar'


P.Umudov
P.Umudov

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov hakim önünə çıxarılıb. CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə suçlanan P.Umudov Milli Şuranın 19 oktyabrda keçirdiyi, Ə.Kərimlinin özünün də xəsarət aldığı mitinqdən öncə həbs olunmuşdu.

Onun işinə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov baxır. Martın 5-də məhkəmədə P.Umudovun vəkili Zibeydə Sadıqova deyib ki, bu, onun mitinqöncəsi ilk həbsi deyil. Bundan əvvəl də o, inzibati həbslə cəzalandırılmışdı: «Mən əvvəl də onun vəkili olmuşam. Mənə demişdi ki, əvvəlki inzibati həbsində ona xəbərdarlıq ediblər. Deyilib ki, əgər siyasi proseslərdən uzaqlaşmasa, növbəti dəfə haqqında cinayət işi başlanacaq, uzunmüddətli həbsə göndəriləcək».

«Hər dəfə inandırıcı görünməyəndə yenə çəkiblər»

Vəkil deyir ki, P.Umudovun cərrahiyyə əməliyyatına ehtiyacı var, həyat yoldaşı da xəstədir. İstintaq dövründə onun ev dustaqlığına buraxılması üçün 8 dəfə məhkəməyə üz tutublar, amma «yox» deyilib. Martın 5-də bir daha bu vəsatəti qaldırsalar da, yenə eyni cavabı alıblar.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ona söylədiklərinə istinadla bildirib ki, P.Umudov həbs olunanda ona dövlət hesabına vəkil təyin edilsə də, ona faktiki vəkillik etməyib. P.Umudov özü də deyir ki, o adamı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəhlizində görüb.

Narkotik barədə istər yazılı etiraf ərizəsinin, istərsə də videoçəkilişin təzyiq altında alındığını vurğulayan Z.Sadıqova bu haqda ətraflı danışıb: «Paşa Umudovun dediyinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qarşı insan ləyaqətini alçaldan davranış olub. Onu saatlarla üzüdivara saxlayıb, beysbol ağacıyla hədələyiblər. Etiraf videosunu 6-7 dəfə çəkiblər. Hər dəfə inandırıcı görünməyəndə onları qane etməyib, yenə çəkiblər. Əli Kərimlinin sürücüsü olmasının xüsusi vurğulanmasını istəyiblər. Nəzərə almaq lazımdır ki, bu etiraflar hansı idarədə alınıb. O qurumun adı beynəlxalq hesabatlarda da «vahimə yuvası» kimi hallanır».

Eyni polislərin adları hallanır

Vəkilin sözlərinə görə, P.Umudovun tutulmasında iştirak edən polislər - İbrahim Kazımov, Mehman Teymurov, Rəşad Verdiyevin adları bundan öncə başqa siyasi işlərdə də hallanıb.

Bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması, P.Umudov həbs olunarkən ona dövlət hesabına vəkil təyin edilmiş Ramiz Mirzəyevin şahid kimi dindirilməsi, bu işin istintaqını aparmış müstəntiq haqqında xüsusi qərar çıxarılması və s. vəsatətlər qaldırılıb.

Prokuror vəsatətlərin hamısına etiraz edib.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Proses martın 16-da davam etdiriləcək.

P.Umudov oktyabrın 16-da həbs edilib. Ona qarşı CM-in 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 7 ilə qədər həbs cəzası nəzərə tutulub.

O, özünü təqsirli bilmir. AXCP də bəyan edib ki, P.Umudov siyasi fəaliyyətinə, o cümlədən Ə.Kərimlinin sürücüsü olduğuna görə həbs olunub.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Ə.Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanlar olub.

XS
SM
MD
LG