Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:47

Praqa sovet marşalının abidəsini sökdü


Marşal Ivan Konevin heykəli aprelin 3-də götürülüb
Marşal Ivan Konevin heykəli aprelin 3-də götürülüb

Sovet marşalı Ivan Konevin Praqadakı heykəli postamentindən götürülüb.

Çexiya paytaxtındakı bu abidənin ləğv olunması məsələsi çoxdan bəri idi ki, mübahisələrə səbəb olmuşdu.

Heykəlin Praqadakı meydanlardan birindən götürülməsi Moskva, habelə Çexiyanın Rusiyaya rəğbətli prezidenti Milos Zeman tərəfindən kəskin tənqid olunub.

II Dünya Müharibəsində Sovet İttifaqının marşalı kimi iştirak etmiş Konevin heykəli aprelin 3-də demontaj edilib.

Bu barədə qərar hələ ötən il Praqanın 6-cı rayonunun bələdiyyəsi tərəfindən qəbul edilmişdi.

Rusiya Şərqi Avropanı nasist Almaniyasından azad etmiş marşal Konevi özünün milli qəhrəmanı hesab edir.

Amma bir çox çexlər bu heykələ Sovet qəsbkarlığının və hegemonluğunun simvolu kimi baxırdılar.

Bundan əvvəl heykəlin üstünə etiraz olaraq dəfələrlə rəng atılmışdı.

Konev II Dünya Müharibəsində Praqaya daxil olmuş sovet qoşun birləşmələrinin komandanı idi.

Amma Konevə qədər yerli müqavimət qüvvələri artıq Praqanı almanlardan azad etmişdilər.

Lakin Ivan Konev həm də 1956-cı ildə Macarıstanda qalxmış antisovet üsyanını əzən və Berlin divarının tikintisində iştirak edən qoşunlara komandanlıq etmişdi.

Bəzi tarixçilər deyirlər ki, Konev həm də 1968-ci ildə Praqaya sovet qoşunlarının müdaxiləsini planlaşdıranlardan biri olub.

Praqadakı Rusiya səfirliyi abidənin demontajı ilə bağlı aprelin 3-də Çexiya Xarici İşlər Nazirliyinə nota təqdim edib.

Notada deyilir ki, “marşal Konevin abidəsinin dağıdılması Rusiya tərəfindən müvafiq cavabsız qalmayacaqdır”.

Rusiya prezidenti Vladimir Putinlə isti münasibətləri olan Çexiya prezidenti Milos Zeman isə deyib ki, hakimiyyət orqanları bu heykəli sökməklə koronavirusa görə elan edilmiş karantin rejimini pozub.

Qızı atasının heykəlini istəyir

Yerli bələdiyyə bildirir ki, heykəlin yerində Praqanı nasistlərdən azad etmiş müqavimət üsyanı iştirakçılarının xatirəsinə yeni abidə ucaldılacaq.

Praqanın yerli müqavimət qüvvələri tərəfindən azad edilməsi Konevin qoşunlarının şəhərə daxil olmasından bir neçə gün əvvəl baş vermişdi.

Konevin Praqadakı heykəli Çexoslovakiyanın kommunist rejimi tərəfindən ucaldılmışdı.

İndi bu heykəlin tarix muzeylərindən birinə veriləcəyi bildirilib.

Konevin qızı atasının heykəlinin Rusiyaya gətirilməsini istəyir, amma Rusiya hökuməti bundan imtina edir.

XS
SM
MD
LG