Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:41

SMS-lə evdən çıxmaq 'Konstitusiyaya ziddir'


Koronavirus cərimələri: Bir həftəyə 2 milyon manat
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Koronavirus cərimələri: Bir həftəyə 2 milyon manat

Aprelin 5-dən Azərbaycanda evdən çıxa bilmək üçün mütləq hökumətin razılığı olmalıdır. Əks halda, karantin rejimini pozmaqda suçlanıb cərimələnmək, hətta həbs olunmaq təhlükəsi də var. İcazəsiz küçəyə çıxmağa görə ölkədə hər gün minlərlə vətəndaş cəzalandırılır.

Bir sıra ictimai-siyasi fəallar hökumətin tətbiq etdiyi SMS-icazə məsələsini məhkəmədə mübahisələndirmək niyyətindədir. Məsələn, araşdırmaçı jurnalist Xədicə İsmayıl, D-18 Hərəkatının sədri Ruslan İzzətli...

X.İsmayıl deyir ki, Azərbaycan hökumətinin yalnız SMS-lə razılıq alındıqdan sonra evdən çıxmağa icazə haqda tətbiq etdiyi qayda Konstitusiyaya ziddir: "Mən də daxil bir neçə vətəndaş məhkəmə yoluyla bu məhdudiyyətlərin hüquqi əsaslandırmasını tələb edəcəyik".

"Özünü humanist göstərmək istəyir"

R.İzzətli AzadlıqRadiosuna danışır ki, aprelin 7-də talassemiyalı uşaqlara qan verməyə gedəndə onu polislər saxlayıb, SMS-icazəsi olmadan çıxdığına görə 100 manat cərimələyib: "Talassemiya Mərkəzində 1500-dən çox uşaq qeydiyyatdadır və bildiyimə görə, qan bankında qıtlıq yaranıb. Qan verməyə gedəndə bir neçə postda məni saxladılar. Bəziləri tanıyıb buraxdı, Babək prospektində saxlayanlar isə SMS icazəm olmadığına görə cərimələnəcəyimi dedilər. Onlara bildirdim ki, Konstitusiya ən ali qanundur və 28-ci maddəsində vətəndaşların sərbəst hərəkət etmək hüququ əks olunub, kimsə bu hüququ məhdudlaşdıra bilməz. Yalnız fövqəladə hal rejimində bu hüquq məhdudlaşdırıla bilər. Bizdə də fövqəladə hal elan olunmayıb".

R.İzzətli
R.İzzətli

R.İzzətlinin sözlərinə görə, onun arqumenti nəzərə alınmayıb və ertəsi gün ona İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin pozuntusuna görə 100 manat cərimə mesajı gəlib.

Hərəkat rəhbəri deyir ki, koronavirus təhlükəsinə qarşı mübarizə aparılmasını anlayır, amma hesab edir ki, bu mübarizə insan hüquq və azadlıqlarının tapdanması hesabına olmamalıdır. Onun fikrincə, insanların yalnız dövlət orqanının razılığıyla evdən çıxışına icazə verilməsi siyasi qərardır:


"Faktiki, ölkədə fövqəladə hal rejimi tətbiq olunub, amma hüquqi baxımdan rəsmiləşdirmirlər. Çünki fövqəladə hal rejimində hökumətin özünün də iqtisadi öhdəlikləri yaranır. Ziyan çəkən vətəndaşlara, sahibkarlara yardım etməlidir, kommunal xərclərdə güzəştlər olmalıdır. Düzdür, hökumət müəyyən qədər vəsait ayırıb. Amma göstərmək istəyir ki, "mənim öhdəliyim yox idi, amma 200 minə yaxın adama iki ay 190 manatdan yardım edəcəm, kiçik və orta sahibkarlara pul verəcəm". Özünü humanist göstərmək istəyir. Bir tərəfdən deyir ki, evdə qal, o biri tərəfdən deyir ki, kreditini, kommunal xərclərini, ərzaq ehtiyaclarını da özün ödə...".

R.İzzətli əlavə edib ki, haqqındakı cərimə qərarını, ümumiyyətlə, SMS-icazə qaydasını məhkəmə qaydasında mübahisələndirmək üçün artıq vəkili şikayət hazırlayır və yaxın günlərdə təqdim edəcək.

A.İsmayılov
A.İsmayılov

"Avropa Məhkəməsi hüquq pozuntusunu tanıyacaq"

Vəkil Adil İsmayılov da deyir ki, insanları yalnız dövlət orqanlarının icazəsiylə evdən çıxmağa məcbur etmək birbaşa Konstitusiyaya ziddir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 28-ci maddəsi vətəndaşların azadlıq hüququna təminat verir: "Bu maddənin üçüncü bəndində yazılıb ki, "qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər". Amma indiki halda, Azərbaycanda adamlar sərbəst hərəkət edə bilmir, onların Konstitusiya ilə təminat verilən hüququ məhdudlaşdırılır".

Başqa bir hüquqşünas-ekspert Ələsgər Məmmədli də o fikirdədir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sözügedən qərarı hüquqi baxımdan problemli məsələdir.


Ekspertin sözlərinə görə, Konstitusiya ilə təminat verilən təməl hüquq və azadlıqlar yalnız qanunla məhdudlaşdırıla bilər: "Hərəkət azadlığı təməl hüquqdur. Məsələn, "Fövqəladə vəziyyət haqqında" Qanunda belə bir məhdudlaşdırma nəzərdə tutulub. Amma ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunmayıb, axı. Ona görə də bu qanuna istinad etmək mümkün deyil. Əgər bu məsələ Azərbaycanın da ratifikasiya etdiyi Avropa Konvensiyası baxımından mübahisələndirilsə, Avropa Məhkəməsi hüquq pozuntusunu tanıyacaq".

Hansı normayla bağlı seçim edilir

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, indiki halda Konstitusiyanın normalarından hansıyla bağlı seçim etmək məsələsi ortaya çıxır. Çünki Konstitusiya bir tərəfdən, vətəndaşlara sərbəst hərəkət etmək azadlığı verir, digər tərəfdən də, dövlətin üzərinə vətəndaşların sağlamlığını, təhlükəsizliyini təmin etmək öhdəliyi qoyur.

Ə.Nuriyev
Ə.Nuriyev

Ə.Nuriyevin fikrincə, fövqəladə vəziyyət rejimi tətbiq olunsaydı, bu cür suallar da meydana çıxmazdı: "Konstitusiyanın 71-ci maddəsində hüquq və azadlıqların hansı hallarda məhdudlaşdırılması əksini tapıb. Bunlardan biri də fövqəladə vəziyyət rejiminin tətbiqidir. Bu rejimdə tətbiq olunan məhdudiyyətlərlə bağlı konkretlik var. Amma nəzərə almaq lazımdır ki, fövqəladə vəziyyət məhdudiyyətləri daha da genişləndirəcəkdi. İndiki halda, seçim yaranıb - əhalinin sağlamlığı, təhlükəsizliyi, yoxsa hərəkət azadlığı? Nəzərə almaq lazımdır ki, sərbəst hərəkət azadlığının təmin olunması virusun daha çox yayılmasına və insanların həyatına daha böyük təhlükəyə gətirib çıxara bilər".

Ə.Nuriyev vurğulayır ki, hökumət "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanunun 25-ci (Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr) maddəsinə əsaslanaraq, xüsusi karantin rejimini tətbiq edib: "Koronavirus pandemiyası bütün dünyanı, o cümlədən bizi gözlənilməz halda yaxaladı. Ona görə də indiki halda şəraiti qiymətləndirib, uyğun qərarlar verilir".

Amma Ə.Məmmədli hesab edir ki, hökumətin "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna istinad etməsi doğru deyil. Onun sözlərinə görə, qanunda Nazirlər Kabinetinin tədbir görməsi nəzərdə tutulub: "Amma bu tədbirlər təməl hüquq və azadlıqların pozulmasına yönəlik addımlar ola bilməz. Olarsa, bunun hüquqi əsasını parlament müəyyən etməlidir".

XS
SM
MD
LG