Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:38

İranda müqəddəs ocaqların bağlı saxlanması mühafizəkarları qəzəbləndirir


Qum şəhəri
Qum şəhəri

İran Səhiyyə Nazirliyinin müqəddəs məqbərələrin hələ bundan sonra da bağlı qalacağına dair bəyanatı ölkə mühafizəkarlarını əsəbiləşdirib.

Səhiyyə naziri Saeed Namaki aprelin 30-da deyib ki, “müqəddəs ocaqlara gedən zəvvarlar üçün heç bir problemin olmayacağından əminlik yarananadək dini sitayiş yerləri bağlı qalacaq”.

Namakidən bir gün əvvəl nazirliyin başqa bir rəsmisi Alireza Raeisi demişdi ki, əgər epidemioloji vəziyyətdə dəyişiklik olmazsa, Qum şəhəri və Tehran da daxil olmaqla bir neçə yerlərdəki müqəddəs ocaqlar Ramazan ayının sonunadək bağlı saxlanacaq.

Buna baxmayaraq ölkənin mühafizəkar ruhani xadimləri müqəddəs məqbərələrin açılması üçün hökumət üzərinə təzyiqlərini artırır.

Onların çağırışları Qumda Məsumə və Məşhəddə İmam Rza məqbərələrinə möminlərin hücumları ilə nəticələnib.

Hökumət hər il milyonlarla şiə müsəlmanın ziyarət etdiyi yerləri mart ayından bəri bağlayıb. Bundan əvvəl bu ocaqlar koronavirus epidemiyasının yayılmasında əsas rol oynamışdılar.

İranda ilk kütləvi yoluxma halları məhz Qumda baş vermişdi. Belə ziyarətgahlara baş çəkənlər çox vaxt buradakı daşları öpür və insanlar burada sıx toplaşmalı olurlar.

Aprelin 29-a olan məlumata görə İranda indiyədək 93, 500 nəfər koronavirusa yoluxub. Bunlardan 6000 nəfəri vəfat edib.

İran hökumətinin informasiya şəffaflığını təmin etməməsinə görə bir çox beynəlxalq ekspertlər COVID-19 statistikasının kiçildildiyi qənaətindədir.

Prezident qərarında qətidir

Aprelin 29-da müqəddəs şiə şəhəri Qumdakı seminariyaların sözçüsü, prezident Hassan Rohanini müqəddəs ocaqların bağlı saxlanması qərarına yenidən baxmağa və İran xalqından üzr istəməyə çağırıb.

Höccətülislam Abbas Rafaati Naeini iddia edib ki, ölkənin antikoronavirus işçi qüvvəsinin ekspertləri müqəddəs məqbərələrin epidemiyanın yayılmasında minimum rol oynadığını deyiblər.

Buna bənzər çağırışları Məşhəd şəhərində cümə namazlarına rəhbərlik edən nüfuzlu ayətüllah Ahmad Alamolhoda da səsləndirib. O prezidentin qatı tənqidçilərindən biridir.

Rohaninin müşaviri Hesamedin Ashna Twitter-də yazıb ki, dini yerlərin açılması ilə bağlı çox ciddi müzakirələr aparılıb.

Prezident Hassan Rohani bu həftənin əvvəllərində demişdi:

"Təəssüf ki, biz koronavirusla hələ bir qədər uzun müddətdə yanaşı yaşamalı olacağıq”.

İran hakimiyyət orqanları iranlıları dəfələrlə koronavirusla bağlı sağlamlıq qaydalarına əməl etməyə çağırıb.

Rəsmilər xəbərdarlıq ediblər ki, əks halda ölkəni COVID-19-un ikinci dalğası vura bilər.

XS
SM
MD
LG