Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:48

ABŞ-da koronavirusdan ölənlərin sayı 80 mini keçdi


Ukraynada gözəllik salonu
Ukraynada gözəllik salonu

Birləşmiş Ştatlarda COVID-19-dan gündəlik ölü sayı azalmaya doğru getsə də, mayın 11-də 830 nəfərin vəfat etdiyi açıqlanıb. Bununla da koronavirusdan ölü sayı 80 mini keçib və bu, istənilən ölkədən çoxdur.

Johns Hopkins Universiteti Birləşmiş Ştatlarda koronavirusa 1,3 milyondan çox insanın yoluxduğunu göstərir.

Dünya üzrə isə təsdiqlənmiş yoluxma sayı 4,1 milyon nəfər, ölü sayı 286 mindən çoxdur. Amma ekspertlər bu rəqəmlərin reallığı tam əks etdirmədiyini düşünürlər.

Fransa, Britaniya

Mayın 11-də Fransa və Belçika təcrid qaydalarını tədricən yumşaltmağa başlayıb. Ümumiyyətlə, Avropanın bəzi yerlərində pozitiv trend ehtiyatlı nikbinliklə izlənir. İspaniyada koronavirusdan gündəlik ölü sayı 123-ə düşüb, İtaliyada reanimasiyada mindən də az xəstə qaldığı bildirilir.

Fransada da son günlər ölü sayı azalırdı, amma mayın 11-də birdən- birə 263 yeni yoluxma açıqlanıb.

Parisdə həyat yenidən qaynamağa başlayıb, ictimai nəqliyyatda gecikmələr yaranıb. Bulvarlar əhaliylə dolub, ancaq polis hökumətin tələblərinə baxmayaraq maskasız piknik keçirənləri dağıdıb.

Britaniyanın Baş naziri Boris Johnson qadağalarda yüngül yumşaltma elan eləsə də, vətəndaşları əldə olunan proqresi puç etməməyə çağırıb. Hökumət ölkənin tədrici acılımı üçün “ehtiyatlı yol xəritəsi” təqdim edib. Əhalidən maska geyinmək xahiş olunur, mağazaların iyunda açıla biləcəyi bildirilir.

Britaniyada rəsmi ölü sayı 32 min 65-ə çatıb ki, bu Avropada birinci, dünya üzrə Birləşmiş Ştatlardan sonra ikinci yer deməkdir.

Təmasların izlənməsi

Çexiya Respublikasında maska taxmaq pandemiyanın ilkin mərhələsindən məcburidir, mayın 25-dən tələbin qaldırılacağı açıqlanıb. Mayın 17-də başa çatmalı olan fövqəladə vəziyyət daha uzadılmayacaq.

Virusun dekabrda peyda olduğu Çində də həyat normala qayıdır. Mayın 11-də Şanxay Disneylend üç aylıq fasilədən sonra açılıb.

Almaniya və Cənubi Koreyada xəstələrin kontaktlarının dinamik şəkildə izlənməsi həmin ölkələrin virusu nəzarətdə saxlayacağına ümid yaradır. Bunu Dünya Səhiyyə Təşkilatının fövqəladə məsələlər üzr başçısı Michael Ryan mayın 11-də deyib.

Cənubi Koreyada 8 min 500-dən çox polis əməkdaşı ölkəboyu səfərbər olunub, aprelin sonu, mayın əvvəlində Seulda gecə barlarının müştəriləri olmuş minlərlə şəxsi tapmağa çalışır. Səhiyyə Nazirliyi həmin rayonun yeni infeksiyalara səbəb olduğunu bildirir. Ümumilikdə 101 yeni yoluxma müəyyən olunub, hazırda tibb işçiləri onlarla təmasda olmuş minlərlə insanı müəyyənləşdirərək test etməyə çalışır.

Bəzi ölkələrdə təmasların izlənməsi tətbiqləri hazırlanır, kiminsə yoluxmuş şəxslə ünsiyyətdə olub-olmaması üzə çıxarılır. Amma bu texnologiya da insan təhqiqatçıları üçün yalnız əlavə bir köməkdir.

XS
SM
MD
LG