Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:54

'Homo sapiens' Avropaya nə vaxt gedib


Tədqiqatçılar mağarada iş başında
Tədqiqatçılar mağarada iş başında

Bolqarıstanın mərkəzində yerləşən mağarada tapılan insan qalıqları müasir insanın Avropadakı neandertallarla əlaqələrinin düşünüldüyündən daha geniş olduğunu göstərir. Bu tapıntı neandertalların kökünün niyə kəsilməsinə dair sualları cavablandıra bilər.

İndiyədək elmə bir məqam bəlli idi: Avropa və Asiyadakı müasir insanlarla neandertallar arasında sonuncuların kökü kəsilənədək əlaqə olub. Amma hansı müddətdə yanaşı yaşamalarına dair elmi mübahisələr vardı.

Dryanovo yaxınlığında aşkarlanan qalıqlar üzərində Almaniyadan iki tədqiqatçı komandası araşdırma apararaq onların yaşını müəyyənləşdirib. Tədqiqat müasir insanın oraya azı 45 min il əvvəl, hətta bir az da əvvəl getdiyini üzə çıxarıb.

Bu qalıqlar Rumıniyada tapılanlardan min illərlə yaşlıdır, Britaniya və İtaliyada aşkarlanan dəlillərdən də daha qədimdir. Bu, Homo sapiensin Avropaya indiyədək bilindiyindən xeyli əvvəl getdiyini göstərir.

Tədqiqatçıların fikrincə, qalıqların DNT-si onların müasir Homo sapiensə məxsus olduğunu sübuta yetirir.

Tədqiqat Homo sapiensin Avropaya getmə tarixini bir neçə min il qabağa atmış olur. Afrikada 300 min il öncə yaranmış insan növünün tarixində bu, bir dönüş mərhələsi sayılır.

Mağaradan tapılmış insan qalıqları 43 min- 46 min il əvvələ, onlarla birgə tapılan əşyalar isə 47 min əvvələ aiddir, tədqiqatçılardan Jean-Jacques Hublin deyib.

Homo sapiens-dən daha möhkəm quruluşlu neandertallar o zaman artıq yüzminillər idi Avropada yaşayırdılar. Hublin deyir ki, yeni tapıntı iki növün 8 min ilədək eyni vaxtda yaşadığını, sonradan neandertalların kökünün kəsildiyini göstərir.

Homo sapiens neandertalın axırına necə çıxdı

Bir versiyaya görə, müasir insan növü min illər boyunca qarşılıqlı təsir göstərmə, cütləşmə yoluyla onların axırına çıxıb.

“Fikrimcə, neandertallar Avropadan bizim növlə rəqabət nəticəsində yoxa çıxıb. Amma bu, bir gecəyə baş verməyib”, – “Nature” dərgisində dərc olunmuş tədqiqatın əsas müəllifi olan Hublin deyir.

Mağarada xeyli ayı sümüyü də tapılıb. Hublin deyir ki, qədim avropalılar başqa heyvanların deyil, məhz ayı sümüklərindən boyunbağılar düzəldiblər.

Alimin fikrincə, indiyədək neandertalların zərgərlik bacarıqları bəlli deyildi və bu kəşf onların boyunbağı düzəltməyi məhz bizim növdən öyrəndiyini göstərir.

Bu araşdırma “müasir insanların 45 min il əvvəl Qərbi Asiyadan Avropaya getməsi nəzəriyyəsini gücləndirir”, – tədqiqat iştirakçısı olmayan, Tuebingen Universitetindən Katerina Harvati “The Associated Press”ə deyib.

Harvati neandertalların zərgərliyi müasir insandan öyrənməsi məsələsində Hublin-lə razılaşır. Amma digər ekspertlər bunu bir nəzəri fikir hesab edərək o qədər də inanmadıqlarını söyləyiblər.

XS
SM
MD
LG