Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Çexiya Rusiyanın iki diplomatını qovur


Rusiya Federasiyasının Praqadakı səfirliyinin binası
Rusiya Federasiyasının Praqadakı səfirliyinin binası

Çexiyanın baş naziri Andrej Babis deyib ki, onun hökuməti Rusiya səfirliyinin iki əməkdaşını persona non grata elan edib və onların ölkədən çıxması tələb olunub.

İyunun 5-də Praqada xarici işlər naziri Tomas Petriceklə birgə keçirdiyi mətbuat konfransında Babis bildirib ki, bu addım “risin insidenti” kimi tanınan hadisəyə görə atılıb.

Sonradan məlum olmuşdu ki, “risin əhvalatı” Rusiya səfirliyi əməkdaşları arasında gedən çəkişmənin nəticəsində baş verib və konkret əsası olmayıb.

Babis bildirib ki, Rusiya diplomatlarından biri məqsədyönlü şəkildə Çexiya rəsmilərinə hücum hazırlandığına dair saxta məlumatı ölkə təhlükəsizlik xidmətinə göndərib.

Mətbuat konfransı zamanı nə Babis, nə də Petricek jurnalistlərin suallarına cavab verməyiblər. Onlar habelə söhbətin hansı diplomatlardan getdiyini də deməyiblər.

Rusiya səfirliyinin bəyanatında deyilir ki, diplomatların ölkədən çıxarılması qərarı Praqanın iki ölkə arasında münasbətlərin normallaşdırılmasında maraqlı olmadığını göstərən “qeyri-dost” addımıdır.

Qalmaqalı media yaradıb

Belə görünür ki, qalmaqal Çexiya mediasının Praqadakı Rusiya səfirliyinin Elm və Mədəniyyət Mərkəzinin direktor müavini Andrei Konchakov-un ölkəyə risin maddəsi gətirdiyinə dair xəbərləri ilə yaranıb.

Mart ayında Çexiyanın bəzi mediaları zəhərli risin maddəsinin Praqanın meri Zdenek Hribin və paytaxtın daha iki rəsmisi - Ondrej KolarPavel Novotny-nın qətlə yetirilməsi üçün gətirildiyini iddia edirdilər.

Moskva həmin vaxt bu iddiaları “qondarma” adlandıraraq rədd etmişdi.

O vaxt Çexiyanın həftəlik Respekt jurnalı təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazırdı ki, Rusiya kəşfiyyatının agenti bu qətlləri törətmək məqsədilə diplomatik pasportla Praqaya gəlib.

Ötən ay Çexiya mediası söhbətin Rusiya kəşfiyyat əməliyyatçısı olduğu iddia edilən Andrei Konchakov-dan getdiyini yazmışdı.

Yanlış ehtimal

Bu xəbərlərlə əlaqədar Çexiya rəsmiləri Kolar, Hrib və Novotny-ya daimi polis qoruması verilmişdi.

Məsələ burasında idi ki, bu üç siyasətçi bu və ya digər dərəcədə Moskvanı qəzəbləndirən hərəkətlərə yol vermişdilər.

Onlar sovet marşalı Ivan Konevin Praqanın mərkəzi parklarından birindəki abidəsinin demontajını dəstəkləmişdilər.

Belə düşünülürdü ki, Moskva bu “qeyri-dost” hərəkətlərin qisasını ala bilər.

Moskva 2018-ci ildə Britaniyada yaşayan keçmiş Rusiya casusu Skripal və onun qızının zəhərlənməsi cəhdində ittiham olunur.

Rusiya tərəfi bildirib ki, üç rəsminin öldürülməsi planına dair uydurmalar Praqanın Moskvaya qarşı dezinformasiya kampaniyasının bir hissəsidir.

XS
SM
MD
LG