Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:07

Putin Rusiyanın koronavirusdan ‘minimum itkiylə’ çıxdığını deyir


Vladimir Putin
Vladimir Putin

Prezident Vladimir Putin deyir ki, Rusiya koronavirus pandemiyasından minimum itkiylə çıxır və böhranı Birləşmiş Ştatlardan daha yaxşı idarə edib. Ancaq Rusiyanın təqdim etdiyi rəqəmlərlə bağlı suallar qalmaqdadır.

Rusiya “rahat işləyir və koronavirusdan inamla, minimum itkiylə çıxır”, – Putin dövlət televiziyasında deyib.

Johns Hopkins Universitetinin hesablamasına görə, Rusiyada bu xəstəlikdən 6 min 938 ölüm halı qeydə alınıb. Yoluxma sayına görə dünyada Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdə olmasına, yarım milyondan artıq yoluxmaya baxmayaraq, ölüm halları bir çox ölkələrdən çox aşağıdır.

Statistikayla bağlı şübhələr

Rusiyanın təqdim etdiyi statistika indiyədək sual doğurub. Tənqidçilərin fikrincə, hakim orqanlar siyasi məqsədlər – pandemiyanın miqyasını kiçiltmək üçün rəqəmləri saxtalaşdıra bilərdi. Dünya Səhiyyə Təşkilatının (DST) aparıcı rəsmisi də deyib ki, Rusiyadakı az ölüm sayı “əlbəttə ki, qeyri-adidir”.

Rusiyadan fərqli olaraq, bəzi ölkələrin rəsmi statistikasına COVID-19-a yoluxaraq başqa xəstəlikdən ölənlər də salınır. Bunu DST-dən Dr. Michael Ryan deyib.

“Rusiya hakimiyyətinin ölümləri dəqiq sənədləşdirməsindən əmin olması üçün ölüm şəhadətnaməsinin verilməsi qaydasına yenidən baxması vacibdir”, – “Associated Press” Ryan-a istinadla yazır.

“Rossiya-1” televiziyasına müsahibəsində isə Putin ölkə hakimiyyətinin federal və yerli səviyyədə böhranı Birləşmiş Ştatlardan daha yaxşı idarə etdiyini deyib.

“Rusiya hökumətində, yaxud regionlarda elə bir adam təsəvvür etmirəm ki, hökumətin, yaxud prezidentin dediyini etməsin”, – Putin vurğulayıb.

ABŞ-da 115 mindən çox xəstənin vəfat etməsinə gəlincə, Putin deyib ki, görünür, “partiya maraqları” “ümumilikdə cəmiyyətin, xalqın maraqlarından üstün tutulub”.

Putin-in sözlərinə görə, virus ABŞ-da dərin daxili böhranlara yol açıb. O, ilk dəfə olaraq Birləşmiş Ştatlarda irqçiliyə qarşı etirazları da şərh edib, onları “dərin kök salmış daxili böhranların” əlaməti adlandırıb.

Putin vətəndaşları iyulun 1-də konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləməyə çağırıb. Bu dəyişikliklər 67 yaşlı Putin-in 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər. O, 20 ildir ölkəni idarə edir.

XS
SM
MD
LG