Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:45

Fransa Türkiyəyə görə NATO missiyasını müvəqqəti dayandırır


Fransanın Charles de Gaulle təyyarədaşıyan gəmisi Liviya sahilində (Foto arxivdəndir)
Fransanın Charles de Gaulle təyyarədaşıyan gəmisi Liviya sahilində (Foto arxivdəndir)

BBC yazır ki, Fransa Türkiyə ilə böyük fikir ayrılığı ilə bağlı NATO-nun təhlükəsizlik əməliyyatını müvəqqəti dayandırdığını bildirib.

Fransanın Müdafiə Nazirliyi iyulun 1-də bəyan edib ki, NATO müttəfiqi Türkiyənin Liviyaya qarşı BMT embarqosunu pozmasına görə Dəniz Keşikçisi Əməliyyatından (Operation Sea Guardian) çıxmalı olub.

Bundan bir neçə həftə əvvəl Fransa Aralıq dənizində onun hərbi gəmisinin Türkiyənin hərbi gəmiləri tərəfindən hədəfləndiyini bəyan etmişdi.

Ankara bu iddianı dərhal təkzib edib.

Türkiyə və Fransa Liviya vətəndaş münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.

2011-ci ildə polkovnik Muammar Gaddafi devriləndən bəri Liviyada daxili münaqişə davam edir.

Hazırda burada BMT tərəfindən tanınmış Milli Barışıq Hökuməti (MBH) ölkənin şərqində və cənubunda böyük ərazilərə nəzarət edən general Khalifa Haftarın Liviya Milli Ordusu ilə döyüşür.

Fransa və Türkiyə arasında Liviyaya görə korlanmış münasibətlər son aylarda xüsusilə tarıma çəkilib.

Fransa Türkiyənin Suriyanın şimalında oynadığı roldan, habelə şərqi Aralıq dənizində qazma işləri aparmasından narazıdır.

İnsident

Lakin iki ölkə arasında əsas insident iyunun 10-da baş verib.

Həmin gün Fransanın “Coubert” hərbi freqatı Liviya sahillərində Tanzaniyanın bayrağı altında üzən “Cirkin” yük gəmisini təftiş etmək istəyib. Fransızlar gəmidə silahların olub-olmamasını yoxlamaq istəyirdilər.

Həmin vaxt Fransa gəmisi NATO-nun Dəniz Keşikçisi Əməliyyatında iştirak edirdi. Bu əməliyyatdan məqsəd naviqasiyanın sərbəstliyinin təmin edilməsi, habelə “dəniz antiterror fəaliyyəti” idi.

Bununa ardınca baş verənlər barədə məlumatlar mübahisəlidir. Fransa Müdafiə Nazirliyi bildirib ki, “Cirkin” gəmisini müşayiət edən Türkiyə hərbi gəmiləri “Coubert” freqatını üç dəfə radarla nişan alıblar.

Bu isə o deməkdir ki, Türkiyə tərəfi atəş açmağa hazır olduğunu bildirirdi.

Türkiyə “Cirkin” gəmisinin tibb avadanlığı daşıdığını və onun gəmilərinin Fransa gəmisi ilə aqressiv davranmadığını bildirir.

Buna baxmayaraq, Fransa Türkiyənin davranışının və bu insidentin araşdırılması üçün NATO rəhbərliyinə müraciət edib.

Ankara və Parisin qarşılıqlı ittihamları

Son həftələrdə iki ölkə qarşılıqlı təhqir və ittihamlar səsləndirib.

İyunun 29-da Fransa prezidenti Emmanuel Macron deyib ki, “Türkiyə Liviyadakı münaqişəyə görə tarixi cinayət məsuliyyəti daşıyır”.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Fransanı Liviyada “pozucu rol oynamaqda” ittiham edib.

O bildirib ki, Fransa Liviyada Rusiyanın hərbi mövcudiyyətinin genişlənməsinə çalışır.

Bunun ardınca isə Fransa NATO-nun Dəniş Keşikçisi Əməliyyatındakı iştirakını dayandırdığını bəyan edib.

Fransa Müdafiə Nazirliyinin sözçüsü deyib ki, “embarqoya ehtiram etməyən müttəfiqlə bir arada qalmağın mənası yoxdur”.

Fransa Haftarı dəstəklədiyini inkar etsə də

Liviyadakı münaqişənin hər iki tərəfi beynəlxalq dəstəyə malikdir.

Türkiyə, İtaliya və Qatar BMT tərəfindən tanınmış Tripoli hökumətini dəstəkləyirlər.

Lakin Rusiya, Misir və Birləşmiş Ərəb Əmirlikləri general Haftarın tərəfindədirlər.

Fransa Haftarı dəstəklədiyinə dair iddiaları dəfələrlə inkar edib.

BMT embarqosu Liviyaya dəniz daşımalarının qarşısını almaq məqsədi güdsə də, bu vaxtadək o qədər də səmərəli olmayıb.

Türkiyə və MBH 2019-cu ildə hərbi əməkdaşlığa dair saziş imzalayıblar. Ankara bunun ardınca Liviyaya hərbi qüvvə və silahlar göndərib.

BMT-nin may ayında açıqlanmış hesabatında deyilirdi ki, Liviyada Putinə yaxın oliqarx Yevgeny Prigozhin-in yüzlərlə muzdlu əsgəri var.

Bu əsgərlər Türkiyənin dəstəklədiyi hökumət qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər.

Daha sonra muzdluların Liviyadan çıxarılmasına dair xəbərlər yayılsa da, bu, rəsmən təsdiq edilməyib.

XS
SM
MD
LG