Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:08

TikTok ABŞ-da qadağan oluna bilər – Qərb mediası


TikTok-un loqosu
TikTok-un loqosu

ABŞ Dövlət katibi Mike Pompeo bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar TikTok daxil Çin sosial media tətbiqlərini qadağan etməyi “nəzərdən keçirir”. Pompeo bunu “Fox News”a müsahibəsində deyib.

İndiyədək konqresmenlər TikTok-un istifadəçi datasını idarə etməsindən dolayı təhlükəsizlik əndişələrini dilə gətiriblər. Onlar Çin qanunlarından narahat olduqlarını deyiblər. Bu qanunlar yerli şirkətlərdən “Çin Kommunist Partiyasının nəzarətində olan kəşfiyyatı dəstəkləmək və onlarla əməkdaşlıq tələb edir”.

TikTok Çində işləmir, qlobal miqyasa çıxmaqdan ötrü özünü Çin köklərindən məsafədə saxlayır, Pekindən müstəqil olduğunu vurğulayır.

Bu arada ABŞ-Çin münasibətlərində bir sıra məsələlərdən dolayı gərginlik yaşanır. Səbəb Çinin koronavirus pandemiyasına reaksiyası, Çinin Honq Konqdakı hərəkətləri və iki ilə yaxındır gedən ticarət müharibəsidir.

Qısa videolar tətbiqi olan TikTok Çində mənzillənən ByteDance şirkətinə məxsusdur. Tətbiq bu yaxınlarda 58 digər Çin tətbiqilə birlikdə Hindistanda qadağan olunub. Buna iki ölkə sərhədindəki toqquşma səbəb olub.

“Reuters”in iyulun 6-da verdiyi xəbərə görə, TikTok bir neçə günə Honq Konq bazarını tərk edəcək. Buna Çin isteblişmentinin yarımuxtar şəhərdə yeni milli təhlükəsizlik qanunu tətbiq etməsi səbəb olub.

Sosial şəbəkələr Honq Konqda necə işləyəcək

Facebook, WhatsApp, Telegram, Google və Twitter kimi media platformaları və mesajlaşma tətbiqləri isə deyirlər ki, Honq Konda istifadəçi datasıyla bağlı hüquq-mühafizə orqanlarının xahişləri rədd olunacaq. Bu haqda “The Assosiated Press” yazır.

Facebook və onun mesajlaşma tətbiqi olan WhatsApp bazar ertəsi ayrı-ayrılıqda verdikləri bəyanatlarda bildiriblər ki, Honq Konqda oxşar müraciətlərə baxılmasını dondururlar, “Milli Təhlükəsizlik Qanunu ilə bağlı əlavə dəyərləndirmə gözləyirlər”. Qanunun formal insan haqları kontekstində dəyərləndirildiyi, beynəlxalq insan haqları ekspertləri ilə məsləhətləşmələr aparıldığı bildirilir.

Yeni qanun ayırıcı, təxribatçı, terrorçu fəaliyyəti qadağan edir. “Honq Konqu azad et, zəmanəmizin inqilabı” tipli demokratik şüarlar kriminallaşdırılır. Honq Konq hökuməti bu şüarlarda separatçı çalarlar olduğunu bildirir.

Yeni qanunun yarımuxtar şəhərdə azadlıqları təhrif edəcəyi sarıdan narahatlıq var. Britaniya Honq Konqu 1997-ci ildə Çinə təhvil verəndən şəhər “bir ölkə, iki sistem” prinsipilə mövcud olub. Bu prinsip Honq Konq sakinlərinə Çində olmayan azadlıqlar, məsələn, internetə məhdudiyyətsiz çıxışla təmin edib.

Telegram-ın sözçüsü Mike Ravdonikas deyib ki, sosial şəbəkə “Honq Konqdakı istifadəçilərimizin gizlilik hüququnun qorunmasının vacibliyini anlayır”. Telegram Honq Konqdakı etirazlarla bağlı informasiyanın yayılmasında geniş istifadə olunub.

XS
SM
MD
LG