Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:26

DST Türkmənistandan narahatdır


Türkmənistanda boş dəmiryolu stansiyası
Türkmənistanda boş dəmiryolu stansiyası

DST missiyasının rəhbəri Catherine Smallwood hökumətə tövsiyə edib ki, “Türkmənistanda, sanki COVID-19 yayılırmış kimi, vacib ictimai səhiyyə tədbirləri görsün”

Dünya Səhiyyə Təşkilatı (DST) Türkmənistanda pnevmoniya xəbərlərindən “narahatlığı”nı bildirib. Bu ölkə Orta Asiyada rəsmən koronavirusun qeydə alınmadığını bildirən yeganə dövlətdir.

İyulun 14-də Aşqabadda mətbuat konfransında çıxış edən DST missiyasının rəhbəri Catherine Smallwood hökumətə tövsiyə edib ki, “Türkmənistanda, sanki COVID-19 yayılırmış kimi, vacib ictimai səhiyyə tədbirləri görsün”.

DST-nin 10 günlük missiyası uzun yubanmadan sonra həyata keçirildi.

Smallwood hökumətin “son vaxtlar daha güclü tədbirlər işə salmasını” ölkədə koronavirusun potensial yayılmasını önləmək cəhdi adlandırıb.

Radionun müxbirləri xəbər verir ki...

Ancaq onu da qeyd edib ki, komandası “kəskin respirator xəstəliyin, yaxud naməlum səbəbli pnevmoniya hallarının artdığını bilir və bu məlumatlardan narahatdır”.

Koronavirus pnevmoniya daxil ağır xəstəliyə səbəb ola bilər.

“Bu səbəbdən nəzarət və test sistemlərini genişləndirməyi, nümunələrin təsdiqlənmiş testlərdən ötrü DST-nin arayış laboratoriyalarına göndərməyi tövsiyə edirik, bir çox ölkələr pandemiyanın ilkin mərhələlərində belə ediblər”, – Smallwood deyib.

O vurğulayıb ki, “virusun dayandırılması hər kəsin iştirakından asılıdır”, “cəmiyyətin bütün cavab tədbirlərinin ayrılmaz hissəsi” olduğunu vurğulayıb.

Türkmənistan rəsmən koronavirusa yoluxmanın olmadığını bildirsə də, AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri yerli xəstəxanaların pnevmoniya simptomları olanlarla dolduğunu xəbər verib. Tibbi personal daxil olmaqla bəziləri vəfat edib.

Müxbirlər bəzi yerlərdə xüsusi karantin zonalarının yaradıldığını, bəzi sənaye obyektlərinin bağlandığını xəbərləyir.

Aylardır ölkə rəsmiləri koronavirusun adını belə çəkmək istəmirlər. Həftənin əvvəlində isə səhiyyə rəsmiləri vətəndaşları “ağciyərləri tozdan qorumaqdan ötrü” açıq havada maska taxmağa çağırıb.

Gürcüstanda da müxalifət narahatdır

Gürcüstanda isə deputatlar İctimai Səhiyyə Qanununa əlavələri ilin sonunadək uzadıblar. Bu, hökumətə fövqəladə vəziyyət elan etmədən qadağalar tətbiq etmək səlahiyyəti verir.

İyulun 15-də müddəti bitən dəyişikliklərin uzadılmasına 79 deputat səs verib. Parlament komissiyasının sədri Dimitri Khundadze qərarın uzadılmasının gərəkdiyini ölkədə COVID-19-un “daha dağıdıcı” ikinci dalğasının yayılmasının mümkünlüyü ilə izah edib.

Müxalifətdə olan Vahid Milli Hərəkatın deputatları isə iyulun 14-də keçirilən parlament iclasına qatılmayıblar.

Müxalifət partiyaları və qrupları deyirlər ki, hakim Gürcü Arzusu partiyası dəyişikliklərin müddətini uzatmaqla ictimai səhiyyə məsələsindən oktyabrda keçiriləcək parlament seçkisinə nəzarəti ələ almaq üçün istifadəyə çalışır.

Gürcüstanda indiyədək mindən artıq yoluxma qeydə alınıb, 15 nəfər dünyasını dəyişib.

XS
SM
MD
LG