Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:23

Rusiya ‘vaksin oğurluğu’ cəhdində ittiham edilir


Britaniya, Kanada və Birləşmiş Ştatlar Rusiyanı dünya boyunca elm və əczaçılıq müəssisələrindən COVID-19 vaksininin və müalicə tədqiqatının oğurlanması cəhdində ittiham ediblər.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (MKM) iyulun 16-da bidlirib ki, həm də “Dukes” və ya “Cozy Bear” kimi tanınan APT29 haker qrupu üç ölkədə COVID-19 vaksini araşdırması aparan təşkilatları hədəfləyib.

Bəyanatda deyilir ki, “məqsədi böyük bir ehtimalla COVID-19 vaksininin inkişaf etdirilməsi və sınağı ilə bağlı intellektual mülkiyyəti oğurlamaq” olan kiberhücum hazırda davam edir.

Bu da bildirlir ki, APT29-un Rusiya kəşfiyyat orqanlarının bir hissəsi kimi fəaliyyət göstərməsi az qala heç bir şübhə doğurmur və qrupun hücumlarına dair məlumat Birləşmiş Ştatlar və Kanadanın müvafiq qurumları ilə paylaşılıb.

MKM-in əməliyyatlar direktoru Paul Chichester “koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş həyati işi görənlərə qarşı rəzil hücumları” qətiyyətlə pisləyib.

Dominic Raab
Dominic Raab

Britaniyanın xarici işlər naziri Dominic Raab deyib ki, Rusiya kəşfiyyat orqanlarının koronavirus üzərində işi hədəfləməsi “tamamilə qeyri-məqbuldur”.

O əlavə edib ki, Britaniya bu hücumlar üçün cavabdehlik daşıyanlara qarşı müttəfiqləri ilə birlikdə tədbirlər görəcək.

Məxfi Rusiya hesabatı açıqlanacaq

Raabın bəyantında deyilir ki, “Birləşmiş Krallıq və onun müttəfiqlərinin vaksinin əldə edilməsi və qlobal sağlamlığın qorunması üçün ağır zəhmətlə məşğul olduqları bir vaxtda bir başqaları məsuliyyətsiz davranışla öz xudbin maraqlarını güdürlər”.

Bu bəyanatdan əvvəl Britaniya hökuməti bildirmişdi ki, Rusiya qruplarının Britaniyada ötən il keçirilmiş parlament seçkisinə müdaxiləyə çalışması “demək olar tam aydındır”.

Raab deyib ki, Rusiyanın parlament seçkisinə qarşı geniş spektrli kampaniyasının olduğuna dair dəlillər yoxdur, amma “bizim demokratik prosesimizə hər hansı müdaxilə cəhdi tamamilə yolverilməzdir”.

Hökumət bildirir ki, Britaniya seçkisinə və Avropa İttifaqına üzvlüklə bağlı referenduma Rusiyanın iddia edilən geniş müdaxiləsinə dair çoxdan gözlənilən hesabat, nəhayət gələn həftə açıqlanacaq.

Kreml inkar edir

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Rusiyanın əczaçılıq şirkətlərinə və tədqiqat mərkəzlərinə hücumla və ya Britaniya seçkisinə müdaxilə cəhdi ilə heç bir bağlılığı yoxdur.

MKM-in bəyanatında deyilir ki, Cozy Bear həssas kompüter sistemlərinə müdaxilə üçün proqram qüsurlarından istifadə edib və virusa yoluxdurulmuş kompüterlərdən materialların yüklənməsi və köçürülməsində faydalanıb.

Hakerlər habelə ayrı-ayrı fərdlərə fişinq hücumları ilə parolları əldə etməyə çalışıblar.

Britaniya konkret olaraq hansı təşkilatların hücuma məruz qaldığını və ya hər hansı informasiyaların oğurlanıb-oğurlanmadığını bildirmir.

Birləşmiş Ştatlar Cozy Bear hakerlərinin Rusiya hökumətinə bağlı qrup kimi 2016-cı il ABŞ seçkisi ərəfəsində Demokrat Partiyasının serverlərinə kiberhücum etdiyini müəyyənləşdirmişdi.

XS
SM
MD
LG