Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:41

Vaksinlərdən yaxşı xəbərlər var


COVID-19-a qarşı üç eksperimental vaksinin təhlükəsiz olduğu və immunitet yaratdığına dair ümidverici xəbərlər gəlir.

Bunlardan biri də indiyədək lider sayılan və diqqətlə izlənən Britaniya vaksinidir. Həmin vaksin İngiltərənin Oksford Universitetində hazırlanır.

Bu üç vaksinin insanlar üzərində erkən sınaqlarının nəticələri barədə məlumat iyulun 20-də açıqlanıb.

Məlumatda vaksinlərin ümidverici olduqları bildirilir. Bununla belə onların tam təhlükəsiz olduğu və uzunmüddətli immunitet yaratdığı hələ təsdiqlənməlidir.

Bunun üçün üç vaksinin üçü də real həyat şəraitində genişmiqyaslı sınaqdan çıxmalıdır.

Tibb ekspertləri deyirlər ki, vaksin və ya vaksinlər olmadan yeni tipli koronavirusun qarşısının alınması mümkün olmayacaq.

Bu virus indiyədək dünya boyunca 600 mindən çox insanın həyatına son qoyub. Bütün dünyada bu virusa 14.6 milyon nəfər yoluxub.

Oksford Universitetinin alimləri The Lancet jurnalında dərc edilmiş hesabatda bildirirlər ki, onların hazırladıqları vaksin iynəsi insanlarda ikili immun reaksiyası yaradıb və heç bir əhəmiyyətli fəsad törətməyib.

Bu vaksindən yaranan zəif fəsadlar isə yalnız yorğunluq və başağrısıdır.

Vaksin tam immunitet yaradır

Sınaqlar 18-55 yaşları arasında olanların üzərində aparılıb və azı iki ay müddətində bu adamlarda immunitet yarandığı təsdiq olunub.

Vaksinin təcrübədən çıxarılmasında 1000-dək könüllü iştirak edib. Eksperimental vaksin onların yarısına vurulmuşdu.

Təcrübə vaksinin orqanizmdə neyrtrallaşdırıcı anticismlər yaratdığını və bununla da virusun hüceyrələri yoluxdurmasının qarşısını aldığını nümayiş etdirib.

Könüllülərin 91 faizində immunitet birinci dozadan, bütün könüllülərdə isə ikinci dozadan sonra yaranıb.

Vaksinin habelə T-şəkilli hüceyrələrin, yəni ağ qan hüceyrələrinin artımına təkan verdiyi müəyyənləşib. Leykosit adlanan bu hüceyrələr koronavirusa qarşı mübarizədə dəstəkçi rol oynayır.

Alimlər eksperimental vaksinə ChAdOx1 nCoV-19 elmi adını veriblər. Bu vaksin özündə gen mühəndisliyi vasitəsilə koronavirusdan alınmış materialı və şimpanzeləri yoluxduran təhlükəsiz adenovirusu birləşdirir.

Oksford alimlərinin yaratdığı vaksinin kütləvi istehsalı AstraZeneca əczaçılıq şirkəti tərəfindən həyata keçiriləcək.

Bu şirkət artıq indiyədək müxtəlif ölkələrlə 2 milyard vaksin dozası barədə razılaşmalar imzalayıb.

Çin də finiş xəttinə yaxındır

Ayrıca olaraq Çin alimləri də özlərinin hazırladıqları vaksinin insan üzərində sınaqdan keçirilməsinin nəticələrini The Lancet jurnalında dərc ediblər.

Bu vaksinin üzərində CanSino Biologics Inc şirkəti və hərbi ekspertlər işləyirlər.

18-83 yaşları arasında olan 508 sağlam könüllü üzərində keçirilmiş sınaqlar vaksinin təhlükəsiz olduğunu və immunitet yaratdığını nümayiş etdirib.

Lakin CanSino şirkətinin namizəd vaksini əvvəllər adenovirusların müəyyən ştamlarına yoluxmuş şəxslərdə daha zəif immun reaksiyasına səbəb olub.

AstraZeneca və CanSino şirkətlərinin eksperimental vaksinləri eyni texnologiya ilə hazırlanır.

Johns Hopkins Universiteti Bloomberg İctimai Sağlamlıq Məktəbindən olan iki ekspert - Naor Bar-ZeevWilliam Moss deyiblər ki, hər iki vaksin ümumilikdə oxşardır və ümidvericidir.

Bu iki COVID-19 vaksini barədə şərh verərkən Dünya Səhiyyə Təşkilatının vəzifəli rəsmisi bildirib ki, “xəbər yaxşı xəbərdir”, amma “hələ irəlidə uzun yol var”.

DST-nin fövqəladə hallar üzrə eksperti Michael Ryan deyib ki, indi bu vaksinlərin daha geniş miqyasda və real dünya şəraitində özünü doğrultmasına ehtiyac var.

Modernanın fərqli vaksini

Bu arada Almaniyanın BioNTech və ABŞ-ın əczaçılıq nəhəngi Pfizer Almaniyada keçirilmiş kiçik miqyaslı vaksin eksperimenti barədə məlumat veriblər.

Bu vaksin texnoloji baxımdan sözü gedən iki vaksindən fərqlidir və onun istehsalında Ribonuklein turşusundan (RNT) istifadə olunub.

60 nəfər üzərində keçirilmiş bu təcrübə zamanı eksperimental vaksinin iki dozası verilib. Eksperiment ABŞ-da aparılmış erkən təcrübələrin nəticələrini təsdiqləyib.

Bundan əvvəl ABŞ-ın Moderna biotexnoloji şirkəti vaksin təcrübələrinin ümidverici nəticələrini açıqlamışdı.

DST-nin verdiyi məlumata görə bütün dünya boyunca azı 23 namizəd vaksin insanlar üzərində təcrübələrin erkən mərhələsindədir.

Ümumilikdə dünya miqyasında 100-dək vaksin üzərində iş gedir.

XS
SM
MD
LG