Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:22

Respublikaçılar 1 trilyon dollarlıq yardım paketi təklif edirlər


Mayami çimərliyi, 2 iyul, 2020-ci il
Mayami çimərliyi, 2 iyul, 2020-ci il

ABŞ Senatında respublikaçılar koronavirus pandemiyasına qarşı 1 trilyon dollarlıq iqtisadi yardım paketi irəli sürüblər. Məqsəd amerikalıların işsizlik və pandemiyanın digər təsirləri ilə mübarizəsinə köməkdir.

Senatda çoxluğun lideri Mitch McConnell təklifi “ölçülü-biçili və hədəfli” plan adlandırıb, insanların işə qayıtmasına, məktəblərin açılmasına fokuslandığını bildirib.

600 dollardan 200 dollara

“Bir ayağımız pandemiyada, bir ayağımız bərpadadır. Amerika xalqına daha çox kömək lazımdır. Addımlar hərtərəfli olmalı, bu kəsişməyə uyğun ehtiyatla hazırlanmalıdır”, – McConnell vurğulayıb.

Respublikaçılar planı Ağ evlə birlikdə hazırlayıblar, indi isə demokratlarla kompromisə gəlməlidirlər. Konqresmenlər milyonlarla amerikalının narahatlığına son qoymağa çalışırlar. İyulun 31-də federal hökumətin ayırdığı əlavə işsizlik müavinətinin müddəti bitir.

Yeni planda bu müavinətin məbləği həftəlik 600 dollardan 200 dollara salınır. Sözügedən ödənişlər işdən çıxarılanlar üçün həyati əhəmiyyətlidir, pandemiya dövründə istehlakçı xərcləmələrini dəstəkləyib.

Demokratlar planı xeyli məhdud adlandırıblar. Mayda Nümayəndələr Palatasında 3 trilyon dollarlıq plan təsdiqlənsə də, respublikaçıların nəzarətində olan Senat ona baxmaqdan imtina etdi.

Açıq çay

Senatda demokratların lideri Chuck Schumer-in sözlərinə görə, respublikaçıların planının faydası az olacaq, amerikalıların narahatlığına böyük köməyi dəyməyəcək.

“Respublikaçıların planı açıq çaydır, bizim problemlərimizə isə daha tünd içki lazımdır”, – Schumer vurğulayıb.

Bəzi respublikaçılar da təklifi tənqid edərək bahalı adlandırıb, gileyləniblər ki, işsizlik müavinətləri amerikalıları işə qayıtmağa deyil, evdə qalmağa həvəsləndirib.

McConnell deyib ki, amerikalıların çoxuna 1200 dollarlıq ödəniş ayrılacaq, istehsalçılara isə şəxsi qoruyucu avadanlıq hazırlamaq, Çin istehsalçılarından asılı olmamaqdan ötrü bonuslar veriləcək.

Təklifdə korporasiyaların beş il müddətinə koronavirusla bağlı məhkəmə iddialarından qorunması da nəzərdə tutulur, hərbi və müdafiə sənayesinə isə 30 milyard dollaradək vəsait ayrılacaq. Kiçik biznesə, mövsümi, yaxud azgəlirli ərazilərdə çalışan şirkətlərə yüzmilyardlarla dollarlıq kredit ayrılması da plana daxildir.

ABŞ hökuməti biznesə, əhaliyə yardım məqsədilə indiyədək 3,7 trilyon dollar xərcləyib. Hazırda koronavirus ABŞ-ın bir sıra ştatlarında yayılmaqdadır.

XS
SM
MD
LG