Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:21

Sərt karantin rejimi yumşaldılır, amma tam yox


Karantin, Bakı 21 iyun 2020
Karantin, Bakı 21 iyun 2020

Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılacaq. Bununla bağlı avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, iyunun 21-dən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.

“Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib”, qərargah bildirir.

Məlumatda oxuyuruq:

“2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur”. “Çimərliklərin istifadəsinə icazə verilir”.

Çimərlik, arxiv foto
Çimərlik, arxiv foto

Açıqlamaya görə, habelə karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir. Operativ Qərargah bildirir ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

“ Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.”

Bildirildiyinə görə, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

“ Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

“8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək. 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək. 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək. 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək”

“Mall”lar açılmır

Azərbaycanda Ticarət mərkəzi, arxiv foto
Azərbaycanda Ticarət mərkəzi, arxiv foto

Qeyd edilir ki, nəzdindəki ərzaq mağazaları, apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti də bərpa edilməyəcək. Bura habelə, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət, muzey və sərgi zalları da aiddir. Həmçinin, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr , müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) də bərpa olunmaycaq. Eyni zamanda, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması davam edəcək:

Rayonlara gediş-gəliş açılmır

Yol polisi karantin rejimi dövründə, 21 iyun 2020
Yol polisi karantin rejimi dövründə, 21 iyun 2020

“2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:

"Ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) “

Habelə bildirilir ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış olmayacaq. Eyni zamanda, ölkənin digər yerlərindən yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) davam edəcək.

5 nəfərdən çox toplaşmaq olmaz

ASAN xidmət, Bakı, 20 fevral 2013
ASAN xidmət, Bakı, 20 fevral 2013

Məlumatda “ASAN və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması” da var.

Operativ Qərargahın bildirməsinə görə, bütün bunlardan başqa toy və digər mərasimlərə də qadağa qalır. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinə də yenə bəlli müddətdə icazə verilməyəcək.

Xatırlatma

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurlar ( avqustun 5-dən bu yenidən ləğv ediləcək).

Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanıb. Amma indi yardımın davam etdiriləcəyi barədə hər hansı söhbət yoxdur.Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyon 261 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 693 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyədək ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfərin müalicə olunaraq sağaldığı, 462 nəfəin də vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG