Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:28

Koronavirusun mənşəyinə dair ilkin DST-Çin danışıqları bitib


Dünya Səhiyyə Təşkilatının (DST) COVID-19 virusunun mənşəyini araşdıran missiyası Çində ilkin danışıqlarını başa çatdırıb.

Reuters agentliyi xəbər verir ki, DST nümayəndələri koronavirus epidemiyasının başlanğıc nöqtəsi olan Vuhan şəhərində alimlərlə “geniş müzakirə” aparıblar.

Bu danışıqlar zamanı heyvanlar üzərində araşdırmanın hazırkı vəziyyəti də müzakirə olunub.

Çin epidemiyanın başlanğıcında Vuhandakı canlı heyvan bazarını bağlayıb. Buna səbəb koronavirusa ilk yoluxanların arasında bu bazarda alver edənlərin aşkar olunmasıydı.

DST bildirir ki, virusun mənşəyi böyük bir ehtimalla yarasalardır, amma yarasalarla insanlar arasında ötürücü rolunu oynayan aralıq heyvan da ola bilərdi.

DST-nin bu təhqiqatının nəticələrini bir çox ölkələr, xüsusilə də bu araşdırma üçün güclü lobbiçilik edən ABŞ səbirsizliklə gözləməkdədir.

Trump administrasiyası DST-ni Çinə tərəfkeşlikdə ittiham edir və habelə pandemiya ilə mübarizədə “yarıtmaz” fəaliyyətinə görə təşkilatı tərk edəcəyi ilə hədələyir.

Missiyanın layihəsi hazırdır

DST-nin sözçüsü Christian Lindmeier müxbirlərə deyib:

“Missiya çinli həmkarlarla geniş müzakirələr aparıb və epidemioloji araşdırmalara, bioloji və genetik analizlərə, habelə heyvan sağlamlığı ilə bağlı tədqiqatlara dair son məlumatları qəbul edib”.

Sözçünün dediyinə görə, bu müzakirələrə Vuhan viroloqları və alimləri ilə videodanışıqlar da daxil idi.

DST-nin Çinlə ilkin danışıqlar aparan missiyasına bir heyvan sağlamlığı eksperti və bir də epidemioloq daxil idi.

Bu iki nəfər Çinlə beynəlxalq ekspertlər arasında daha geniş danışıqları hazırlamalıydı.

Çinlə danışıqlarda koronavirusun mənşəyi məsələsi əsas mövzulardan biri olmalıdır.

Lindmeier daha geniş missiyanın təfərrüatları və vaxtı barədə məlumat verməyib.

Daha geniş missiyanın şərtləri DST ilə Çin hakimiyyət orqanları tərəfindən layihə şəklində hazırlanıb, lakin ictimaiyyətə açıqlanması üçün hələ tam hazır deyil.

“Sürprizlər” ola bilər

Missiyanın tərkibi məsələsi çox həssas məqamlardan biridir, çünki ABŞ ekspertlərinin hər hansı səbəbdən missiyaya daxil edilməməsi böyük ziddiyyət yaradardı.

Daha bir həllini tapmalı məsələ Çinin yoxlamalar üçün verəcəyi icazənin genişliyidir.

ABŞ prezidenti Donald Trump və dövlət katibi Mike Pompeo bildiriblər ki, virus Vuhandakı laboratoriyadan sıza bilərdi. Çin bu iddianı qətiyyətlə rədd edir.

ABŞ kəşfiyyatı da alimlər kimi virusun təbiətdən qaynaqlandığına inanır.

Amma DST-nin təcili hallar üzrə direktoru Mike Ryan avqustun 3-də deyib ki, “sürprizlər mümkündür”.

O bildirib ki, “yanğın siqnalının Vuhanda çalınması o demək deyildir ki, virus heyvanlardan insanlara məhz burada keçib”.

XS
SM
MD
LG