Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:12

Rusiyada həkimlərin çoxu yeni vaksinə inanmır


Arxiv fotosu
Arxiv fotosu

Rusiyada tibbi personalın 52 faizi koronavirus infeksiyasına qarşı peyvənd vurdurmağa hazır deyil. Bu haqda “RBK” portalı “Həkim soraqçası” adlı xidmətin sorğusuna istinadla yazır. Üç mindən çox respondentin cəmi 24,5 faizi vaksinasiyaya razı olduğunu deyib.

Rəyi soruşulanların 66 faizi inamsızlığını vaksinin effekti haqda yetərincə informasiyanın olmamasıyla izah edib. 48 faiz vaksinin hazırlanma sürətinə ehtiyatla yanaşıb. Sorğu iştirakçılarının 20 faizi peyvəndi xəstələrə, həmkarlara və tanışlara məsləhət görəcəyini bildirib.

“İnsanlar üzərində riskli eksperimentdir”

Prezident Vladimir Putin avqustun 11-də Rusiyada COVID-19 vaksininin qeydiyyata alındığını açıqladı. Bu, dünyada koronavirus infeksiyasına qarşı ilk vaksin oldu, ancaq səhiyyə ekspertləri ona şübhəylə yanaşırlar. Putin öz qızlarından birinin də peyvəndi artıq vurdurduğunu söylədi.

Farmaseptik şirkətlər Səhiyyə Nazirliyini vaksinin “hazırlanma prosesini məcburən sürətləndirməməyə” çağırıb. Hazırda dünyada 26 potensial vaksin sınaq mərhələsindədir, onların altısı minlərlə, onminlərlə insanın üzərində sınaqdan keçirilir. Rusiya vaksini isə üçüncü sınaq mərhələsindən keçməyib, onlarla könüllü üzərində yoxlanılıb.

Səhiyyə naziri Mikhail Murashko bu gün bəyan edib ki, yaxın günlərdə vaksinin klinik sınaqları barədə detallı informasiya yayılacaq.

Dünya Səhiyyə Təşkilatı, ABŞ, bir sıra Avropa ölkələri Rusiyanın hazırladığı vaksinə ehtiyatla yanaşıblar. Almaniya Federal Həkimlər Palatasının başçısı Klaus Raynkhard Rusiyanın hərəkətlərini sərt tənqid edib. Onun sözlərinə görə, vaksinin həlledici, üçüncü fazadan keçmədən təsdiqlənməsi “insanlar üzərində riskli eksperimentdir”.

ABŞ-a əməkdaşlıq “təklif olunmayıb”

Rusiya Səhiyyə Nazirliyi ABŞ-a COVID-19 vaksininin hazırlanması üzrə əməkdaşlıq təklif etməsi haqda məlumatları təkzib edib. CNN televiziyası adını çəkmədiyi rusiyalı məmurlara istinadla xəbər vermişdi ki, guya Vaşinqton Moskvayla əməkdaşlıqdan imtina edib. Təklifin konkret kimdən gəldiyi dəqiq deyilmirdi.

“Səhiyyə Nazirliyi ABŞ tərəfə heç bir rəsmi təklif göndərməyib”, – nazir müavini Aleksei Kuznetsov “İnterfaks” agentliyinə deyib.

Son bir sutka ərzində Rusiyada koronavirusa 5 min 65 yeni yoluxma təsdiqlənib, 114 pasiyent vəfat edib. Pandemiya başlanandan yoluxanların sayı 913 minə, ölənlər isə 15 min yarıma yaxınlaşır.

Dünyada yoluxanların sayı 21 milyona, ölənlərin sayı 760 minə yaxınlaşır.

XS
SM
MD
LG