Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:06

Mamblkor necə yarandı


Kamera
Kamera

2000-ci illərin əvvəllərindən başlayaraq mamblkor (mumblecore) Amerikada müstəqil kinonun böyüməkdə olan iribüdcəli blokbaster cəngəlliyində ayaqda qalmasına kömək edib.

Mamblkor nədir?

Mamblkor nisbətən yeni müstəqil film cərəyanıdır. Onun heç 20 yaşı da yoxdur. Ancaq bu müddət ərzində çox ciddi dəyişikliklərə məruz qalıb.

Onu çox zaman təbii oyunla assosiasiya edirlər. Aktyor oyunu təbii olmaqla yanaşı, bəzən həm də improvizə olunur. Ssenarilər, əsasən, 20-30 yaşlı insanlara fokuslanır. Çox vaxt filmdə onların çox pis işi və ya bərbad sevgi və ailə münasibətləri olur.

Mamblkor termini 2005-ci ildə SXSW festivalında meydana gəlib. Endryu Bucalski, Co Svanberq Cey Mark Dyuplasın bu festivalda nümayiş olunan filmlərinin hər birinin oxşar xüsusiyyətləri var idi.

Mamblkor müxtəlif cərəyanların təsirindən yaranıb. Onlardan biri fransız yeni dalğası, digəri isə "The Real World" kimi realiti TV şoularıdır. Studiobinder saytı hərəkatın ən tanınan simaları arasında Qreta Qerviq, Linn Şelton, Aaron Kats, Ri Russo-Yanq Ceff Baenanın adlarını çəkir.

Mamblkorun əlamətləri:

  • Təbii dialoq və performans
  • Peşəkar olmayan aktyorlar
  • İmprovizasiyadan çox istifadə olunması
  • Kiçik büdcə
  • Çəkilişin real məkanlarda aparılması
  • Rəqəmsal çəkiliş
  • Ssenari, adətən, romantik münasibətlərdə istək və problemlərin ifadə edilməsi ilə bağlı çətinliklər ətrafında qurulur.

Mamblkorun qısa tarixi

Sayt yazır ki, mamblkorun məhz 2000-ci illərin əvvəllərində yaranmasının məntiqli səbəbi var. Bu dövrdə DIY (özün düzəlt) tipli film çəkilişləri texniki cəhətdən mümkün olub. Videokameralar adi insanların ala biləcəyi qiymətə idi. "Final Cut Pro" kimi kompüter proqramlarından "Mac" kompüteri olan hər kəs yararlana bilərdi.

Buna görə də ilk mamblkor filmlərinin büdcəsi 1 milyon dollardan aşağı olurdu. "Mamblkorun xaç atası" sayılan Endryu Bucalski 2002-ci ildə çəkdiyi "Funny Ha Ha" filmi ilə bir növ qəlib yaradıb.

"Funny Ha Ha" universiteti yenicə bitirərək müvəqqəti iş axtaran qadın haqqındadır. O, eyni zamanda, başqa bir şəxslə romantik münasibətdə olan universitet yoldaşının diqqətini cəlb etməyə çalışır. Bu tip məqsədsiz ssenarilər bu janrda çəkilmiş əksər filmlər üçün standarta çevriləcək. Çox zaman personajların əsas istəyi kiməsə öz hisslərini açmaqdan ibarət olur.

90-cı illərdə çəkilmiş "Slacker""Clerks" kimi filmlər 2000-ci illərin mamblkor rejissorlarına müəyyən qədər ilham versə də, yeni əsrin başlanması onların unikal tərzinin formalaşmasına daha çox təsir edib. Onlar tipik ənənələrdən imtina edərək daha çox indi (indie) və pank rok estetikasına meyl ediblər.

Hərəkatın ilk vaxtlarında rejissorlar heç də həmişə keyfiyyətli avadanlıq əldə edə bilmirdilər. Buna görə də, filmlər bəzən texniki cəhətdən hamar alınmırdı. 2005-ci ildə çəkilmiş "Mutual Appreciation" filminin treylerinə baxmaqla buna şahid ola bilərsiniz.

Hər xırda səs, hər addım eşidilir. Daha təbii dünya yaratmaq üçün ənənəvi rejissorların silib atdığı bütün səslər saxlanılır. Aktyorların hərəkətləri hamar deyil. Bəzən onlar nə deyəcəklərini belə bilmirlər.

Gələk improvizasiyaya. 2016-cı ildə çəkilmiş "Joshy" daha çox post-mamblkor filmi sayılır. Ancaq rejissor Ceff Baena bütün filmi ənənəvi ssenari yazmadan çəkib. Əvəzində, sadəcə, hadisələrin gedişatını qeyd etmək üçün kiçik bir cızma-qara edib. Boşluqları isə aktyorlar doldurub.

Qeyri-sabit kamera işi və təbii səslənən dialoq sayəsində sizə elə gəlir ki, tanıdığınız adamların söhbətini dinləyirsiniz.

Ancaq bu gün mamblkor çox dəyişib. Bu cərəyan son 10 ildə maraqlı təkamül yolu keçib. Bir çox tənqidçilər əsl cərəyanın 2010-cu ildə başa çatdığını deyirlər. Həmin dövrdə cərəyanın əsasını qoyan rejissorlar daha iri layihələrlə məşğul olmağa başlayıblar.

Ancaq 2010-cu ildən bəri "post-mamblkor" adlandırılan başqa bir qrup rejissor bu boşluğu doldurub. Onların işləri daha səliqəli, büdcələri isə daha böyükdür. Onlar həm də daha tanınmış aktyorlarla işləyirlər.

XS
SM
MD
LG