Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:02

Dinc əhalinin öldürülməsi ilə bağlı hansı hüquqi addımlar atıla bilər


Oktyabrın 17-si gecə saatlarında Azərbaycanın Gəncə şəhərinə raket atılıb
Gözlə

No media source currently available

0:00 0:00:09 0:00

Oktyabrın 17-si gecə saatlarında Azərbaycanın Gəncə şəhərinə raket atılıb

Müharibələr zamanı dinc əhalinin hüquqlarının müdafiəsi məqsədilə hələ 70 il əvvəl qaydalar müəyyənləşdirilib. Beynəlxalq humanitar hüququn əsasını təşkil edən bu qaydalar beynəlxalq konvensiyalarda əksini tapıb. Mülki şəxslərə, sıradan çıxmış hərbçilərə, əsirlərə qarşı davranışlarla bağlı məsələlərdə, əsasən, 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarına istinad olunur. Yaşayış məntəqələrinə ağır artilleriya, raket hücumları nəticəsində mülki əhalinin öldürülməsi, əmlaklara ziyan vurulması, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncədə baş verənlər birbaşa Cenevrə konvensiyalarının pozulmasıdır.

Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-də cəbhə bölgəsində döyüşlər başlanandan bu yana ermənilərin Azərbaycanda kənar yaşayış məntəqələrinə hücumu nəticəsində 61 nəfər mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb. Bundan əlavə, 382 mülki obyekt, 90 yaşayış binası və 1941 ev yarasız hala düşüb.

'Birdən Bakıya da atsalar...' - Paytaxtda normal sığınacaq varmı?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

"Bütün hüquqi addımlar atılır"

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, mülki əhaliyə hücumlarla bağlı hər bir fakt üzrə araşdırma aparılır, baş verənləri beynəlxalq hüquq müstəvisinə çıxarmaq üçün lazım olan materiallar toplanır. Amma prokurorluq bu istiqamətdə konkret hansı addımların atıldığını ictimaiyyətə açıqlamağı məqsədəuyğun hesab etmir: "Lazım olan bütün hüquqi addımlar atılır. Hansı məlumatların açıqlanması uyğundursa, rəsmi açıqlamalarda onu yayırıq".

Mülki əhaliyə hücumlarla əlaqədar CM-in 100 (təcavüzkar müharibəni başlama aparma), 120 (qəsdən adam öldürmə) 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı Ermənistanın silahlı hücumları ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək nəzərdə tutulub. Onun sözlərinə görə, hər bir fakt sənədləşdirilir, materiallar toplanır: "Daxili prosedurlar başa çatandan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub".

E.Abbasov
E.Abbasov

"Ermənistandan əsaslandırma tələb olunacaq ki..."

Beynəlxalq insan hüquqları üzrə ekspert Emin Abbasov dinc əhaliyə hücumlarla bağlı mümkün hüquqi addımları AzadlıqRadiosuna şərh edərkən bildirib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilməz. Çünki ölkə olaraq, bu məhkəmənin yurisdiksiyasını tanımır. Onun sözlərinə görə, Avropa Məhkəməsinə müraciət etmək olar və bu prosesdə ölkə daha çevik və sürətlə hərəkət etməlidir: "Avropa Məhkəməsinə həm ziyan çəkmiş vətəndaşlar özləri müraciət edə bilər, həm də dövlət. Əmlakı dağıdılan, özü yaralanan, yaxud yaxın adamını itirən vətəndaşlar mülkiyyət hüququnun, yaşamaq hüququnun pozuntusundan şikayət verə bilər. Avropa Məhkəməsi həmin şikayət əsasında araşdırma aparacaq ki, hərbi hücuma məruz qalmış mülki şəxslərin hüquqları pozulub, yoxsa yox. Bu zaman araşdırılacaq ki, Ermənistanın bu hücumları nə dərəcədə humanitar hüquqa uyğun olub. Hansı əsasla onlar mülki obyektləri və dinc əhalini hədəf alıblar? Məsələn, Ermənistandan əsaslandırma tələb olunacaq ki, niyə Gəncədə konkret hansısa küçədəki evləri hədəfə almışdı? Vətəndaşlardan əlavə, dövlətlərin də bir-birindən Avropa Məhkəməsinə şikayət etmək təcrübəsi var".

""Yox" da cavabdır"

Hüquqşünas bildirib ki, fərdi qaydada həm fiziki, həm də hüquqi şəxs olaraq, BMT-nin müxtəlif komitələrinə də müraciət edib, araşdırma aparılmasına nail olmaq mümkündür. E.Abbasovun sözlərinə görə, Azərbaycan özü birbaşa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilməsə də, bir istisna hal var: "İstisna hal da odur ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin təklifi ilə bu qurum hər hansı faktla əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edir. Yəni, BMT Təhlükəsizlik Şurasının belə bir səlahiyyəti var. Həmin müraciət əsasında da məhkəmə araşdırmalara başlayır. Təcrübədə də belə hallar olub. Məsələn, Sudan və başqa ölkələrə münasibətdə...".

E.Qədirli
E.Qədirli

Deputat Erkin Qədirli də hesab edir ki, bu məqsədlə Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Bu barədə fikirlərini sosial media hesabından paylaşan deputatın fikrincə, BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlərdən biri vasitəsilə məsələnin gündəliyə salınmasına nail olmaq lazımdır: "BMT Təhlükəsizlik Şurasının bununla bağlı istədiyimiz qərarı verəcəyi ehtimalı aşağı olsa da, bu imkanı sınamalıyıq. Qoy imtina etsinlər. "Yox" da cavabdır, onu danışıqlarda əlavə arqument kimi istifadə edə bilərik".

Sentyabrın 27-dən sonra Ermənistan da Avropa Məhkəməsinə bir neçə müraciət göndərib. Bu ölkənin Avropa Məhkəməsindəki nümayəndəsi Yegişe Kirokosyan deyib ki, gündəlik Strasburqa bu barədə müxtəlif sənədlər göndərirlər.

Xatırlatma

Üç həftədən çoxdur Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 90 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Tərəflər arasında oktyabrın 10-da və 18-də atəşkəslə bağlı iki dəfə razılaşma əldə olunmasına baxmayaraq, döyüşlər davam edir, razılaşmaya əməl olunmaması ilə bağlı ittihamlar səslənir. Cəbhə xəttindən uzaq Gəncə şəhəri oktyabrın 11-i və17-də raket zərbələrinə tutulub, üst-üstə 23 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG