Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:49

Obamanın kitabı rekord vurur


Prezident Barak Obama
Prezident Barak Obama

ABŞ-in keçmiş prezidenti Barak Obamanın yeni kitabı ilk bir neçə gündə az qala 900 min nüsxə satılıb.

Britaniyanın The Guardian qəzetinin yazdığına görə bu, keçmiş ABŞ prezidentlərinin yazdığı memuarların arasında rekord göstəricidir.

Məsələn Bill Klintonun “Mənim həyatım” kitabı ilk sutkalar ərzində 400 min nüsxə, Corc Buşun “Qərar nöqtəsi” kitabı isə 300 min nüsxə satılmışdı.

Bu da qeyd olunur ki, Obamanın “Müqəddəs torpaq” adlı memuarları Amazon və Barnes & Noble internet satış xidmətlərinin reytinqində birinci yeri tutmuşdu.

Bu kitabı çap edən Penguin Random House Obamanın xatirələrinə 65 milyon dollar avans vermişdi.

Bu, bütün kitab nəşri tarixində müəllifə ödənən ən böyük beh sayılır. “Müqəddəs torpaq” Obamanın qələmindən çıxan üçüncü kitab idi.

Onun daha əvvəl çıxmış iki kitabı - “Atamın arzuları” və “Ümidin cəsarəti” milyonlarla nüsxə satılmışdı.

Medvedevə münasibəti daha müsbət idi

AzadlıqRadisounun Rus xidmətinin yazdığına görə, Obama memuarlarında öz dövrünün rəhbərləri barədə təəssüratlarını qələmə alıb.

Bu rəhbərlərin sırasında Rusiya prezidenti Vladimir Putin də var.

Obama o dövrdə prezident olan Dmitri Medvedev və baş nazir Putinlə görüşmüşdü.

Obama yazır ki, həmin dövrdə Rusiya və ABŞ arasında münasibətlər “ən aşağı həddinə” düşmüşdü.

Barak Obama yazırdı ki, Rusiyanın qonşuları Moskvanın təhdid və müdaxilələrindən şikayətlənirdilər.

Keçmiş ABŞ prezidenti qeyd edir ki, Rusiya və Gürcüstan arasında qısamüddətli müharibə (2008) həmin dövrə təsadüf etmiş və Putinin getdikcə artmaqda olan qətiyyət və təcavüzkarlığını nümayiş etdirmişdi.

Obama yazır ki, həmin dövrdə Rusiyanın rəsmi prezidenti Medvedev olsa da, külli-ixtiyar sahibinin Putin olduğu şəksiz idi.

Dmitri Medvedev haqqında Obamnın təəssüratları daha müsbətdir: “gənc, gümrah, müasir Avropa dəbi ilə geyinmiş birisi”.

Vladimir Putin (solda) və Barak Obama (2016-cı il)
Vladimir Putin (solda) və Barak Obama (2016-cı il)

İcra başçısına oxşayırdı, amma nüvə silahı vardı

Obama yazır ki, Rusiyanın ovaxtkı baş naziri Vladimir Putin “daim şovinizm və homofobiya nümayiş etdirir və iddia edirdi ki, xarici qüvvələr rus dəyərlərini dağıtmağa çalışırlar”.

Obama xatırlayır ki, Putinin daçasına səfərdən əvvəl ABŞ-ın Rusiyadakı ovaxtkı səfiri Uilyam Berns ona, Rusiya baş nazirinə “ürəyini boşaltmaq” imkanı verməsini məsləhət görmüşdü:

“Berns zarafat eləmirdi. Mən heç birinci sualı verməyə macal tapmamışdım ki, Putin çox odlu-alovlu bir şəkildə özünün sonsuz monoloquna başladı. O bu monoloqda amerikalıların Rus xalqına və ona qarşı iddia olunan ədalətsizliklərini, xəyanətlərini, təkəbbürlü davranışlarını sadalayırdı”.

Dmitri Medvedev (solda) və Barak Obama (2010-cu il)
Dmitri Medvedev (solda) və Barak Obama (2010-cu il)

Obama yazır ki, Putinin bu monoloqu 45 dəqiqə çəkdi:

"Aydın idi ki, Putin bütün dediklərini məşq edib, amma onun incikliyi səmimi idi”.

Ertəsi gün Rusiya ictimaiyyəti nümayəndələri ilə görüşündə Obamaya Putin barədə təəssüratı haqqında sual vermişdilər.

Obama demişdi ki, Putin ona çox tanış gəlib:

“...Elə bil hansısa rayonun icra başçısıdır, amma nüvə silahı və BMT Təhlükəsizlik Şurasında veto hüququ var”.

XS
SM
MD
LG