Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:36

Deputat: 'Zəfəri hamılıqla qazanmışıq'


Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində Azərbaycan Xalq Cəbhəsi (1992-1993) hakimiyyətini kəskin tənqid və ittiham etdi. Sonradan həmin keçmiş hakimiyyətin təmsilçiləri də ittihamlara cavablarını verdilər.
Ölkə başçısının çıxışından sonra isə bəzi təhlilçilər yenidən siyasi həbslərin artacağı ehtimalını irəli sürdülər. Bu baxımdan müharibədən sonra ölkənin daxili siyasi həyatında gözləntilərin nədən ibarət olacağı sualı aktuallaşıb.

“Qətiyyən hazırkı milli birliyin parçalanması,...”

Zahid Oruc, arxiv foto
Zahid Oruc, arxiv foto

AzadliqRadiosunun bu barədə sualına cavan verən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, dövlət başçısının məlum müraciətində əsas hədəf ərazilərin azad edilməsi idi:

“Müraciət həm də 10 noyabrda imzalanan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi və qarşıdakı vəzifələrə həsr olunmuşdu”

Qarabağda baş verənləri dünyaya çatdıran fotoqraf
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00


Zahid Oruc hesab edir ki, Ali Baş Komandanın çıxışında Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə yer verilməsi qətiyyən hazırkı milli birliyin parçalanması, siyasi həmrəylik mühitinə mənfi təsir göstərilməsi niyyətilə seçilməmişdi:

“Prezident daha artıq dərəcədə tarixi xronikanı obyektiv şəkildə təhlil etdi. Eləcə də torpaqların itkisinə səbəb olan baxışlar sisteminin qiymətləndirilməsi idi, bir sıra hallarda fəlsəfi-siyasi terminlərdən istifadə edildi.Yəni “kollektiv paşinyan”çılıq ifadəsi konkret millətə və təşkilata deyil, həyata, siyasətə və mübarizəyə baxışı özündə ehtiva edirdi.”

Zahid Oruc hesab edir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ( keçmiş AXC) 10 noyabrdan sonra yenidən ən sərt dilə qayıdıb. Onun fikrincə, bu pratiyadan bir neçə şəxsin azadlığa buraxılması və Azərbaycanın tarixi üçün bu qədər böyük səlnaməyə dərindən qiymət vermədən yenidən ənənəvi səngər mövqelərinə qayıdıblar:

“ Məncə, Ali Baş Komandanın çıxışında həm də ona reaksiyalar vardı”.

“Yeniləşmə kursu daha dərindən davam etdiriləcək”

İlham Əliyev, 25 noyabr 2020
İlham Əliyev, 25 noyabr 2020

Zahid Oruc qarşıda siyasi həyatdan hansı gözləntilərinin olması barədə suala belə cavab verib:

“2019-cu ildə Prezident İlham Əliyevin başladığı və sonrakı dövrdə yeni hakimiyyət quruculuğu kimi xarakterizə etdiyimiz siyasətin həm də torpaq bütövlüyünə çağırdığına rəğmən bütün istiqamətlər üzrə yeniləşmə kursu daha dərindən davam etdiriləcək. Bunu həm də siyasi partiyalarla dövlət arasında münasibətlərin yeni müstəviyə daşınması ilə görürük. Həqiqətən də düşmənçilik terminləri daxili leksionumuzdan çıxsın, ölkənin içindəki münasibətləri elə daxildə çözə bilək, həqiqətən də məhbus ifadəsi ətrafında kampaniyalar və qarşıdurmalar olmasın.”

“Qarabağı bütün siyasi qüvvələr və hakimiyyət institutları ilə birgə quracağıq”

Deputatın fikrincə, seçki mübarizələri elə səviyyədə aparılsın ki, müxalif fikir, müxalif media mövqeyi hər bir məkanda eşidilsin, siyasi qüvvələrin hamısının televiziya kanallarında çıxışları cəmiyyətə çatsın:

“Onlar rahat şəkildə ölkənin hər yerində quruculuq prosesinə cəlb oluna bilsinlər, parlamentdəki təmsilçiliyi kimi eləcə də icra orqanlarda digər qüvvəlırin mövqelərinə imkan açılsın. O cümlədən, Qarabağın quruculuğu prosesi elə əsnada aparılmalıdır ki, 90-cı illərdəki məlum problemlər təkrarlanmasın, yəni bölgə bizim güclü yerimizə çevrilsin. Bu mənada bütün baxışlar, ideyalar, təklif və təşəbbüslər alınsın. Qarabağı bütün siyasi qüvvələr və hakimiyyət institutları ilə birgə quracağıq. Baxmayaraq ki, qərarlar inzibati qurumlar tərəfindən verilir.”

Vəng kəndindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

“Bu tarix artıq arxada qalıb”

Deputata görə, insan haqları üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla da münasibətlər dəyişilsin və uzun illərdir bağlı qalan qapılar açılsın. Zahid Orucun vurğulamasına görə, ona görə də hakimiyyətin bu məsələlərə yanaşması şüar kimi görünəcək hadisə deyil:

Deputat hesab edir ki, qələbədən sonrakı siyasi münaisbətlər zəfəri qarşıdakı dövrdə möhkəmlətməyə xidmət etməlidir:

“Əks halda bir-birinə münasibətlərin ənənəvi hal alması yalnız başqa dairələrin xeyrinə işləyəcəkdir. Əgər Qarabağ münaqişəsi nə zamansa hakimiyyət uğrunda mübarizə aləti kimi rol oynayıbsa, onun ətrafında silahlı qüvvələr yaradılıb və ondan hakimiyyəti götürmək üçün istifadə olunubsa, hətta xalqa, dövlətə mənsub şəhidlər belə siyasi mənsubiyyət üzrə bölünübsə, məncə, bu tarix artıq arxada qalıb. Çünki zəfəri hamılıqla qazanmışıq, ordan iqtidara da, müxalifətə də, mərkəzçiyə də, dindara da, ateistə də, solçuya da, sağşıya da pay düşür”.

“Həbs və repressiya...”

Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli də prezident İlham Əliyevin çıxışından sonra həbs və repressiya dalğasının olacağını düşünmür. O bunu Azərbaycanın çox həssas bir mərhələyə qədəm qoymasıyla əlaqələndirir.

“Azərbaycana mövqelərini qərb və beynəlxaq təşkilatlarda gücləndirmək lazımdır”

Anar Məmmədli Azərbaycanın müharibədən çıxan ölkə olduğunu və xeyli sayda tənqidlərin olduğunu xatırladaraq əlavə edib ki, tənqidlər xüsusilə müharibənin nəticələri ilə əlaqədar. Amma Anar Məmmədli tənqidlərin böyük əksəriyyətinin qeyri-obyektiv və subyektiv mülahizələrə söykəndiyini bildirib:

“Bütün hallarda Azərbaycanın adı hal-hazırda çox sıx şəkildə dünyada hallanır. Belə bir dövrdə Azərbaycana mövqelərini qərb və beynəlxaq təşkilatlarda gücləndirmək lazımdır. Bunun üçün insan hüquq və azadlıqları məsələlərində bir qədər dözümlü davranmaq, siyasi repressiyaları azaltmaq lazımdır. Eyni zamanda, Azərbaycan xeyli sayda siyasi məhbusun olduğu da nəzərə alınmalıdır. Belə bir məqamda müxalif partiyalara və fəallara qarşı yeni həbs dalğasının başlayacağını gözləmirəm.”

Şuşaya necə getmək olar? Turizm Agentliyinin planları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

“Hakimiyyətin özünə belə başucalığı gətirməz”

A.Məmmədlinin fikrincə, bu, indiki məqam üçün hakimiyyətin özünə belə başucalığı gətirməz:

“ Həm müharibə dövründə topladığı reytinqi itirə bilər, həm də beynəlxalq təpkilər artar. Belə həssas, postmüharibə dönəmində siyasi repressiyaların olacağını və ya artacağını gözləmirəm. Amma təbii ki, hökumətin birdən-birə repressiv siyasətindən əl çəkəcəyini də düşünmürəm. Yəni müxtəlif tənqidi fikirli insanlara qarşı xəbərdarlıq, təzyiqlər olacaq və yaxud həbsdə olanların birdən-birə azadlığa çıxacağını da gözləmirəm, bunların baş verəcəyinə inanmıram”.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzində daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG