Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Azərbaycan hərbiçilərindən həlak olanlar, yaralananlar var-Yenilənib


Azərbaycan əsgərləri Kəlbəcər rayonuna girərkən, yolları minalardan təmizləyir, 25 noyabr 2020
Azərbaycan əsgərləri Kəlbəcər rayonuna girərkən, yolları minalardan təmizləyir, 25 noyabr 2020

Azərbaycan XİN: “Yerevanın Azərbayca iddiaları əsassızdır”

Bu gün, dekabrın 13-də cəbhədəki vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, “son günlər Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir”.

Açıqlamaya görə, sözügedən əraziləri Azərbaycan Silahlı Qüvvələri bu yaxınlarda azad edib.

XİN vurğulayıb ki, rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Bildirildiyinə görə, təxribat fəaliyyətini qarşı tərəf törədib:

“ Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq”.

Açıqlamaya görə, Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək.

***

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu gün, dekabrın 13-də cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda qeyd edili ki, noyabrın 10-da imzalanan bəyanata əsasən atəşkəsin elan olunmasından sonra “Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb”:

“Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi.”

Açıqlamaya görə, Azərbaycan tərəfi haqqında bəhs olunan silahlı dəstələrinin ərazidən çıxarılması ilə əlaqədar bütün şəraiti təmin edib:

“ Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirmişdir.
Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir.”

Rəsmi açıqlamada qeyd edilib ki, həmin silahlı dəstələr ərazini tərk etməyib, əksinə döyüş mövqeləri yaradıb, son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat əməllərini törədiblər:

Hərbçilər həlak olub, mülki şəxs ağır yaralanıb

“2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.”

“Həmin ərazidə anti-terror əməliyyatı…”

Açıqlamaya görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb:

“Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir.”

Açıqlamaya görə, Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına, sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış silahlı dəstələrinin təxribatlarından çəkinməlidir.


“ …Vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.”, məlumatda yazılıb.

Ermənistan isə baş verənlərə görə Azərbaycanı ittiham edir.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin savaşda 100-ə yaxın mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanıb.

XS
SM
MD
LG