Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:11

T.Yaqublu: 'Əsirlikdə Azərbaycan əsgərinə işgəncə verildiyi kimi, mənə də...'


Əli Kərimli və Tofiq Yaqublu birgə mitinqə gələrkən mülki geyimlilərin təzyiqləri ilə üzləşiblər
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Əli Kərimli və Tofiq Yaqublu birgə mitinqə gələrkən mülki geyimlilərin təzyiqləri ilə üzləşiblər

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu bir ildən çoxdur ki, ona işgəncə verənlərin cəzalandırılmasını tələb edir. Öncə Bakı şəhər Prokurorluğu və Nəsimi rayon Məhkəməsindən "yox" cavabı alan siyasi fəalın bu məsələ ilə bağlı apellyasiya şikayəti də dekabrın 22-də təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində çıxış edən T.Yaqublu bildirib ki, Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi icazəsiz mitinqdə saxlanılıb aparılandan sonra Nəsimi rayon Polis İdarəsində işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, həmin gün məhkəmədə haqqında həbs qərarı çıxarılanda hakim də üzərindəki xəsarətləri görüb. Məhkəmədən sonra təcridxanaya aparılanda orada da xəsarətlər qeydə alınıb: "Yayılan videolarda neçə ki ermənilər Azərbaycan əsgərinə işgəncə verir, mənə də elə, hətta ondan da betər işgəncə veriblər. Kifayət qədər faktlar da var. Təəssüf ki, bunlara öz qiymətini verən, ədalətli qərar çıxaran hakim yoxdur. Əvvəl-axır bu hadisələr öz qiymətini alacaq, burada olmasa da, Avropa Məhkəməsində. Azərbaycanda da ədalətli cəmiyyət, müstəqil məhkəmə sistemi qurulacaq".

Kamera görüntülərinin alınması...

T.Yaqublunun vəkili Nemət Kərimli bildirib ki, prokurorluq hərtərəfli araşdırma aparmadan cinayət işinin rədd edilməsi barədə qərar çıxarıb. Vəkilin sözlərinə görə, müvəkkilinin işgəncə şikayəti ilə əlaqədar dərhal prokurorluğa müraciət ediblər. Məsələnin obyektiv araşdırılması üçün Nəsimi rayon Polis İdarəsindən kamera görüntülərinin alınması, T.Yaqublunun ekspertizadan keçirilməsi və s. vəsatətlər qaldırılıb. Lakin vəsatətlərin heç biri təmin olunmayıb. Vəkil Nəsimi rayon Məhkəməsinin də məsələyə obyektiv qiymət vermədiyini vurğulayaraq həmin qərarın ləğvini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev bir neçə dəqiqəlik müşavirədən sonra Nəsimi rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını açıqlayıb.

T.Yaqublu AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsindən obyektiv qərar gözləmirdi. Amma bu işi Avropa Məhkəməsinə çıxaracaq və bunun üçün ölkədaxili məhkəmə instansiyalarını keçmək tələb olunur.

Xatırlatma

Tofiq Yaqublu 19 oktyabr mitinqində iştirak görə 30 sutka inzibati həbslə cəzalandırılmışdı. O, azadlığa buraxılandan sonra üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha sonra bu il martın 22-də yenidən saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb. İddia olunur ki, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami rayon Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Siyasi fəal isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

T.Yaqublunun haqqındakı hökmdən verilmiş şikayətə də hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

XS
SM
MD
LG