Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:39

Georgi Vanyan: ‘Azərbaycan və Ermənistan Qarabağı Rusiyanın himayəsinə verdilər’


Georgi Vanyan
Georgi Vanyan

AzadlıqRadiosunun suallarını sülhpərvər mövqeyinə görə Ermənistanda radikal millətçilərin tənqidləri və təqibləri ilə üzləşən hüquq müdafiəçisi və antimüharibə fəalı Georgi Vanyan cavablandırıb.

Media xəbərlərinə görə o özününün Facebook səhifəsində Azərbaycanla dialoqa çağırdığına görə noyabrın 8-də polis tərəfindən cərimələnib.

Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistandan revanşizmə çağırışlar eşidilir. Amma bu çağırışları edənlər Ermənistan xalqının mövqeyini nə dərəcədə təmsil edirlər?

Georgi Vanyan hesab edir ki, bu, ölkədə hakim ideologiyanın davam etdirilməsidir. Onun sözlərinə görə Ermənistan 30 il bundan əvvəl SSRİ-nin çökməsi ilə müstəqil olub və onun, belə demək mümkündürsə elitasının statusu dünya siyasəti səviyyəsinə qaldırılıb:

“Bu 30 il əvvəl baş verib. “Qarabağ komitəsi” o vaxt Ermənistanın elitasına çevrilib. Bu komitə xarici aləmlə qarşıdurmaya əsaslanan və sovet illərində formalaşdırılmış doktrinaya sahiblənib. 70 il müddətində SSRİ-nin güc strukturları erməni milləti yaradıblar, bu etnosun tarixini “xalq üçün” təfsir ediblər, adamlar qarşısında “vəzifələr və məqsədlər” qoyublar. Bugün Ermənistanda və ondan kənarda yaşayan ermənilər belə yaranıblar. İdeoloji sferada ermənilərin üzərinə NATO üzvü Türkiyə, İslam dünyası və Şərqin “anqlosaksların” təsiri altında olan hissəsi ilə qarşıdurma vəzifəsi qoyulub. Elə sovet imperiyasının xarici siyasətinin bu istiqaməti etnik ideologiyanın formalaşmasına gətirib çıxarıb. Sov.İKP-dən olan uşaqlar yaxşı işləyiblər və özlərindən sonra üçün nəsil hazırlayıblar”.

Putinə xidmət

Georgi Vanyan hesab edir ki, revanşa çağıran da bu nəslin varisləridir:

“Bugün həm hakimiyyət, həm də Ermənistanda hakimiyyətin devrilməsinə çalışanlar həmin nəslin davamçılarıdır. Bizdə siyasətçilər yoxdur, yalnız natiqlər var. Onların bir qismi xalqı sakitləşdirmək, digər qismi isə ona inamsızlığın və gələcək qarşısında qorxunun təlqini üçün revanşist ritorikaya üz tutur. Halbuki, mənim şəxsi qənaətimə görə vətəndaşlar heç kimin vecinə deyil. Ermənistanın yüksək eşelonlarında (deputatlar, qeyri-parlament partiyaları, ziyalılar) aparılan millətçi müzakirələr “strateji müttəfiq” – Putinə tərəf edilən reveranslardır: “Biz burdayıq, biz Sizin maraqlarınıza bundan sonra da xidmət etməyə hazırıq””.

Vanyan Azərbaycan və Ermənistan arasında daha bir müharibənin mümkünlüyü barədə suala da cavab verib:

“Biz indi hərbi əməliyyatların “dondurulmuş” statusuna qayıtmışıq, amma müharibə davam edir. Erməni-Azərbaycan müharibəsi 30 ildir ki, davam edir. İqtisadi və insan resurslarının miqyaslı itkisi baş verir. Bizim iki xalqın bir-birini yenidən fiziki baxımdan məhv etməyə nə vaxt başlayacağını deyə bilmirəm. Münaqişənin donunun açılması xarici faktorlardan asılıdır. Amma elə dondurulmuş vəziyyətdə də bu münaqişə öldürür və hələ öldürəcək, adamları təhlükəsiz və ləyaqətli həyat hüququndan məhrum edəcək”.

“Dünya erməniliyi” ideyasını SSRİ yaradıb

Sual: Azərbaycanda bir çoxları düşünürlər ki, ermənilərdə Böyük Ermənistan kimi yanlış ideya formalaşıb və Qarabağ Azərbaycanın bir hissəsidir. Bu barədə siz nə düşünürsünüz?

- Böyük Ermənistanın tarixi xəritələri SSRİ vaxtlarında cızılıb və tirajlanıb. Hansısa geosiyasi faktor kimi “dünya erməniliyi” obrazının yaradılması üçün davamlı iş aparılıb. Bu faktor bugünədək uğurla işləyir. İmperiya (Rusiya imperiyası – red) dağılandan sonra SSRİ xarici siyasətinin layihələrindən biri də erməni dövlətçiliyinin yaradılması olub. Çox məhdud resurslara malik Ermənistan Azərbaycanın 7 rayonunu işğal etdikdən və tanınmamış DQR-in (Dağlıq Qarabağ Respublikasının – red) hərbi təhlükəsizliyi öhdəliyini öz üzərinə götürəndən sonra faktiki olaraq yarımleqal vəziyyətə keçib. Bu situasiyanın uzadılması tədricən suverenliyin itirilməsinə gətirib çıxarıb. Hər bir ermənin yatıb yuxusunda Böyük Ermənistan görməsinə dair söz-söhbətin heç bir əsası yoxdur. Sadəcə olaraq mənim həmvətənlərimin yuyulmuş beyinlərində bir ideya özünə yer edib – tarixə qayıdış bizim başqa xalqlarla ünsiyyətimiz üçün yeganə kanal olmalıdır.

“Biz mismarı ayfonla vuranlardanıq”

Politoloqun fikrincə belə yanaşma müasir dövr üçün qətiyyən işə yaramır:

“Həm vətəndaş, həm də diplomatik səviyyədə belə yanaşma 21-ci əsrin reallıqlarında dirçəlişinə ümid olmayacaq dərəcədə köhnəlib. İfadəli desəm, biz mismarı ayfonla vurmağa çalışanlardanıq və gözləyirik ki, tamaşaçılar bu hərəkətimizə heyran olacaqlar. Bütün normal xalqlar tarixi tarixçilərin ixtiyarına buraxıb onu yalnız turizm biznesinə xidmət üçün adaptasiya edirlər. Biz isə ümumbəşəri dəyərlərdən, qonşularla münasibətləri yoluna qoymaqdan, suverenliyimizdən imtina edib,heç kimə lazım olmayan mismarı vurmağın primitiv və ətalətli hərəkətlərinə üstünlük veririk”.

Ermənistanlı ekspert: Azərbaycanla nəqliyyat əlaqəsinin bərpası çox faydalı olacaq
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

“Biz müharibə edəndə, bizdən istifadə edirlər”

“Bir gün Azərbaycan, Ermənistan və hətta Gürcüstan Rusiyadan xilas olub müstəqil ola bilərlərmi” sualına Vanyan belə cavab verib:

“Ermənistanın, Azərbaycanın və Gürcüstanın ümumi keçmişi var. Bunu tarixçilər, əsl tarixçilər yaxşı bilirlər. Bizim orta əsrlərdəkinə bənzəyən lokal müharibəmiz bizim müharibəmizdir. Bizim dinc yanaşı yaşamağımız da təkcə bizə aid olan məsələdir. Eləki biz bir-birimizlə müharibə edirik, bizdən istifadə edirlər. Təhlükəsiz yaşamağa canatımı yalnız bizim marağımızdadır və buna biz özümüz nail olmalıyıq. Cənubi Qafqaz regionunun inkişafını çətinləşdirən budur. Erməni revanşzminin lətifəyəbənzər təfsiri budur ki, Türkiyənin, Rusiyanın və Azərbaycanın eyni vaxtda zəifləməsini gözləmək lazımdır. Cənubi Qafqaz ümumilikdə ümidsiz şəkildə tənbəlliyin girdabına düşüb. Heç olmasa bunu etiraf etmək lazımdır. Cənubi Qafqaz İttifaqı ideyası əminəm ki, bizim regionumuzda mədəni inqilabın yeganə alternativi və açarıdır. Bu məsələ nə qədər çox müzakirə olunsa, əsl inteqrasiya üçün daha çox şans yaranar və bu, istənilən imperialist qüvvəyə meydan oxuyan ölkələrin bərabərhüquqlu koalisiyasına gətirib çıxarar. İnsan üçün daha yaxşı olanı nədir? Utopiyaya işləmək, yoxsa müharibəyə?”

Ermənistanda “baş satqının" axtarışı gedir

Sual: Hazırda Yerevanda nə baş verir. Paşinyanı istəməyən kimlərdir? Siz onun istefaya gedəcəyini gözləyirsinizmi?

- Əgər daxili informasiya meydanından danışsaq, orta əsr qaydalarına uyğun olaraq indi bizdə başsatqının axtarışı prosesi gedir. Bu prosesin məqsədi adamları yayındırmaq, onların situasiya barədə düşünmək qabiliyyətini kütləşdirmək, onların müharibənin nəticələrinin aradan qaldırılmasında iştirak etmək əzmini sarsıtmaq və onların sülhə canatımının qarşısını almaqdır. Hakimiyyət uğrunda mübarizənin bazar ab-havası yaradılıb, normal insanlar bir tərəfə çəkilmək məcburiyyətindədirlər. Bazar Ermənistanda bərqarar olmuş birpartiyalı sistemin içində gedir. Bugünlərdə Paşinyan özünün Facebook səhifəsində vətəndaşlara gələcəyə baxışlarını formalaşdırmağı təklif etmişdi, çünki onun fikrincə bugünkü hərəkətlər ölkəmizin gələcəyini necə gördüyümüzə tuşlanmalıdır. Baxın, o n legitim baş nazir işini belə icra edir, özünün birbaşa vəzifəsini sosial şəbəkə istifadəçilərinin ixtiyarına verir. Burda nə demək olar? O istefaya gedəcəkmi, onun yerinə növbəti populist , yoxsa Ramzan Kadırov kimi birisi gələcəkmi? Mən gözləmirəm, amma ümid edirəm ki, Gürcüstanda azərbaycanlıların və ermənilərin rəmzi görüşlərini – Təkəli prosesini mümkün qədər tez dirçəltmək lazımdır. Ümid edirəm ki, siyasi konyunktur sülhməramlı aksiyalar üçün azad meydan yaradacaq.

"Paşinyan 7 rayonu müharibəsiz versəydi həyatını təhlükəyə atardı"

Sual: Paşinyan barəsində deyirlər ki, Ermənistan müharibəni demokratiya, onun seçilməsi nəticəsində uduzub...

- Paşinyan və onun komandasının seçkiqabağı proqramı olmayıb. Vətəndaşlar ona hakimiyyətin dəyişilməsi, Ermənistanı işğal etmiş quldurlardan xilas olmaq ümidi ilə səs veriblər. Mən yumşaq desəm, qonşu ölkə ilə dondurulmuş münaqişə şəraitində demokratikləşmə proseslərinə həmişə şübhə ilə yanaşmışam. Bunlar çox təəssüf, mütərəqqi beynəlxqalq icma tərəfindən fəal dəstəklənən imitasiya prosesləri idi və ona gətirib çıxartdı ki, hakimiyyət peşəkar populistin əlinə keçdi. Mən Qərbin maliyyə dəstəyindən danışmıram. Mənəvi və ideoloji dəstəkdən danışıram. Hərbi kazarma rejimində yaşayan ölkədə siyasətdən, insan haqları və azadlıqlardan, demokratik seçkilərdən ciddi şəkildə danışmaq olmaz.Ermənistan müharibəni artıq çoxdan uduzmuşdu. Niyə Nikol Paşinyan 7 rayonu müharibəsiz vermədi? Niyə müvəqqəti köçkünlərin Dağlıq Qarabağ Muxtar Vilayətinə qayıtmasına razılaşmadı? Çünki o belə bir qərar qəbul etsəydi, həyatını riskə atardı. Onu devirərdilər, amma müharibə bütün hallarda başlanardı.

"Putinlə razılaşma yeganə sənəd olaraq qalmamalıdır"

Sual: Dağlıq Qarabağın gələcəyini necə görürsünüz? Azərbaycan prezidenti deyir ki, “Qarabağ – Azərbaycandır”...

- Biz bunu etiraf etmək istəsək də, istəməsək də Ermənistan və Azərbaycan Dağlıq Qarabağı Rusiyanın protektoratına veriblər. Bizim “əbədi” münaqişəmiz bu mərhələdə Rusiya Federasiyası hərbi kontingentinin idarəçiliyinə keçib. Buna baxmayaraq, inanıram ki, Qarabağın gələcəyi Azərbaycan və Ermənistanın gələcəyi ilə şərtlənəcək. Bizim ölkələrimizin öz gələcəklərini qanun müstəvisinə keçirmək və bütün problemləri insan haqları və azadlıqları müstəvisində həll etməsi üçün azacıq şans hələ də var. İki ölkənin ortaq marağı bundadır. Onlar əgər sinxron hərəkət etsələr, uğur qazana bilərlər. Putinlə imzalanmış razılaşma yeganə sənəd olaraq qalmamalıdır. Orada münaqişənin bitdiyini iddia edən gözəl sözlər var. Amma həmin gözəl sözlərin və dinc yanaşı yaşamaq təsəvvürlərinin reallaşdırılması üçün bizim ölkələrimizin birinci şəxsləri arasında birbaşa dialoqa ehtiyac var.

XS
SM
MD
LG