Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:51

Pompeo Çini uyğurların ‘soyqırımında’ ittiham etdi


Mayk Pompeo
Mayk Pompeo

Çin Pompeonun dediklərini rədd edir

Çin Birləşmiş Ştatların Pekini etnik uyğurlar və digər azlıqların soyqırımında suçlamasını rədd edib, bu təsnifatı “zibil parçası” adlandırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq yanvarın 21-də Pekində jurnalistlərə deyib ki, Sintzyan regionunda müsəlman azlıqlarla pis rəftar iddiaları “Çində əvvəllər heç vaxt olmayıb, indi də baş vermir, gələcəkdə də olmayacaq”.

ABŞ-ın insan haqlarından dolayı Pekinə qarşı siyasətinin dəyişməyəcəyi görünür. Yanvarın 20-də prezident andı içəcək Co Baydenin dövlət katibi postunda görmək istədiyi Entoni Blinken yanvarın 19-da deyib ki, Pompeonun dediyini dəstəkləyir.

“Kişiləri, qadınları və uşaqları həbs düşərgələrinə yığaraq onları Çin Kommunist Partiyası ideologiyasının ardıcıllarına çevirmək soyqırımı törətməkdən xəbər verir”, – Blinken senatda posta təyinatı müzakirə olunarkən bildirib.

***

ABŞ-ın vəzifəsini tərk etməkdə olan dövlət katibi Mayk Pompeo bəyan edib ki, Çin etnik uyğurlara və Sintzyanda əksərən müsəlman olan başqa azlıqlara qarşı “soyqırım və bəşəriyyətə qarşı cinayətlər” törədir:

"Mən bilirəm ki, bu soyqırım davam edir və biz uyğurların sistematik məhvinə cəhd edilməsinin şahidi oluruq”.

Dövlət katibi bu bəyanatı yanvarın 19-da, yeni ABŞ prezidenti Co Baydenin inaqurasiyasından bir gün əvvəl verib.

AzadlıqRadiosu yazır ki, bu bəyanatın Sintzyan barədə tənqidlərə əsəbi yanaşan Pekinin hiddətinə səbəb olacağı şübhəsizdir.

Pompeo məhkəmələr də daxil bütün beynəlxalq qurumları Çinin uyğurlara qarşı rəftarına dair şikayətlərə baxmağa çağırıb və əmin olduğunu bildirib ki, ABŞ Çin üzərinə təzyiqlərini bundan sonra da artıracaqdır.

Baydenin keçid komandasının sözçüsü bəyanatın “soyqırımı” ilə bağlı hissəsinə şərh verməkdən imtina edib.

O deyib ki, yeni adminsitrasiya bu kimi məsələlərə yanvarın 20-dən sonra şərh verəcək.

Amma burası bəllidir ki, Baydenin seçki kampaniyası da Çində uyğurlarla rəftarı “soyqrım” adlandırıb.

Mərkəz, yoxsa düşərgə?

BMT-nin təxminlərinə görə Çin Sintzyan vilayətindəki 1 milyonadək uyğuru və əksəriyyəti müsəlmanlar olan başqa azlıqların nümayəndələrini “antiekstremizm mərkəzlərində” saxlayır.

BMT bunu da bildirib ki, milyonlarla insan Çində “həbs düşərgələrinə” salınıb, lakin Pekin bunların“təkrar tərbiyələndirmə mərkəzləri” olduğunda israr edir.

İnsan haqları müdafiəçiləri habelə Çini milyonlarla insanı Sintzyan vilayətindəki əmək düşərgələrində məhbus etməkdə günahlandırırlar.

Pekin bu ittihamları da rədd edir.

Ötən ildən bəri Birləşmiş Ştatlar onların Tayvan, Tibet, Honq Konq və Cənubi Çin dənizindəki fəaliyyətləri ilə bağlı, Çin rəsmilərinin və şirkətlərinin üzərinə sanksiyalar qoyub.

Ötən həftə Tramp administrasiyası Çindən pambıq və pomidor idxalına qadağan qoyub.

Vaşinqton bu məhsulların becərilməsində məcburi əməkdən istifadə edilməsinin, işçilərin maaşlarının verilməməsinin və onların hərəkətinin məhdudlaşdırılmasının əlamətləri olduğunu deyir.

XS
SM
MD
LG