Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

AB ölkəsi Rusiya vaksini alır


Sputnik V vaksini
Sputnik V vaksini

Sputnik V-nin icazəsi altı aylıqdır, daha altı ay uzadıla bilər. Avropa Tibb Agentliyi (ATA) hələ bu vaksinin istifadəsinə yaşıl işıq yandırmayıb

Macarıstan Avropa Birliyində ilk ölkə olaraq Rusiyadan koronavirusa qarşı Sputnik V vaksini almaq üzrə razılaşma imzalayıb.

Baş nazir Peter Siyyarto yanvarın 22-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə Facebook-da canlı yayınlanan brifinq keçirib. O deyib ki, yanvarın 22-də “böyük miqdarda” vaksin üç hissədə göndəriləcək. Nazir əlavə informasiyanın sonra veriləcəyini sözlərinə əlavə edib.

Macarıstanın səhiyyə orqanları Britaniyanın AstraZeneca və Rusiyanın Sputnik V vaksinini təcili istifadəyə təsdiqləyib.

Sputnik V-nin icazəsi altı aylıqdır, daha altı ay uzadıla bilər. Avropa Tibb Agentliyi (ATA) hələ bu vaksinin istifadəsinə yaşıl işıq yandırmayıb.

ATA hələlik, AstraZeneca-nın Oksford Universiteti ilə birlikdə hazırladığı vaksini də təsdiqləməyib, ancaq qərar yanvarın 29-na gözlənir. Qurum indiyədək Pfizer-BioNTech və Moderna vaksinlərini təsdiqləyib.

“Bizə vaksin lazımdır”

Baş nazir Viktor Orban dövlət radiosunda deyib ki, sürətli kütləvi vaksinasiyaya nail olmağın ən yaxşı yolu bir neçə vaksinin istifadəsini təsdiqləməkdir.

Orbanın sözlərinə görə, kütləvi peyvəndləmə başlamayana qədər koronavirus qadağaları qaldırıla bilməz.

“Bizə izahat deyil, vaksin lazımdır”, – Orban vurğulayıb.

Budapeşt Çindən “Sinopharm” şirkətinin hazırladığı vaksini almaq üçün də danışıqlar aparır.

10 milyonadək əhalisi olan Macarıstan yanvarın 21-cən 138 mindən çox vaksin vurulduğunu deyir. Pandemiyanın əvvəlindən Macarıstanda 354 mindən artıq yoluxma, 11 min 713 ölüm qeydə alınıb.

Noyabrın 11-dən Macarıstanda orta məktəblər, otel və restoranlar bağlanıb. Axşam 8-dən sona komendant saatı tətbiq olunur, toplantılar qadağan olunub.

Orbanın deməsinə görə, tibb işçiləri, yaşlılar, pandemiya ilə mübarizə aparanlar peyvənd olunandan sonra normal şərtlərə qayıtmaq üzrə müzakirə başlana bilər.

XS
SM
MD
LG