Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:28

AstraZeneca vaksini yaşı 65-dən yuxarı olanlara 'vurulmasın'


İllüstrativ foto
İllüstrativ foto

Bir dozanın qiyməti, vaksinin paylanma qrafiki, öncədən ödənilən pul – bütün bu məqamlar müqavilədə əksini tapmayıb

Almaniya hökuməti Oksford/AstraZeneca vaksinini yaşı 65 və yuxarı olanlara vurmamağı tövsiyə edir. “The Guardian” qəzeti yazır ki, bunun bir səbəbi sözügedən vaksinin həmin yaş qrupuna təsiriylə bağlı yetərincə informasiyanın olmamasıdır. Robert Kox İnstitutunun vaksinasiya üzrə daimi komitəsi bildirib ki, “vaksinasiyanın yaşı 65-dən yuxarı olanlara təsiri haqda yetərincə məlumat yoxdur”.

Ötən il tədqiqatçılar “Lancet” dərgisində yazırdılar ki, vaksinin yaşlılara təsirini öyrənmək üçün həmin yaş qrupunda koronavirusa yetərincə yoluxma olmayıb.

Oksford Universitetinin professoru Endi Pollard data çatışmazlığının anlaşılan olduğunu deyib. “Yaşlılar bizim sınaqlara gec cəlb olundu, bu səbəbdən yoluxmaların qeydə alınması üçün az zaman qaldı, üstəlik, yaşlılar pandemiyada daha ehtiyatlı davranırlar deyə, xəstəlik səviyyəsi də aşağı olur”, – o deyib.

AstraZeneca da bildirib ki, yaşlılar üzərində sınaqlar gec başlanıb, çünki vaksinin təhlükəsizliyinə digər qruplara vurulandan sonra əmin olmaq istəyiblər.

Amma qəzet yazır ki, bu heç də sözügedən vaksinin yaşlılara təsir göstərməməsi anlamına gəlmir. “Bu, vaksinin səmərəli olmaması demək deyil. Sadəcə, Almaniya hakimiyyətini təmin edəcək yetərli dəlil yoxdur”, – Redinq Universitetindən professor köməkçisi Simon Klark deyib.

Kontraktlarda hansı məsələlər yoxdur

“The New York Times” qəzeti isə vaksin alışı üzrə kontraktlarda çatışmayan məqamlardan yazır. Məqalədə deyilir ki, Avropa Parlamentinin üzvləri bu ay koronavirus vaksinlərinin alınmasına dair ilk açıqlanmış kontraktı oxuyanda çox şeyin çatışmadığını görüblər.

Bir dozanın qiyməti, vaksinin paylanma qrafiki, öncədən ödənilən pul – bütün bu məqamlar müqavilədə əksini tapmayıb.

Almaniyanın CureVac şirkəti ilə Avropa Birliyi arasındakı bu kontrakt hələ ən şəffaf sənədlərdən sayılır.

“Hökumətlər dərman şirkətlərinin vaksin hazırlamasına milyardlar xərcləyiblər, indi dozaları almağa da milyardlar gedir. Amma bu razılaşmaların detalları əsasən gizli qalır, hökumətlər və ictimai səhiyyə təşkilatları dərman şirkətinin gizlilik tələblərinə boyun əyirlər”, – məqalədə deyilir.

Ancaq artıq vaksinasiya bir neçə həftədir gedir və gizlilik hesabatlılığı da çətinləşdirir. Pfizer və AstraZeneca şirkətləri bu yaxınlarda elan etdilər ki, Avropaya vaksini vaxtında çatdıra bilməyəcəklər. Təhlükəli virus mutasiyaları yayıldığından bu məsələ böyük narahatlıq yaratdı. Di gəl, kontraktların şərtləri bərk qorunur deyə şirkətin, yoxsa hökumətin sorğulanması çətinləşir.

Əlçatan sənədlərə görə, dərman şirkətləri çevik çatdırılma qrafikləri, patentin qorunması, nəsə yolunda getməsə məsuliyyət daşımamaq üçün toxunulmazlıq tələb ediblər və buna nail olublar. Bəzi hallarda ölkələrin dozaları ianə etməsi, yaxud yenidən satması yasaqlanır ki, bu da yoxsul ölkələrə vaksin göndərilməsini əngəlləyə bilər.

Məktəblərin bağlanması bir dərd...

2019-cu ildə 55 ölkədə 135 milyon nəfər ərzaq böhranı içində olub, 2 milyard nəfərin isə təhlükəsiz, doyumlu və yetərincə ərzağa daimi çıxışı olmayıb. COVID-19 bu problemləri daha da ağırlaşdırıb, 2020-ci ilin sonunadək daha 121 milyon nəfər kəskin ərzaq çatışmazlığı ilə üzləşib. UNICEF-in hesabatında belə deyilir.

Bundan başqa, pandemiya başlanandan 199 ölkədə məktəblərin bağlanması 1.6 milyard şagirdə təsir göstərib. 150 ölkədə 370 milyon uşaq isə məktəbdə aldığı yeməkdən məhrum olub.

Hesabatda məktəb yeməyi qrafikinin pozulmasının potensial qısamüddətli və uzunmüddətli təsirləri araşdırılır, məktəblərin yenidən açılmasının vacibliyi vurğulanır. Məsələn, qeyd edilir ki, qızlar dərsə getməmək, yaxud daha tez çıxarılmaq riskiylə üzləşirlər. Bu isə pis qidalanmayla nəticələnir, onların özünün və sonradan uşaqlarının sağlamlığına təsir göstərəcək.

“Məktəblər yenidən açılarsa, məktəblərin yemək proqramları uşaqların yaşadığı məhrumiyyəti yoluna qoyar, valideynlərin uşaqlarını, özəlliklə qızlarını məktəbə göndərməsinə stimul verər”, – hesabatda vurğulanır.

XS
SM
MD
LG