Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:14

Hələ səhiyyə işçilərinin yalnız 70 faizi vaksinasiyadan keçib


Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib.

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq tibb işçilərinin 70 faizi vaksinasiyadan keçib.

Bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilir.

Fevral 8-dən etibarən...

Məlumata görə, Strategiyaya uyğun olaraq fevralın 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanacaq: "Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər".

Qurumlar bildirir ki, ikinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən "Məlumat forması"nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə təkrar bildiriləcək: "Yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcək".

Halbuki...

Halbuki, bundan əvvəl rəsmi qurumlar vaksinasiyada ikinci mərhələnin fevralın 1-dən başlanacağını bildirmişdilər.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyətin peyvənd olunacağı bildirilmişdi.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı söylənmişdi. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınacağı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 230 min 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 136 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG