Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:27

'Bu maddə ilə həbsdə olan ancaq odur...'


M.İmanlı
M.İmanlı

Koronavirus yaymaqda suçlanaraq 1 il azadlıqdan məhrum edilən AXCP fəalı Məhəmməd İmanlının vəkili onun ayrıseçkiliyə məruz qaldığını deyir. Vəkil Əsabəli Mustafayev bu haqda fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb. Bu məhkəmədə M.İmanlı haqqında hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.

Vəkil bildirib ki, M.İmanlı həbsindən öncə COVID-19 daşıyıcısı olmayıb. Bunu təsdiqləyən heç bir sübut da yoxdur. İttihamın əsassız olduğunu vurğulayan vəkil M.İmanlı haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Amma vəkilin bu vəsatəti təmin edilməyib. M.İmanlının məhkəmənin yekun qərarına qədər ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması) baxılması haqda vəsatətlər də nəticəsiz qalıb.

"İttiham əsaslı olsaydı belə, indiyədək bu maddə ilə təqsirləndirilənlərin heç biri həbsdə saxlanmayıb. Onlar ya ev dustaqlığında olub, ya da polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Bu maddə ilə həbsdə olan Məhəmməd İmanlıdır. Bu da ona qarşı ayrıseçkilikdir. Məhəmməd İmanlı ali təhsillidir, iki körpə uşağı var. Onun israrla həbsdə saxlanması ona qarşı qərəzdən xəbər verir", – vəkil bildirib.

Bu iş üzrə məhkəmə baxışı fevralın 16-na təyin edilib.

Xatırlatma

M.İmanlı da CM-in 139-1.1 (karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə irəli sürülmüş ittihamın saxta olduğunu, siyasi baxışlarına görə həbs edildiyini deyir. O, 2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündən sonra AXCP fəallarına qarşı başlanan kütləvi həbs dalğası zamanı tutulduğunu bildirib. Onun sözlərinə görə, dörd gün Sabunçu rayon Polis Şöbəsində saxlanılıb, bu müddətdə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri tərəfindən yürüşlə əlaqədar dindirilib. Dörd gündən sonra isə ona koronavirus yayma ittihamı irəli sürülüb.

Cinayət işinin materiallarında M.İmanlının küçədə gedərkən karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb bölməyə gətirildiyi, müayinə zamanı onun COVID-19 daşıyıcısı olduğu yazılıb. M.İmanlı isə bildirir ki, yalandır, onu iyulun 16-da yaşadığı evdən sahə müvəkkili gəlib aparıb.

XS
SM
MD
LG