Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:25

Politoloq: 'Burada əsas söz sahibi Rusiyadır'


Dağlıq Qarabağda Rusiya sülhməramlıları
Dağlıq Qarabağda Rusiya sülhməramlıları

Son aylar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərləri davam edib. Belə son səfərlərin birini fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan gerçəkləşdirib. Ermənistanın Baş Prokurorluğuna istinadən yerlə kütləvi informasiya vasitələri (KİV) məlumat verib ki, o, Xankəndinə gələrək Azərbaycanın separatçı saydığı qurumun axtarışa verdiyi başçısı Araik Arutyunyanla görüşüb.

Hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. O deyirdi ki, bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabı sərt olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi Yerevanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

A.Abbas
A.Abbas

"Yuxuda görmədiyimizi həyatda gördük"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə bildirib ki, hər şeyin öz vaxtı var: "Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan 20 min kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən birə hər şeyi həll etmək mümkündürmü?".

Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək: "10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".

"Çünki Azərbaycan hökuməti bildirib ki..."

A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".

Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".

Ş.Cəfərli
Ş.Cəfərli

"Onlar Azərbaycandan icazə almağa ehtiyac duymurlar"

Politoloq Şahin Cəfərlinin isə AzadlıqRadiosuna deməsinə görə, Qarabağda Azərbaycanın suverenliyi bərqərar olmayan ərazilərdə söz sahibi Rusiya sülhməramlı qüvvələridir: "Yəni, əslində Rusiya dövlətidir. Təbii ki, Ermənistan bunu bilir və bu vəziyyətdən yararlanır. Onlar Azərbaycana müraciət etməyə, Azərbaycandan icazə almağa ehtiyac duymurlar, çünki burada əsas söz sahibi Rusiyadır".

"Sergey Lavrovun mətbuat konfransında..."

Politoloq da xatırladıb ki, Ermənistan rəsmilərinin Qarabağa səfərləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığı olmuşdu: "Amma bir müddət sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mətbuat konfransında ona bu mövzuda sual veriləndə o cavab verdi ki, Ermənistan nümayəndələrinin Qarabağa səfərlərində qeyri-adi heç nə yoxdur və bu, əslində əldə olunmuş razılaşmalarda nəzərdə tutulan bir məsələdir. O qeyd etmişdi ki, 10 noyabr razılaşmalarının həyata keçirilməsində həm Azərbaycan, həm Ermənistan rəsmiləri iştirak edib və bu baxımından, Qarabağa Ermənistan rəsmi şəxslərinin səfərlərində təəccüblü heç nə yoxdur. Yəni, faktiki olaraq Rusiya bu səfərləri dəstəkləyir. Ona görə də Azərbaycan hökuməti hələ ki, bu məsələyə müdaxilə edə bilmir".

"Ortada bir sülh müqaviləsi yoxdur"

Ş.Cəfərlinin sözlərinə görə, münaqişəyə tam nöqtə qoyulmayıb: "Ortada bir sülh müqaviləsi yoxdur. 10 noyabr 2020-ci il tarixli bəyanat yalnız atəşkəs razılaşmasıdır və müəyyən digər məqamları əhatə edən bir razılaşmadır. Amma konflikti tam həll edən və bu münaqişə ilə bağlı bütün məsələləri tənzimləyən bir yekun razılaşma hələ ki, ortada yoxdur. Ona görə müxtəlif qeyri-müəyyənliklər və boşluqlar var. Ermənistan da təbii ki, bu boşluqlardan istifadə edir və Rusiya buna şərait yaradır".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG