Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:31

Kreml Paşinyanın İskander barədə etirafından məmnundur


Dmitri Peskov
Dmitri Peskov

Kreml Rusiya istehsalı İskander raketləri barədə Ermənistanın baş naziri Nikol Paşinyana yanlış məlumat veridiyinə dair Yerevandan verilən bəyanatdan məmnundur.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov RIA Novosti agentliyinə deyib ki, Paşinyan Vladimir Putinlə telefon söhbətindən bu nəticəyə gəlib ki, ona raket sistemi barədə yanlış məlumat verilib.

Ötən həftə Ermənistan baş naziri Qarabağ müharibəsi zamanı atılan İskander taktiki-əməliyyat raketlərinin cəmi “10 faiz” partladığını bildirmişdi.

Paşinyan bu bəyanatı ilə keçmiş prezident Serj Sarkisyanın tənqidlərinə cavab vermişdi.

Sarkisyan bildirmişdi ki, o İskander raketlərinin niyə Qarabağ müharibəsinin ilk günlərində atılmamasından təəccüblənib.

Martın 1-də Ermənistan baş nazirinin mətbuat katibi bildirib ki, Putin və Paşinyan onun bu bəyanatını müzakirə ediblər:

“Mövcud faktların müqayisəsi və məlumatlar əsasında Ermənistanın baş naziri bu qənaətə gəlib ki, sözü gedən situasiya ilə bağlı ona düzgün məlumat verməyiblər”.

Dmitri Peskovsa deyib ki, “bu məsələdə həqiqətin bərqərar olması son dərəcə mühümdür”.

Böhranı dərinləşdirən bəyanat

Paşinyanın İskander raketləri barədə bəyanatından sonra Ermənistanda siyasi böhran başlanmışdı.

Media xəbərlərində deyilirdi ki, Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini baş nazirin bəyanatını lağa qoyduğuna görə istefaya göndərilib.

Bunun ardınca Paşinyan qərargah rəisinin də istefaya göndərilməsi barədə qərar verib.

Daha sonra Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edib.

Paşinyan bu tələbi “dövlət çevrilişi cəhdi” adlandırıb və tərəfdarlarını küçələrə çağırıb.

Buna cavab olaraq müxalifət parlamentin binası qarşısında çadırlar qurub və Paşinyanın istefası tələbini səsləndirib.

Müxalifət iqtidarla heç bir dialoqa getməyəcəyini bildirib.

XS
SM
MD
LG