Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:48

'Quo Vadis, Aida?'


 "Quo Vadis, Aida?" filmindən kadr
"Quo Vadis, Aida?" filmindən kadr

Yasmila Jbaniçin insanı çalxalayan "Quo Vadis, Aida?" filmi 1995-ci ildə baş vermiş Srebrenitsa qırğını haqdadır. Aida (Yasna Djuriçiç) kiçik bir tikilinin üstünə çıxıb tikanlı məftillərin üzərindən yorğun bədənlər və qorxu dolu üzlər dənizinə tamaşa edir. O onların arasında ailə üzvlərini tapmağa çalışarkən kamera tamaşaçıya kütləni və Aidanın çarəsiz baxışlarını göstərir. Faciənin nəhəngliyi tamaşaçıya çatdırılır.

Aida bəzən əlində meqafonla digər qaçqınlara verilən təlimatları tərcümə edir. O dediyi sözlərin mənasız, vədlərin boş və yalan olduğunu bilir. Onu da bilir ki, bu vəziyyətdə həqiqəti demək partlayıcı nəticə verə bilər.

Kölgədə qalmayan detallar

"The Los Angeles Times" qəzetində çıxan rəydə deyilir ki, "Küləklə sovrulanlar"dan bu yana çəkilmiş kütləvi səhnələr tamaşaçıya həddindən artıq detal çatdırmaqla onu keyləşdirə və iztirabı abstraksiyaya çevirə bilir. Ancaq 102 dəqiqəlik "Quo Vadis, Aida?" filmində detallar kölgədə qalmır.

Filmin həm ssenari müəllifi, həm də rejissoru olan Jbaniç təzəlikcə Britaniya Kino Akademiyasının (BAFTA) mükafatına namizəd göstərilib.

Filmdə rejissor diqqətini Srebrenitsada məktəb müəllimi işləyən Aidanın üzərində cəmləyib. Müharibə vaxtı o, BMT üçün tərcüməçilik edir. Yaşadığı şəhərin lənətləndiyinə əmin olan Aida ailə üzvlərini bu aqibətdən qorumağa çalışır. Aida zamanla yarışır və əlindən gələni edir. Ancaq məlum olur ki, ailəsi çox nadir istisna kimi həyatda qalardı.

"Quo Vadis, Aida?" filmindən kadr
"Quo Vadis, Aida?" filmindən kadr

Srebrenitsada başlayan hekayət

Filmin hekayəsi 1995-ci ilin iyulunda Bosniyanın şərqində yerləşən Srebrenitsada başlayır. BMT-nin hollandiyalı sülhməramlıları buranı hərbsizləşdirilmiş zona elan ediblər. Jbaniç girişə çox da vaxt sərf etmir. Müharibə üç ildir ki, davam edir və Aida doğma şəhərini dağıtmaqda olan bu dəhşətləri bizə göstərən yeganə bələdçidir. Biz hər şeyi onun gözləri ilə görür, onun sözlərindən anlayırıq. O, şəhərin meri ilə şəhəri qoruyanlar arasında gedən danışıqlara vasitəçilik edir. Biz anlayırıq ki, sayları həddindən artıq az olan BMT qüvvələri Serbiya ordusunun Srebrenitsaya girməsinin qarşısını ala bilməyəcək.

Tezliklə minlərlə mülki şəxs BMT-nin yaxınlıqdakı bazasına yerləşdirilir. Bəziləri içəridə gizlənə bilir. Qalanları isə tikanlı məftillərin arxasında toplaşır və serblərin gəlib çatmasına qədər içəri buraxılmaları üçün yalvarır. Aida gah içəri girir, gah da çölə çıxır, gah yaralıların dediklərini tərcümə edir, gah da BMT rəsmilərinin dediklərini dinləməli olur. Eyni zamanda, əri Nihadın (İzudin Bayroviç) və oğulları Hamdiya (Boris Ler) ilə Seyonun (Dino Bayroviç) təhlükəsizliyi haqda düşünür. Tez-tez gərginlik artır. Uzun gecə ərzində Aida keşikçi ilə söhbət edir. Öz ailəsi ilə danışanda isə israrla nikbin olmağa çalışır və qarşıda daha gözəl günlərin gələcəyini deyir.

Qeyri-adi fiziki və emosional dözüm nümayiş etdirən Djuriçiç Aidanın iti reflekslərini, kəskin zəkası və analıq instinktini çox gözəl çatdıra bilir. Əvvəlcə o inanır ki, serb qoşunları BMT-nin baryerlərini keçməyə cəsarət etməzlər. Ancaq bütün bu illüziyalar dağıldıqca onun gözlərindəki dəhşəti görürük.

"Quo Vadis, Aida?" filmindən kadr
"Quo Vadis, Aida?" filmindən kadr

Aidanın vicdanı

Filmin adındakı latınca məşhur "Quo vadis?" (hara gedirsən?) ifadəsi Apostol Pyotrun Romadakı edamdan qaçmasına işarədir. Bu filmdə bu ifadə Aidanın vicdanına yönəlib. Onun ailəsinin təhlükəsizliyini hər şeydən üstün tutması insani reaksiyadır və onun vəziyyətində olan hər kəsdən gözlənilən hərəkətdir. Film bunu qəbul etsə də, tez-tez icmanın digər üzvlərini görürük. Aida onlar üçün heç nə edə bilmir. Aida yanından qaçaraq keçdiyi zaman tanıdığı bir qadının kömək üçün yalvardığını görür. Ac insanların əlləri serb qoşunlarının ötürdüyü çörək kömbələrini və "Tobleron" qutularını tutur.

Bu qoşunlar general Ratko Mladiçin (Boris İsakoviç) komandanlığı altındadır. Onları əvvəlcə Srebrenitsanın boş küçələrində addımlayarkən, daha sonra şəhər nümayəndələrini yalançı danışıqlara çağırarkən görürük. Aidanın əri, məktəb direktoru Nihad bu nümayəndələrdən biridir.

Bu film, eyni zamanda, vaxtında müdaxilə edərək serb ordusunun şəhərə girişinin qarşısını ala bilməyən BMT-ni sərt tənqid edir. Mladiçin qoşunlarının mülki şəxsləri cinslərə ayıraraq avtobuslara doldurmasını görəndə bu məğlubiyyətin miqyasını daha yaxşı anlayırıq.

İlk dəfə ötən ilin payızında Venesiya kinofestivalında nümayiş olunmuş "Quo Vadis, Aida?" Bosniya və Herseqovinanın "Oskar" mükafatına namizədidir.

XS
SM
MD
LG