Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:09

Azərbaycanda 850 min nəfər ayda 343 manatdan da az maaş alır


'Ən aşağı maaş 700-800 manat olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

'Ən aşağı maaş 700-800 manat olmalıdır'

Ölkədə orta aylıq əməkhaqqında 10 aya 54 manat azalma var.

Karantin rejimi başlarkən – ötən ilin martında Azərbaycanda muzdla çalışanların orta aylıq maaşı 744.5 manat olub. Bu, ovaxtadək qeydə alınan ən yüksək orta aylıq əməkhaqqı idi. Ancaq növbəti aylardan etibarən ölkədə orta aylıq maaşda azalma gözə dəyib. Dövlət Statistika Komitəsinin sonuncu açıqlamasından görünür ki, bu il fevralın 1-nə olan vəziyyətə görə, ölkədə orta aylıq əməkhaqqı 700 manatdan da aşağı düşüb və pandemiyadan əvvəlki dövrlə müqayisədə 7.2 faiz azalaraq 690.9 manat olub.

Ötən il aprelin 1-nə olan duruma görə, Azərbaycanda 1 milyon 646 min muzdlu işçi varmış və bu işçilərin 912 min nəfəri (55 faizi) iqtisadiyyatın dövlət, 734 min nəfəri isə (45 faizi) qeyri-dövlət sektorunda çalışırmış. Hazırda muzdla işləyənlərin sayı 1 milyon 684 min nəfərdir. Yəni, ötən müddət boyunca muzdla işləyənlərin sayı təxminən 38 min nəfər artıb. Maraqlıdır ki, dövlət sektorundakı işçilərin sayı cəmi 3 min nəfər artdığı halda, özəl sektorda bu göstərici 35 min nəfərdir. İqtisadiyyat sektorları üzrə artımın təhlili göstərir ki, muzdla çalışanların sayca artımı, əsasən, karantin rejiminin gətirdiyi məhdudiyyətlər çərçivəsində, sadəcə, rəsmi iş yeri olanların iş icazəsi ala bilməsindən və hökumətin dəstək tədbirlərindən yararlana bilməsindən qaynaqlanır.

Hansı sektor daha çox itirib?

Orta aylıq əməkhaqqının sektorlar üzrə dəyişməsinə baxanda aydın olur ki, qeyd edilən müddət ərzində ölkədə dövlət sektorunda çalışanların maaşı 634 manatdan 603 manata geriləyib, yəni, təxminən 5 faiz azalıb. Özəl sektorda isə ötən ilin 1 aprelində orta aylıq əməkhaqqı 893 manata bərabər idisə, bu ilin fevralında həmin göstərici 796 manata enib. Başqa deyimlə, 100 manata yaxın (11 faiz) azalıb.

Hansı peşə sahibləri azalmanı daha çox hiss edib?

Azərbaycanda iqtisadi fəaliyyət növləri arasında ən yüksək maaş hər zaman mədənçıxarma sənayesində qeydə alınır. Pandemiyanın başlanğıcında bu sektorda fəaliyyət göstərənlərin orta aylıq maaşı ölkə üzrə orta aylıq əməkhaqqından beş dəfə çox – 3 min 800 manat olub (dövlət sektorunda 1 min 711, özəl sektorda 5 min 195 manat). Sonuncu rəqəmlərə görə isə, mədənçıxarma sənayesində orta aylıq maaş 3 min 365 manata enib. Başqa sözlə, 11 faiz və ya 435 manat azalıb (dövlət sektorunda - 5, özəl sektorda - 15 faiz).

Ölkədə ikinci ən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsindədir. Bu sektorda orta maaşın miqdarı hazırda 1 min 597 manat olsa da, ötən ilin aprelində həmin göstərici 1 min 707 manat idi. Bu baxımdan maliyyə və sığorta sektorunda çalışanlarda orta aylıq əməkhaqqı təxminən 6.5 faiz azalıb.

Daşınmaz əmlakla bağlı əməliyyat aparanlar, inzibati və yardımçı xidmət göstərənlər orta aylıq əməkhaqqının azalmasını ən çox hiss edənlərdir. Bu fəaliyyət istiqamətləri üzrə orta maaşdakı azalmalar, uyğun olaraq, 21.5 və 20.1 faizə bərabərdir.

Pandemiya dönəmində daha çox qazananlar

Sözügedən zaman içində 18 fəaliyyət istiqamətindən cəmi üçündə orta aylıq əməkhaqqında azalma deyil, artım qeydə alınıb. Ən çox artım "Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı"nda gözə çarpıb. Həmin istiqamətdə fəaliyyət göstərən işçilərin orta alıq maaşı 10 ay ərzində 70 manat və ya 10 faiz artaraq 762 manata yüksəlib. İkinci ən çox artım olan istiqamətsə "Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi"dir - burada orta aylıq əməkhaqqındakı artım 8 faiz olub.

Azərbaycanda müxtəlif fəaliyyət istiqamətləri üzrə pandemiyanın başlanğıcında və hazırda orta aylıq əməkhaqqı ilə bağlı göstəricilər belədir:

İqtisadi fəaliyyət növü

Orta aylıq əməkhaqqı (01.04.2020)

Orta aylıq əməkhaqqı (01.02.2021)

Dəyişmə

Ölkə üzrə

744.5

690.9

-7.2%

Kənd və meşə təsərrüfatı, balıqçılıq

424.9

404.1

-4.9%

Mədənçıxarma sənayesi

3798.9

3364.6

-11.4%

Emal sənayesi

688.2

657.6

-4.4%

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

692.7

762.1

10%

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

573.3

566.2

-1.2%

Tikinti

892.8

835.9

-6.4%

Ticarət, nəqliyyat vasitələrinin təmiri

588.2

520

-11.7%

Nəqliyyat və anbar təsərrüfatı

903.7

888.3

-1.7%

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

588

553

-6%

İnformasiya və rabitə

1079.1

1073.7

0.5%

Maliyyə və sığorta fəaliyyəti

1707.6

1597.2

-6.4%

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

715.4

561.1

-21.5%

Peşə, elmi və texniki fəaliyyət

1145.7

1011.1

-11.7%

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

530.8

424.2

-20.1%

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

938.4

865.8

-7.7%

Təhsil

528.7

505.8

-4.3%

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

456.2

492.3

8%

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

512.5

516.7

0.8%

İşçilərin gəlir səviyyəsini müəyyənləşdirmək baxımından orta aylıq maaşla yanaşı, median əməkhaqqı anlayışı da vacib rol oynayır. Məlumdur ki, orta aylıq maaş (çoxluğuna və azlığına baxmadan) ölkədə bütün işçilərin toplam maaşının onların sayına nisbəti ilə hesablanır. Median əməkhaqqı dedikdə isə minimumdan maksimumadək maaş sıralamasında ən ortadakı rəqəm nəzərdə tutulur. Azərbaycanda uzun illərdir median əməkhaqqı miqdarı dilə gətirilməsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda həmin göstəricini açıqladı və məlum oldu ki, ölkədə median maaş 343 manatdır. Bu isə o deməkdir ki, ölkədə maaş alan və sayı 1.7 milyona yaxın olan işçilərin təxminən 850 min nəfərinə 343 manatdan da az əməkhaqqı verilir.

XS
SM
MD
LG