Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:06

Putin və Lukaşenka yenə də ‘vahid dövlətdən’ danışıblar


Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Arxiv fotosu)
Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Arxiv fotosu)

Belarusun avtoritar rəhbəri Alyaksandr Lukaşenka Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Putin, ötən ilin prezident seçkisindən sonra öz ölkəsində hakimiyyətini qoruyub saxlamağa çalışan Lukaşenkaya dəstəyini davam etdirir.

Putin və Lukaşenka görüş zamanı Rusiya və Belarus arasında ittifaq dövlətinin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya prezidenti bildirib ki, “bizim komandalarımız ittifaq dövlətinin qanunvericilik əsaslarını inkişaf etdirməklə məğuldurlar”.

Lukaşenka isə deyib ki, “biz ittifaq proqramlarına doğru fəal hərəkət edirik”.

Lukaşenkanın Putinlə görüşündən əvvəl belə ehtiyatlanmalar yaranmışdı ki, o Belarusda davam edən etirazlara qarşı Rusiya liderinin dəstəyinin müqabilində ölkəsinin suverenliyindən güzəştlər edə bilər.

“Mən Belarusu müstəqil görmək istəyirəm”

Aprelin 21-də qonşu Litvada ABŞ-ın Belarusa yenicə təyin edilmiş səfiri Culi Fişerlə görüşən müxalifət lideri Svyatlana Tixanovskaya deyib ki, Belarus öz müstəqillik və suverenliyini qoruyub saxlamalıdır:

“Mən Belarusu müstəqil, azad və bütün başqa ölkələr, ilk növbədə qonşularla qarşılıqlı faydalı münasibətlərdə görmək istəyirəm”.

Tixanovskaya seçkidən sonra Belarusda təzyiqlərlə üzləşdikdən sonra qonşu Litvaya qaçmalı olub.

Səfir Culi Fişer (solda) və Svyatlana Tixanovskaya aprelin 21-də Vilnüsdə görüşüblər
Səfir Culi Fişer (solda) və Svyatlana Tixanovskaya aprelin 21-də Vilnüsdə görüşüblər

Moskvada keçirilən sammit Belarusda çevriliş, Minskin blokadaya alınması və guya Lukaşenkaya qarşı sui-qəsdin hazırlandığına dair iddialardan sonraya təsadüf edir.

Rusiyanın təhlükəsizlik xidmətləri Moskvada Lukaşenkaya qarşı sui-qəsd hazırlayan bir neçə nəfərin saxlandığını iddia edib.

Lukaşenka Putinlə görüşündə deyib ki, Rusiya və Belarus “heç kimin keçməyə cürət etmədiyi xətlər” müəyyən etməlidirlər.

ABŞ səfiri Belarusun indiki vəziyyətində…

ABŞ səfiri Fişer aprelin 21-də Vilnüsdə bəyan edib ki, onun Tixanovskaya ilə görüşü ABŞ-ın Belarus xalqının yanında olmasının aydın işarəsidir:

“ABŞ-ın Belarusdakı səfiri kimi mənim prioritetim bu dəstəyi həyata keçirməkdir”.

Fişer ABŞ-ın Belarusdakı səfiri vəzifəsinə dekabrda təyin edilsə də, etimadnaməsini rəsmi Minskə təqdim etməyib.

O 2008-ci ildən bəri ABŞ-ın Belarusdakı ilk səfiri olmalıdır.

Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 21-də deyib ki, xanım Fişer Belarusdakı hazırkı şəraitdə səlahiyyətlərinin icrasına başlaya bilməz:

"Səfirin Minskə gedə bilməsi çox güclü siqnal olardı. Amma biz Belarusda insan haqları pozuntularının, repressiyaların davam etdiyini gördükcə, heç bir işbirliyindən söhbət gedə bilməz”.

Fişer Tixanovskaya ilə görüşündə deyib ki, beynəlxalq icmanının Belarusda baş verənlərə qarşı çıxması çox mühümdür:

“Biz bildirməliyik ki, baş verənləri diqqətlə izləyirik və Belarusdakı bütün siyasi məhbusların azad olunmasına çağırırıq”.

Xatırlatma

Avqust seçkisindən sonra Belarusda görünməmiş siyasi çaxnaşma başlayıb. Müxalifət 1994-cü ildən ölkəni idarə edən Lukaşenkanın seçkinin nəticələrini oğurladığını deyir.

Etirazlarda 34 mindən çox saxlanan olub. Nümayişçilərin döyüldüyü, digər insan haqları pozuntularının baş verdiyi bildirilir.

Qərb Lukaşenkanın qələbəsini tanımır. Rusiyadan başqa bir neçə ölkə onu Belarus prezidenti kimi qəbul edir.

Müxalifətin bir çox liderləri ölkədən gedib.

ABŞ və Avropa Birliyi Lukaşenka rejiminə bağlı fərdlərə və şirkətlərə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG