Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:21

Miyatoviç də Hərbi Qənimətlər Parkından narazı qalıb - XİN-in şərhi


İlham Əliyev Hərbi Qənimətlər Parkında
İlham Əliyev Hərbi Qənimətlər Parkında

Komissar məktubunda qeyd edir ki, ən tez və uyğun bir zamanda Azərbaycana səfər etməyə hazırdır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Avropa Şurasının İnsan hüquqları üzə komissarı Dunya Miyatoviçin prezident İlham Əliyevə ünvanlanan məktubuna münasibət bildirib.

Qurumun qeyd etməsinə görə, münaqişə 30 ilə yaxın davam edib, humanitar əziyyətlərə səbəb olub və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub: "Lakin bütün bu iztirablar və hüquq pozuntuları "Komissarın mandatına aid olmaması" bəhanəsi ilə həm hazırkı komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb".

Açıqlamaya görə, Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində Ermənistanın işğal illərində bu ərazilərdə törətdiyi böyük miqyaslı dağıntılar üzə çıxıb: "Bundan əlavə, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistan bir sıra dəhşətli müharibə cinayətləri törədib. Cəbhə bölgəsindən uzaqda yerləşən və sıx məskunlaşmış Gəncə, Bərdə... eləcə də Azərbaycanın digər şəhərlərinin ballistik raketlərlə atəşə tutulması yüzdən çox günahsız mülki şəxsin öldürülməsi ilə nəticələndi".

Açıqlamaya görə, yenə də bütün bu dəhşətli faktlara Avropa Şurasının İnsan hüquqları komissarı nəzər yetirməyib.

XİN bildirir ki, məktub komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına alır və bu, Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə bilər: "Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması, onun barışıq və barışığın təşviq edilməsi kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir".

***

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubu aprelin 27-də yayıb. O, Dağlıq Qarabağ və ətrafındakı münaqişədən ziyan görmüş icmalar arasında onsuz da dərin yara açmış ədavətin kök salmaması və böyüməməsi üçün maksimum ehtiyatlı davranmağa çağırır.

Komissar bu konteksdə Bakıda yeni salınmış “Hərbi Qənimətlər Parkı”ndan narahatlıq bildirir. Həmin parkda müharibədə Ermənistan ordusundan qənimət götürülmüş texnika, eləcə də erməni əsgərlərinin manekenləri yerləşdirilib.

Hərbi Qənimətlər Muzeyi müzakirələrə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:06:20 0:00

“Bu təsvirləri aşırı narahatedici və alçaldıcı hesab edirəm. Bu cür göstəri çoxdankı ədavətli hissləri və nifrət çıxışını daha da qızışdıra və gücləndirə bilər, dözümzsüzlüyü təbliğ edər”, – komissar vurğulayır.

Miyatoviç prezidenti düşmənçilik və nifrəti alovlandıracaq ritorika və hərəkətlərə qarşı qəti mövqe sərgiləməyə, əvəzində münaqişənin zərbə vurduğu xalqlar arasında sülhün və barışığın təbliğinə yönəlik cəhdlərə tam siyasi dəstək verməyə səsləyir.

Komissar məktubunda qeyd edir ki, ən tez və uyğun bir zamanda Azərbaycana səfər etməyə hazırdır. Ancaq mandatına uyğun olaraq ona ölkə daxilində insan haqlarına aidiyyatı olan bütün yerlərə çıxış verilməlidir.

Xatırlatma

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Ancaq Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Bakıda Hərbi Qənimətlər Parkının açılmasını, orada Ermənistanın hərbi texnikası ilə yanaşı əsgərlərin şəxsi əşyalarının və dəbilqələrinin də nümayişini həmin ölkənin Xarici İşlər Nazirliyi də pisləyib, bunu müharibədə “həlak olanların, itkin və əsir düşənlərin xatirəsinin açıq şəkildə alçaldılması, onların ailələrinin hüquq və ləyaqətinin pozulması” adlandırıb.

Azərbaycan XİN isə bildirib ki, 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilər beynəlxalq hüququn bu ölkəyə verdiyi haqla azad edilib. “...Dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır...” – nazirlik bəyanatında qeyd edib.

Hərbi Qənimətlər Parkı Azərbaycanda sosial media istifadəçilərini də iki cəbhəyə ayırıb. Bir qrup bu addımı humanizm prinsiplərinə zidd hesab edir, digər qisim isə dünyanın bir çox yerlərində, o cümlədən Avropa ölkələrində hərbi trofeylərin sərgilənməsinə diqqət çəkirlər.

XS
SM
MD
LG