Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Navalnı Peterburqun mərkəzində ‘görünüb’


Rusiyanın Sankt Peterburq şəhərində Kremlin qatı tənqidçisi, hazırda həbsxanada olan Aleksey Navalnının divarda çəkilmiş portreti peyda olub.

Lakin prezident Vladimir Putinin doğma şəhərində hakimiyyət orqanları bu qraffitinin yalnız bir neçə saat qalmasına imkan veriblər.

Portret kommunal təsərrüfat işçiləri tərəfindən dərhal rənglənərək görünməz edilib.

Bu portretdə Putinin əsas rəqibi gülümsəyirdi və barmaqları ilə “ürək” işarəsi göstərirdi.

Plakatın üstündə “Yeni dövrün qəhrıəmanı” sözləri yazılmışdı.

Qraffiti Sankt Peterburqun mərkəzində Puşkarski parkındakı binanın divarında çəkilmişdi.

Aprelin 28-ə keçən gecə çəkilmiş rəsmin müəllifi bilinmir.

Xəbər verilir ki, aprelin 28-də polis sözü gedən binanın yanına artıq rəngsazlar dəstəsi ilə gəlib.

Onlar portretin üstünü sarı boya ilə örtüblər.

Navalnının vəkili Lyubov Sobol bu barədə Twitter-də yazıb:

"Sankt-Peterburdakı bu gözəl Navalnı qraffitisinin üstünü tez bir zamanda boya ilə örtüblər. Onlar canlı və gözəl olan nə varsa hamısını beləcə simasızlıq və ölümlə əvəzləyirlər. Biz Rusiyanın xoşbəxtliyini, onlar isə bədbinlik və durğunluğunu istəyirlər”.

Bəzi Twitter istifadəçiləri qeyd edirlər ki, polis bu portretə hətta zorakı cinayətlərdən daha çevik reaksiya verib.

Bu hadisə məhkəmə Navalnının Antikorrupsiya Fondunun “ekstremist” təşkilat olması barədə hökm verəndən bir gün əvvəl olub.

Məhkəmənin bu qərarı beynəlxalq və yekli insan haqları təşkilatları tərəfindən qətiyyətlə pislənib.

Məhkəmənin sözü gedən qərarı Navalnı tərəfdarlarının həbsinə və azadlıqdan məhrum edilməsinə yol açır.

Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG