Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:00

Koronavirus barədə ‘yaxşı’ və başqa xəbərlər


İngiltərədə koronavirusa yoluxmaların təxmin edilən sayında bir həftədə 40 faiz azalma qeydə alınıb.

The Independent yazır ki, bu, Britaniya hökumətində onun pandemiyadan çıxış planının işləyəcəyinə ümidlər yaradıb.

İngiltərə Milli Statistika İdarəsinin verdiyi məlumata görə fərdi evlərdə yaşayan əhali arasında aprelin 24-dək olan bir həftədə koronavirusa 54200 yoluxma qeydə alınıb. Bu, bir həftə əvvəl qeydə alınmış 90 min yoluxmadan xeyli azdır.

Bu, həm də ötən il sentyabrın 5-də bitən həftədən bəri ən aşağı göstəricidir.

İngiltərədə karantin məhdudiyyətləri aprelin 12-dən qismən qaldırılıb.

Aprelin 30-da Britaniya üzrə vaksinin birinci dozası vurulanların sayı 35 milyon nəfərə yaxınlaşıb.

Bunlardan 14,5 milyon nəfəri ikinci doza ilə də peyvənd olunub.

Vaksinlər virusa əvvəllər yoluxanlarda daha effektivdir

Bu arada alimlər bildiriblər ki, vaksinlər koronavirusu artıq keçirmiş adamlarda onun müxtəlif ştamlarına qarşı daha effektiv təsir göstərir.

Alimlər bunu da qeyd edirlər ki, vaksinin yalnız bir dozası vurulmuş, lakin keçmişdə bu virusa yoluxmamış adamların müxtəlif virus variantlarına immun reaksiyası bəzən az ola bilər.

Bununla müqayisədə infeksiyanı artıq keçirmiş insanlar vaksinin bir dozası ilə də güclü müdafiə qazanmış olurlar.

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Sky News şəbəkəsinin bidlirdiyinə görə Londondakı İmperiya Kollecinin tibb işçiləri arasında apardığı müşahidələr göstərib ki, COVID-19-a əvvəllər yoluxmuş və xəstəliyi zəif simptomla və ya simptomsuz keçirmiş şəxslərdə Pfizer/BioNTech vaksinin bir dozası Kent və Cənubi Afrika variantlarına qarşı güclü immun müdafiəsi yaradır.

Alimlər düşünürlər ki, bu hallarda vaksinlər Braziliya və Hindistan variantlarına qarşı da eyni immun reaksiyası verəcəklər.

İmperiya Kollecinin professoru Danny Altmann düşünür ki, əvvəllər virusa yoluxmayanların vaksinin birinci dozasına immun reaksiyası “cüzi” ola bilər.

İkinci dozanın vurulmasını zəruri edən də elə budur.

Daha təhlükəli Anqola variantı

City A.M. qəzeti yazır ki, ilk dəfə Tanzaniyadan Anqolaya uçan təyyarə reysində aşkar edilmiş koronavirus ştammı dünyanın ən çox mutasiyaya uğramış COVID-19 variantıdır.

Virusun bu variantı 34 mutasiyanın daşıyıcısıdır və bunların arasında insanın immun sistemindən yayına bilən mutasiyalar da var.

E484K kimi tanınan bu mutasiya insanın anticismlərindən yan keçməyi bacarır, bu isə o deməkdir ki, virusun bu variantı atrıq koronavirus infeksiyası keçirmiş adamlara da yoluxa bilər.

Virusun bu ştammı fevral ayında Tanzaniyadan Anqolaya uçan üç sərnişində aşkar olunub.

Harvard Universitetinin professoru Uilyam Hezeltayn bildirir ki, mutasiya sayının çoxluğu bu virusu “son dərəcə təhlükəli” edir.

Təhlükəli, amma “tanış”

Maraqlısı budur ki, alim The Sun qəzetinə müsahibəsində koronavirusun bu variantının bütün başqa variantlar kimi B1 ştammından qaynaqlanmadığını deyıb.

Professor Hezeltayn deyib ki, bu mutasiyalar insan orqanizmində virusun konsentrasiyasını artıra və beləliklə, onu daha yoluxucu edə bilər.

Alim bildirir ki, Anqola variantı kimi tanınan bu variant virusun yüksək dəyişkənliyini nümayiş etdirir:

“Başlanğıcda hamı ümid edirdi ki, koronavirus nisbətən sabit qalacaq, amma indi bunun belə olmadığını görürük”.

Bundan az əvvəl Braziliyada koronavirusun daha ölümcül və daha yoluxucu bir variantı da aşkar edilib.

Alimlər bu virusun 18 müxtəlif mutasiyadan yarandığını bildirirlər. Bu variantda hətta Braziliya, Britaniya və Cənubi Afrika variantlarının mutasiyaları da var.

“Yaxşı xəbər” bundan ibarətdir ki, bu mutasiyaların əksəriyyəti ilə alimlər artıq tanışdırlar.

XS
SM
MD
LG